понедельник, 6 января 2014 г.

AD QÖVMÜ MƏHV OLUBMU? II YAZI


AD QÖVMÜ BARƏDƏ GERÇƏKLƏR


Ad qövmü. Ad tayfası. Ad xalqı. Kimlər idi onlar? Kim idi bu qədər
qüvvətli, cüssəli, zəngin, inadkar, özünəarxayın, təkəbbürlü, başqalarına qarşı sərt, başqalarının qorxub çəkindikləri, yer üzünün bağ-bağatlı, çeşməli-sulu münbit torpaqlarından birində məskunlaşmış və sonunda ulu Tanrının rəhmətindən kənarda qalmış xalq? Mənşəyi nə idi, soyu nə idi bu qövmün? Haradır bu xalqın yeri-yurdu? Nə baş verib o məmləkətdə, o məkanda? Bir nişanə-əlamət qalıbmı o hadisədən, o xalqdan? Bu qövmdən geriyə kim və nə qalıb?

Bu sualların cavabını vermək üçün Qurani-Kərimdə əks olunan məlumatlar, tarixi, coğrafi və linqvistik materiallar düzgün və obyektiv təhlil süzgəcindən keçirilməli, eyni zamanda, İslam tarixşünaslığındakı mövcud araşdırma stereotiplərindən kənara çıxan fərziyyələrə də, zənnimcə, diqqət yetirilməlidir, çünki haqqında qəti fikir söylənilməmiş məsələlərdə qəlibləşmiş düşüncə ola bilməz, mütləq yeni və daha həqiqətəuyğun versiyalar ortaya çıxacaqdır.


Bir daha bildirirəm ki, Ad qövmünün bol sulu çeşmələr və bağlar olan torpaqlarda yaşaması barədə Qurani-Kərimin Əş-Şuəra surəsinin 134-cü ayəsində yazılanlar Ərəbistanın səhra iqliminə uyğun gəlmir. Ola bilər ki, bu iqlimli torpaqlarda suyu olan vadilərə (oazis) ara-sıra rast gəlinir, ancaq yuxarıda Quran ayələrinə istinadən bildirdik ki, Ad qövmü hansısa balaca bir vadiyə toplaşacaq qədər kiçik bir qövm olmayıb. Bu baxımdan Ad qövmünün yaşadığı torpaqları yüksək təpələri (Əş-Şuəra, 128), bağları və bol sulu bulaqları olan (Əş-Şuəra, 134) ərazilərdə axtarmaq daha həqiqətəuyğun olar. Mənim qəti inamıma görə, Ad qövmünün yaşamış olduğu areal kimi Ərəbistan yarımadasının qəbul edilməsi tələsik gəlinmiş yanlış fikirdir. Bu fikri təkzib edə biləcək kifayət qədər düşündürücü dəlillər Qurani-Kərimdə verilib. 



AD QÖVMÜ TAM MƏHV OLMAYIB!


Hud peyğəmbərin Ad qövmü ilə bağlı müstəqil araşdırma aparan hər bir kəs Qurani-Kərimin müvafiq ayələrinə nəzər salarkən ilk öncə İslam tarixşünaslığında bu tayfanın adının niyə məhv olmuş xalqlar sırasında qeyd olunması sualı ilə üzləşəcəkdir. Bu nəticəyə yalnız Quran ayələrini diqqətlə oxumayanlar gələ bilər. Təəssüflə qeyd etməliyik ki, Harun Yəhyanın “Məhv olunmuş xalqlar” adlı kitabında da Ad qövmü yanlış olaraq məhv edilmiş xalqlar sırasında göstərilmişdir. Müqəddəs Qurani-Kərimdə bir neçə ayədə açıqca söylənir ki, Allah-Təala Ad qövmünə göndərdiyi Hud peyğəmbəri və ona iman gətirib haqq yolunu seçənləri qorumaqla yerdə qalan Ad qövmü mənsublarının üzərinə şiddətli qasırğa göndərmişdir. Bu qasırğa hər şeyi qarşısına alıb sovuraraq, kafirləri qaldırıb yerə çırparaq məhv etmişdir. Lakin Ad qövmünün iman gətirənləri və Hud (ə)-ın ətrafında cəm olanları salamat qalmışlar. Bu haqda Quran ayələrini, zənnimcə, ayrıca qeyd etməyə ehtiyac vardır.


