"Oğuz" MAQ

"OĞUZ" MAQ-ın əsas məqsədi elmi araşdırmalarla məşğul olan müstəqil tədqiqatçıları öz sıralarında birləşdirməklə xalqımızın milli-mənəvi dəyərlərini, mədəni irsini, tarixini, adət-ənənələrini öyrənmək və təbliğ etmək, bu istiqamətlərdə araşdırmalar aparmaq, gənclərin elmi maariflənməsinə yardımçı olmaq, əhalinin maariflənməsinə və milli şüurun yüksəldilməsinə kömək etmək, milli dövlətçiliyin inkişafına yardımçı olmaqdır.

Birliyin ilk Təşəbbüs qrupu 8 may 2002-ci ildə, Təşkilat Komitəsi 8 dekabr 2002-ci ildə yaradılıb. 24 aprel 2004-cü ildə Ümumi Yığıncaq keçirilmiş və birlik təsis olunmuşdur. Bu müddət ərzində bir neçə uğurlu layihəyə imza atan Birlik, 2005-ci ildə fəaliyyətinə bir müddət ara vermiş və təkrar 2009-cu ilin sentyabr ayında fəaliyyətini bərpa etmişdir. 


Təşkilat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 aprel 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Birliyin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Zifəroğludur.

Birlik “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın təsisçilərindəndir.

Birliyin ali orqanı ildə azı bir dəfə çağırılan Ümumi Yığıncaqdır. Yığıncaqlararası dövrdə təşkilatın fəaliyyətini tənzimləyən orqan İdarə Heyətidir (İH). Nəzarət Təftiş Komissiyası (NTK) Birliyin ümumi fəaliyyətinin Nizamnaməyə uyğun olmasına nəzarət edir. 

Birlik adını ümumtürk tarixində özünəməxsus yeri olan tarixi mifoloji şəxsiyyət Oğuz Xaqanın adından götürüb. Bilindiyi kimi mifoloji təsəvvürə görə, Oğuz xaqan, türk etnosunun oğuz qrupuna aid olan xalqların, o cümlədən azərbaycanlıların əcdadı hesab edilir. Məhz ona görə, birlik bu tarixi şəxsiyyətin adını birliyin adı kimi götürməyi məqsədəuyğun hesab etmişdir.

Bu səbəbdən də, "OĞUZ" MAQ İB emblemi özündə Türk mifoloji qaynaqlarının zəngin məlumatlarını və qədim Türk simvolikasını əks etdirir. Emblem firuzəyi (türkmavisi) rəngli fon üzərindədir. Bu rəng Türklüyün simvolu kimi qəbul edilib və Oğuzların Türklüyün əsas qolu olduğunu, Türklərinsə Göy Tanrının övladları olduğunu ifadə etməkdədir. Göy Tanrıya olan sonsuz inam ən qədim zamanlardan bəri Türkün daxilində, qəlbinin, ruhunun dərinliklərində olmuşdur. Firuzəyi rəng ümumiyyətlə Tanrı milləti Türkün Ulu Tanrıya inamının və dünyəvi hakimiyyətin rəmzi olaraq tanınmış, bir çox tarixi türk dövlətlərinin, toplumlarının bayraqlarında (sancaqlarda) öz əksini tapmışdır. Qalxan formalı emblemin mərkəzində bir qədər aşağıda 3 ədəd bir-birinin üstünə simmetrik qoyulmuş, boz rəngli Ox təsvirinə və bu oxların yuxarı hissəsində kamana bənzər formada 24 ədəd səkkiz guşəli ulduza rast gəlmək olar. Üç ox Türk-Oğuzların simvolu olduğu kimi, kaman da öz növbəsində eyni mənanı ifadə edir. Boz (yaxud gümüşü) rəngdə oxların və qızıl kamanın Oğuzların rəmzi olması barədə bir çox tarixi mənbələrdə, xüsusən də, Rəşidəddinin "Oğuznamə" adlı əsərində, Əbülqazi Bahadır Xanın "Şəcərei-Tərakimə" (Türkmanların soy kitabı) əsərində və "Oğuz Xaqan" dastanının tarixi əlyazma mətnində kifayət qədər zəngin material və bilgilər vardır. Emblemdə öz əksini tapmış Ox və Yayın mənası ulu babamız Oğuz Xaqanla bağlıdır.

"Oğuz Xaqan" dastanında bildirilir ki, bir gün Oğuz Xaqanın yanına onun vəziri gələrək gecə röyada bir qızıl yay və üç gümüş ox gördüyünü söyləmiş, bunun Oğuz Xaqanın gələcək nəsilləri üçün hakimiyyət rəmzi olduğunu deyərək bu əşyaları tapmağın vacibliyini qeyd etmişdir. Bundan sonra Oğuz Xaqan üç böyük oğlunu (Gün Xan, Ay Xan və Ulduz Xan) - Boz Oxları Şərqə, üç kiçik oğlunu (Göy Xan, Dağ Xan və Dəniz Xan) - Üç Oxları isə Qərbə ov ovlamağa göndərmişdir. Qayıdarkən böyük qardaşlar qızıl yayı, kiçiklər isə oxları tapıb gətirmişlər. Qızıl Yay təsviri öz növbəsində 24 səkkiz guşəli ulduzdan ibarətdir. Səkkiz rəqəmi insan təfəkkürünün yüksək mərhələsi hesab edilir və kainatın 9 qatından 8-inə işarədir. Doqquzuncu qatda Ulu Tanrı "əyləşir". Ulduzların sayının məhz 24 olması isə Oğuzların 24 boyu ilə əlaqədardır. Oğuz Xaqanın yuxarıda adlarını qeyd etdiyimiz altı oğlu sonradan Şərqə, Qərbə, Şimala və Cənuba yürüşlər etmiş, əzəmətli dövlətlər qurmuşlar. Onların hər birinin 4 oğlu olmuş və nəticədə Oğuzun nəvə-nəticələri 24 boyda cəmləşmişlər. Səkkiz guşəli ulduzun Azərbaycan dövlətinin bayrağında və gerbində olmasını xatırladaraq əlavə etmək istərdik ki, "OĞUZ" Müstəqil Araşdırmaçılar Qrupunun Embleminə həkk olunmuş bu ulduzların içində 24 Oğuz boyunun tamğaları öz əksini tapmışdır.

Birliyin rəsmi internet ünvanı: www.oguzlar.az

Комментариев нет:

Отправить комментарий