Hud surəsi, 59-cu ayədə yazılıb: “(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!”


Əl-Əraf surəsi, 72-ci ayə: “Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.”

Əş-Şuəra surəsi, 139-cu ayə: “Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.”

Bu ayələrdən görünür ki, Ad qövmü tam məhv olmayıb, həmin qövmün kafir olan mənsublarına İlahi əzab göndərilib, o insanlar məhv olub, həmin qövmün iman gətirmiş insanları isə xilas edilərək sağ qalıblar. İslam araşdırmaçıları Ad qövmünün məhv edilməsindən danışarkən əsasən Ən-Nəcm surəsi, 50-ci ayəni sitat gətirirlər. Bu ayədə yazılıb: “Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.” Məhz bu ayəni oxuyan araşdırmaçılar Ad qövmünün tam məhv olduğunu düşünürlər. Əslində isə bu ayədə Ad qövmünün məhvindən ümumilikdə danışılır və “əvvəlki Ad” sözü işlədilir. Bu ifadəyə yetərincə diqqət yetirilməməsi dediyimiz nəticənin ortaya çıxmasına səbəb olub. Mənim qəti fikrimcə, “əvvəlki Ad” dedikdə Hud peyğəmbərin İlahi xəbərdarlığı çatdırmaq üçün göndərildiyi, içində həm kafir çoxluğun, həm də iman gətirəcək əməlisaleh insanların yer aldığı bir xalq nəzərdə tutulmuşdur. Yəni “əvvəlki Ad” konkret bir xalqdır, bir təşəkküldür. O zaman məntiqlə bəs “sonrakı Ad” nə ola bilər? Cavab məncə aydındır: ilahi əzabdan xilas edilərək sağ qalan və Hud peyəmbərə inanıb onun ətrafında olan imanlı insanlardan ibarət olan, keçmiş Ad qövmünün yeni təşəkkül variantı. Bu hadisəyə Ad qövmünün ilahi filtrasiyası və genetik təmizlənməsi də demək mümkündür. Bu fikri təsdiqləyən bir Quran ayəsini bu yerdə göstərməkdə fayda vardır. İbrahim surəsi, 9-cu ayədə Nuh, Ad, Səmud tayfalarının adları çəkilir və onlara edilən xəbərdarlıqlar qeyd olunur. Həmin surənin 10-12-ci ayələrində də eyni qövmlərin peyğəmbərlərinin müraciətləri, kafirlərin onlara cavabları ümumi şəkildə əks olunub. İbrahim surəsi, 13-14-cü ayələrdə isə həmin qövmlərlə bağlı maraqlı bir fikrə rast gəlinir: “13 - Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik! 14 - Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!” Gördüyümüz kimi, burda Allah-təalanın peyğəmbərlərə dediyi söz təkcə peyğəmbərlərin özlərinə deyil, həmçinin onların ətrafındakı imanlı bəndələrə də aiddir, 14-cü ayədə cəm formasında işlənən “siz” şəxs əvəzliyi bu fikri təsdiqləyir. Və İbrahim surəsi, 13-14-cü ayələrin məzmunundan anlaşılır ki, Allah-təala adı çəkilən qövmlərin zalım və kafir bəndələrinin məhvindən sonra yerdə qalan imanlı və əməlisaleh bəndələrin öz peyğəmbərləri ilə birlikdə məhv olanların yurdlarında məskunlaşacaqlarını bildirir. Məhz bu nəticə bizə onu deməyə əsas verir ki, Ad qövmünün kafir və zalım insanları yeddi gecə, səkkiz gün ərzində dayanmadan, vıyıltı və uğultu ilə əsən dəhşətli küləkdə məhv olduqdan sonra həmin xalqın Hud peyğəmbərə inanan və ilahi əzabdan xilas olan qismi həmin yerlərdə məskunlaşmışlar və bununla da həmin xalqın yenidən təşəkkülü prosesi getmişdir, yəni şərti olaraq “sonrakı Ad xalqı” deyə biləcəyimiz xalq formalaşmışdır. Belə olduğu təqdirdə bizlər Hud peyğəmbərə iman gətirərək “yeni Ad” xalqını ərsəyə gətirmiş olan insanların törəmələrinin hansı xalq, hansı millət ola biləcəyini də dərindən düşünməli, müqəddəs kitabımızın bizlərə verdiyi əvəzsiz ip uclarını tarixi, etno-linqvistik dəlillərlə doğrulayıb bu sualın cavabını tapmağa cəhd etməliyik.



AD QÖVMÜ HANSI ƏRAZİLƏRDƏ YAŞAMIŞDIR?


Müqəddəs kitabımızın Əl-Əraf surəsi, 69-cu ayəsində Hud (ə)-ın dilindən Ad qövmü mənsublarına belə deyilir: “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə (onlardan) daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” Bu ayədə “Nuh tayfasından sonra onun yerinə gətirdi” cümləsindən sonra bəzi tərcüməçilər mötərizə daxilində “yer üzünün varisləri etdi” izahını verirlər, lakin bu izah tərzinin həqiqət olması ehtimalı zəifdir, çünki ayədə yazılanlardan bu məna çaları duyulmur, əksinə, daha konkret məkandan söhbət açılır. Zənnimcə, Ad qövmünün məskun olduğu torpaqların bu ayədə Nuh qövmünün yaşadığı (və yaxud ola bilsin ki, Nuh peyğəmbərin tufandan sonra su çəkilən zaman öz ətrafındakılarla birlikdə yurd saldığı) torpaqlarla eyniləşdirilməsi bizə Ad tayfasının yurdunu müəyyən etmək üçün çox önəmli bir ip ucu verə bilər. Hər iki versiyada Nuh (ə)-ın kafir qövmünün də, sonradan gəmidən sağ-salamat quruya enənlərin də məskun olduqları torpaqların Ərəbistan yarımadasında olması qeyri-mümkündür. Çünki Quran ayələrindən məlumdur ki, Nuh peyğəmbərin xəbərdarlıq edib səsləndiyi qövm onun sözlərinə əhəmiyyət verməyəndə və İlahi əzabın nə formada gələcəyi Nuh (ə)-a əyan olduqda o, gəmi düzəltmək işinə başlamış, bunun üçün uzun müddət meşədən oduncağı bərk olan ağaclar kəsib toplamışdır. Gəminin təxmini ölçülərini təsəvvürümüzdə canlandırdıqda bu boyda gəmini hazırlamaq üçün lazım olan bərk ağac materialını Ərəbistanın ucsuz-bucaqsız səhralarından toplamağın qeyri-mümkünlüyü dərhal aydın olur. Tufandan sonra su çəkilən zaman quruya çıxmış Nuh gəmisinin Cudi dağına oturması Qurani-Kərimdə Hud surəsinin 44-cü ayəsində dəqiq göstərilib. Coğrafi cəhətdən Cudi dağı bugünkü İraqın şimal-şərq hissəsində, Türkiyə və İran sərhədləri yaxınlığında yerləşir.


Səmud qövmünün Ad qövmünün torpaqlarına gətirilməsi barədə deyilənlər də maraqlı ayədir, bu, Qurani-Kərimin Əl-Əraf surəsi, 74-cü ayəsidir, sözügedən ayədə Səmud qövmünün mənsublarına özlərindən peyğəmbər göndərilmiş Saleh (ə) tərəfindən belə deyilir: “(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın.” Ayənin ilk vergülə qədərki hissəsində Allah-təalanın Səmud qövmünü Ad qövmündən sonra onun yerinə gətirməsindən danışılır. Səmud qövmünün dağları yonub özlərinə evlər düzəltməsi bir sıra digər yerlərlə yanaşı, indiki Türkiyənin Anadolu platosunda yerləşən Kappadokiya adlı məkanla da uyğunluq təşkil edir. Ad qövmünün torpaqlarının tarixi qərbi Azərbaycan əraziləri ilə yəni Qars, Ərzincan, Van, Diyarbəkir kimi tarixi bölgələrimizlə üst-üstə düşməsi versiyası da bu ərazilərə çox yaxın olan Kappadokiya
Kapadokiya, Türkiyə.
bölgəsinin Səmud qövmünə aid ola bilməsi ehtimalını qüvvətləndirir. Yeri gəlmişkən, həmin Kappadokiya bölgəsinə çox yaxın məsafədə Adana və Adyaman adlı bölgələr və şəhərlər vardır, bu toponimlərin tərkibində “Ad” komponenti diqqəti cəlb edir, zənnimcə, bu xüsusa da ayrıca diqqət yetirilməsində fayda vardır.


Ayədə təsvir edilən “dağlarını ovub (yonub) evlər düzəltdiyiniz...” sözlərinin ifadə etdiyi məkan kimi bizim diqqətimizi daha çox Təbriz ətrafında yerləşən bir yer cəlb edir. Bu yerin adı Kənduvandır. Əraziyə dair fotoşəkillərdə ovulmuş (yonulmuş) və ev halına salınmış dağları görmək mümkündür. Buraların nə zaman şəkildəki hala gətirilməsi barədə tarixçilərə heç nə məlum deyil. Ancaq fotoşəkilə
Təbriz yaxınlığındakı Kənduvan.
baxarkən Quran ayəsində qeyd olunanların Kənduvan adlı məkana aid olması vizual baxışla aydın şəkildə görülür. Və ərazinin relyefi, coğrafi vəziyyəti, bitki örtüyü və sair digər Quran ayələrində əks olunan Ad qövmü yurdunun təsvirləri ilə də uzlaşır. Üstəlik, kəndin adına da diqqət yetirsək, KƏNDUVAN kəlməsini KƏND + UVAN (ovan) morfoloji-struktur bölgüsü üzrə “ovularaq ərsəyə gəlmiş kənd” mənasını verdiyini söyləyə bilərik. Qurani-Kərimin sözügedən ayəsindəki “Ovmaq” felinin feli sifət şəkli bu izah tərzində diqqəti cəlb edir. Mənim qəti fikrimcə, Ad qövmünün yerləşdiyi torpaqların araşdırılması zamanı Təbriz yaxınlığındakı bu məkan mütləq nəzərə alınmalıdır. Yazımızın müxtəlif yerlərində ortaya qoyulan və irəlidə də qeyd edəcəyimiz faktlar bunu tələb edir.


Qurani-Kərimin Ad qövmündən danışan daha bir surəsi Əl-Əhqaf surəsi adlanır, surənin bu cür adlanmasının əsas səbəbi həmin surənin 21-ci ayəsində Hud peyğəmbərin Ad qövmünün Əhqaf adlı yerdə yaşamasının qeyd olunmasıdır. Bu yazımızın əvvəlki bölümlərində bildirdik ki, araşdırmaçılar nədənsə Əhqaf sözünü toponim kimi qəbul etmək istəməyib bu sözü mənaca xırdalamağa üstünlük vermişlər, axtarıb tapmışlar ki, Əhqaf sözü ərəbcə “qum təpəsi” mənasını verən “hiqf” sözünün cəm şəkli ola bilər, həmin söz də “Əhqaf” şəklində yazılır. Nəticədə Ad qövmünün münbit torpağı, sulu çeşmələri, bağları yaxud meşələri olan torpaqlarda yaşaması barədə Quranın digər ayəsinin məzmunu ilə açıq-aşkar bir uyğunsuzluq ortaya çıxmışdır. Və araşdırmaçılar bu sualın cavabını verə bilməmişlər ki, Hud (ə)-ın Ad qövmü harda yaşayıb – qumlu təpələri olan yerdə yoxsa münbit torpaqlı, bağlı-çeşməli yerdə? Bu cür vəziyyət “Əhqaf” sözünə alternativ morfoloji-struktur bölgüsü ilə yanaşmağın, bu sözə ümumi isim kimi yox, xüsusi isim kimi, bir toponim kimi yanaşmağın daha doğru ola biləcəyini söyləyir.

Bizim fikrimizcə, “Əhqaf” sözünü “Əhli-Qaf” (Qaf əhli, Qaf insanları, Qaf yurdu) şəklində yorumlamaq üçün ciddi əsaslar var, və “Əhqaf” ismi “Əhli-Qaf” söz birləşməsinin qısa, yığcam variantı ola bilər. Qaf toponimi Qafqaz dağları ilə, Qafqaz bölgəsi ilə bağlıdır. Qədim tarixi mənbələrin mütləq əksəriyyətində Qafqaz “Qaf” kimi qeyd olunur. Ucsuz-bucaqsız meşələrlə örtülmüş, çoxsaylı bulaqları (çeşmələri) olan bu dağlıq bölgə Böyük Qafqaz və Kiçik Qafqaz dağ silsilələrinə ayrılır. Azərbaycan adlı tarixi-coğrafi məkanın şimal sərhədləri qədimdə məhz böyük Qafqaz silsiləsinin yuxarı hissəsindən başlanırdı. Dəmirqapı Dərbənddən qədim oğuz-sak yurdu Şəkiyə, Zaqatalaya və qədim Borçalı elinə qədər olan bölgə quzeydən bu dağ silsiləsi ilə əhatə olunmuşdur. Bu gün Ermənistan adlandırılan qədim Azərbaycan torpaqları – Göyçə, Qaraqoyunlu, Çuxursədd, Zəngəzur və Daralagöz də, hazırda erməni-hayların işğalı altında olan Dağlıq Qarabağ bölgəsi də, Naxçıvan da, bu gün Türkiyə ərazisində olan Qars, Ərzincan, Van, İqdır, Ağrıdağ kimi tarixi bölgələrimiz də kiçik Qafqaz dağ silsiləsinin əhatə dairəsində yerləşir. Bu böyük torpağın güney və güney-batı hüdudları isə Nuh (ə)-ın qövmünün yaşamasını ehtimal etdiyimiz şimali İkiçayarası bölgəsi ilə yanaşı olmaqla bərabər, eyni zamanda Nuh peyğəmbərin gəmisinin endiyi Cudi dağını da öz içinə alırdı. Tarixi Azərbaycanın Mosul-Kərkük-Ərbil bölgəsi məhz bu dağın yerləşdiyi bölgədir. Burda bir incə məsələ də vardır. Müqəddəs kitabımızın Əş-Şuəra surəsinin 128-ci ayəsində Hud (ə)-ın dilindən Ad qövmünə ünvanlanan aşağıdakı məzmunda bir cümlə görürük: “Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz?” Burdan aydın olur ki, Hud peyğəmbərin Ad qövmünə mənsub insanlar (özəlliklə də onların varlı qismi) təpə yaxud dağ başında özlərinə evlər qurub orada əylənməkdən zövq alırlarmış. Məntiqlə düşündükdə, insan yalnız gözəl dağlıq mənzərəsi, panoramı, təbiət görüntüsü olan bir təpədə yaxud dağ başında özünə qəsr tikdirib orda vaxtını keçirər, səhranın qumlarını təpədən seyr edib əylənməz ki. Bu vəsflərə uyğun məkan da bu məntiqlə daha çox Qafqaz və Azərbaycan ola bilər nəinki ucsuz-bucaqsız səhralardan ibarət Ərəbistan çölləri. Azərbaycanın bütün tarixi ərazisi boyunca bu gün dağlıq bölgələrdə, yüksək təpələrin başında, dağların yamaclarında külli miqdarda qədim qala və qəsr qalıqlarına rast gəlmək olar, onlardan bir çoxu barədə tarix elmi məlumatsızdır.

Daha bir məqamı bu yerdə oxucuların diqqətinə çatdıraq. Azərbaycan ərazisinə, xüsusən də onun quzey hissəsinə Abşeron yarımadası da daxil olmaqla 32 növ iqlim küləkləri əsir və bura yer üzünün ən küləkli məkanlarından biridir. Fikrimizcə, Quran ayələrində (Əl-Haqqə,6; Fussilət,16; Əz-Zariyat,41; Əl-Əhqaf,24-25; Əl-Qəmər,19-21) dönə-dönə qeyd olunan və Ad qövmünün (bizə görə Az qövmünün) üzərinə vaxtilə İlahi cəza olaraq əsdirilmiş dəhşətli küləklərin izləri bu gün də bu yurdda bir əlamət olaraq qalmaqdadır.

Sual oluna bilər: biz niyə və hansı elmi əsaslar üzərində Hud peyğəmbərin Ad qövmünün məskun olduğu torpaqların mərkəzi hissəsini məhz Qafqazla, Azərbaycan adlı qədim tarixi-coğrafi arealla əlaqələndirən və eyniləşdirən fərziyyəni irəli sürürük?

Cavab olaraq ilk öncə onu qeyd edək ki, bu gün adına tarixi Azərbaycan deyilən və yuxarıda sadaladığımız əraziləri də əhatə edən tarixi-coğrafi areal eramızın II-III əsrlərində Suriya və Bizans mənbələrində “Adorbiqan”/”Adarbiqan” şəklində qeyd olunurdu. Erkən orta əsr ərəb mənbələri isə ərəb dilində bu yurdun adının həm “Adərbayqan”/”Adərbaycan”, həm də “Azərbayqan”/ “Azərbaycan” kimi (yəni “Z” hərfi “D”-ya bənzər və dişarası səs olmaqla) tələffüz olunduğunu təsdiqləyir. Ərəb dilinin söz bazasından bilirik ki, bu dildə “D-Z” yerdəyişməsi normal bir hal kimi tez-tez müşahidə olunur. Hətta tarixən ərəblər tərkibində təmiz “Z” səsi olan sözlərin yazılışında təmiz “Z” səsini verən hərflə (Ze hərfi ilə) dişarası “Z” səsini verən hərfi (Zad və Zal hərflərini) ara-sıra çaşbaş salmışlar, bu, ərəb yazılı dilinin o dövrlərdə hələ yeni-yeni inkişaf etməyə başlamasından və bir sıra ölkələrin isimlərinin qonşu xalqların (məsələn, yəhudi, Suriya, Bizans) qeyd etdiyi kimi yazılmasından irəli gəlirdi. Elə bu günün özündə də Qurani-Kərimin “Fatihə” surəsindəki son sözün – “vələzzallin” sözünün tələffüzünə iki formada – həm təmiz “Z” səsi ilə, həm də “D” səsinə bənzəyən dişarası “Z” səsiylə rast gəlirik, hətta bir çox hallarda açıqca “vələddallin” deyilməsinin də şahidiyik. Eyni hal, zənnimizcə, Atayurdumuz olan Azərbaycanın isminin ərəbcə tələffüzündə də baş vermişdir. Erkən orta əsr ərəb mənbələrinin torpağımızı “Adərbaycan” kimi adlandırması da bu ismin ərəblərə yaxın olan qonşu Suriya və onunla eyni yazılışı qeyd etmiş Bizans mənbələrindən keçməsinin bir nəticəsidir. Yəni ərəblər erkən orta əsrlərdə və İslamın yayılması dönəmində Azərbaycanı yanlış yerə Adərbaycan adlandırmışlar. Belə hesab etmək tamamilə mümkündür ki, eyni yanlışlıq Ad qövmünün, eləcə də Hud peyğəmbərin də adlarında baş verə bilərdi. 



Bu məsələ ilə əlaqədar əvvəlcə “vələzzallin” sözünü, “Azərbaycan” adını və bu adın kökündə olan “Azər” ismini İbrahim peyğəmbərin atasının advariantı olaraq yazılışca tutuşdurduq. Maraqlıdır ki, “Fatihə” surəsindəki “vələzzallin” kəlməsi müqəddəs kitabın nəşr variantlarında yəni “Zad” hərfi ilə (“D”-yə bənzər dişarası “Z” səsini verir), Əl-Ənam surəsi 74-cü ayədə İbrahim peyğəmbərin atası Azərin adı ﺍﺯﺭ yəni “Ze” hərfi ilə, “Azərbaycan” kəlməsi isə ərəb əlifbasında əksər hallarda ﺁﺫﺭﺑﺎﳚﺎﻥ yəni “Zal” hərfi ilə (“D”-yə bənzər dişarası “Z” səsini verir), bəzənsə ﺁﺯﺭﺑﺎﳚﺎﻥ yəni “Ze” hərfi ilə yazılır. Gördüyümüz kimi, Azərbaycan sözünün kökündə “Azər” hissəciyinin olmasına və hər iki sözün eyni cür tələffüz olunmasına baxmayaraq bu sözlərdəki “Z” səsləri ərəbcə müxtəlif hərflərlə yazılır, “vələzzallin” sözü isə bunlardan da fərqli şəkildə yazılır. Bizim üçün daha önəmli olan “Azər” və “Azərbaycan” sözlərinin müxtəlif “Z” hərfləri ilə yazılışı onu göstərir ki, nəticə etibarilə ərəb dilində tərkibində “Z” səsi olan oxşar yaxud eyniköklü sözlərin yazılışında bir müəyyənlik yoxdur. Müəyyənlik olmadığı hallarda da bu dildə hərf dəyişikliyi də, “D-Z” yerdəyişməsi yaxud bənzətməsi də qayət normal hesab edilməlidir. Türk dillərinə aid olan bir sıra sözlərin, adların yaxud toponimlərin ərəb mənbələrində yazılış tərzində də bizlər həmin bu D-Z yerdəyişməsinə rast gəlirik. Əyani misal elə türk dillərinə məxsus olan “XIZIR” adının ərəb mənbələrində “XIDIR” şəklində qeyd olunmasıdır. Məsələnin maraq doğuran tərəfi bir də ondadır ki, həm Ad qövmünün, həm də Hud peyğəmbərin adında olan (Dal) hərfi yazılışca “Azərbaycan” sözünün ərəb əlifbası ilə yazılan variantındakı ﺫ (Zal) hərfi ilə demək olar ki eyni simvollardır, fərq yalnız adını ikinci qeyd etdiyimiz hərfin üzərindəki nöqtədədir ki, “D”-ni dişarası “Z” səsinə çevirir. Fonetik nöqteyi-nəzərdən yuxarıda açıqladığımız durum Ad qövmü ilə bir vaxt Adərbaycan adlandırılmış məkan arasında bir isim bağlılığı olduğunu təxmin etməyə əsas verir.



Bir daha, fikrimiz doğru anlaşılsın deyə qeyd edirik ki, biz əsla vətənimiz Azərbaycanın ismini Ad qövmü ilə əlaqələndirərək ərəbsayağı Adərbaycan hesab etmirik. Əksinə, Atayurdumuzun adının tamamilə doğru olaraq Azərbaycan adlandığını, yad mənbələrin fonetik xətaya yol verdiyini, ərəblərin də onlardan götürüb yazdığını və bu minvalla da məhz Ad qövmünün adının Az qövmü ola biləcəyi ehtimalını irəli sürürük. Fikrimizcə, ərəblər Azərbaycanı öz dil xüsusiyyətlərindən irəli gələrək Adərbaycan adlandırıbsa, demək Ad qövmünün və Hud peyğəmbərin isimlərində də “D-Z” məzmunlu hərf dəyişikliyinə (burda məncə ərəb dilinin fonetikasında ayrı-ayrı söz və isimlərin alternativ tarixi inkişaf xətti də nəzərə alınmalıdır, bu, bir çox xalqlarda, o cümlədən, bizlərdə də olub) yol vermiş olmalıdırlar. Çox böyük ehtimalla, sözügedən qövm barədə tarixi həqiqətlərin araşdırmalar zamanı düyünə düşməsinin də səbəbini bunda axtarmaq lazımdır. Yəni ərəblər tərəfindən Azərbaycanın adı Adərbaycan olaraq çəkilibsə, bu gün də “vələzzallin” “vələddallin” olaraq oxunursa, ismi Ad qövmü kimi çəkilən xalqın həqiqətdə Az xalqı, Hud peyğəmbərinsə Huz peyğəmbər olması ən azı linqvistik nöqteyi-nəzərdən məntiqli görünür. Ad xalqının isminin kortəbii şəkildə eyni cürə oxunması nəticəsində qədim mənbələrdə “AD” isminin axtarışları böyük bir boşluq ortaya çıxardır, və bu boşluq da öz növbəsində araşdırmaçıları dərindən məyus edir. Lakin bu qövmün adının AZ xalqı kimi oxunması bizim qarşımıza ilginc nəticələrə gətirib çıxara biləcək bir sıra tarixi dəlillər qoyur. Bu dəlilləri diqqətlə incələdikcə son İlahi kitabın əks etdirdiyi tarixi həqiqətlərə nə qədər yaxınlaşdığımızın şahidi ola bilərik. 



Növbəti əsasımız Yaqut ibn Abdullah ər-Rumi əl-Həməvinin (1179-1229) "Mucəm əl-buldan" (Ölkələrin lüğəti) adlı əsərində Azərbaycan torpaqlarının təsviridir ki, bu təsvir Qurani-Kərimdə Ad qövmünə mənsub olduğu söylənilən yerlərin təsviri ilə, xüsusən də Əş-Şuəra surəsi, 114-cü ayədə qeyd olunan təsvirlərlə tam bir uyğunluq təşkil edir. Sözügedən tarixi mənbədə Azərbaycanın təsviri zamanı bu qeyd xüsusilə diqqəti cəlb edir: "Məşhur şəhərlərindən Təbrizdir, o bu gün Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Qədim paytaxtı əl-Marağa olub. Şəhərlərindən Xuveyy, Sələmas, Urmiya, Ərdəbil, Mərənd və başqaları. Bura çox böyük (cəlil) yer və əzəmətli məmləkətdir. Əksər hissəsini dağlar örtüb, çoxlu qalaları, bol nemətləri, saysız meyvələri var. Mən bundan çox bağları, bol sulu çayları və bulaqları olan başqa yer görməmişəm. Onun nahiyələrini səyahət edən şəxsə özü ilə su qabı götürməyə ehtiyac qalmır, çünki hara gedirsə, ayağının altından soyuq, şirin və sağlam sular axır" /N.Vəlixanlı, "Ərəb xilafəti və Azərbaycan", Bakı, 1993, s.133/. Göründüyü kimi, mənbələrin bir çoxunda Azərbaycan torpaqlarının təsviri Qurani-Kərimin Ad qövmünə aid torpaqlarla bağlı təsvirləri ilə eyniyyət təşkil edir ki bu da nəticəyə gəlmək üçün çox ciddi əsas hesab oluna bilər. 



Ümumiyyətlə, söylənilənlərin hamısını nəzərə alsaq, Ad qövmünün torpaqlarını Azərbaycan tarixi-coğrafi arealının hüdudları ilə eyniləşdirmək üçün hər cür ciddi əsas vardır. Hələliksə bunu söyləyək ki, bizim düşüncəmizə görə, Hud peyğəmbərin Ad qövmü Az xalqıdır və vaxtilə böyük torpaqlara sahib olmuş bu xalqın vətəni Azərbaycan olmuşdur. 

TARİX AZ XALQI BARƏDƏ NƏLƏR PIÇILDAYIR?

Etno-linqvistik təhlil zamanı fərziyyə şəklində ortaya çıxan AD–AZ eyniləşdirməsi araşdırmaçıların önündə yeni imkanlar açır. Hərçənd tarixin o qaranlıq dönəmləri ki, həmin dönəmlərdə AZ xalqı böyük tərəqqiyə nail olaraq qüdrətlənib, həmin dövrlərə aid bu günümüzə demək olar ki heç bir mənbə-kitabə gəlib çatmayıb. Bununla yanaşı, “Ad qövmü” kimi adlandırılan xalqdan fərqli olaraq Az xalqının adı ayrı-ayrı mənbələrdə və kitabələrdə çəkilir, və bu xalqın formalaşması, təşəkkülü, yenidən təşəkkülü barədə elm aləmində artıq ciddi sayıla biləcək hipotezlər işlənib-hazırlanmışdır. 

Azərbaycanın əsas etnosu olan Azərbaycan türklərinin İslamaqədərki tarixini araşdıran alimimiz Firudin Ağasıoğlu müxtəlif xalqların mənbələrinə, xüsusən də qədim Assur, Elam yazılarına istinad etməklə bu millətin qədim özünüadlandırması və ölkəmizin adının etimologiyası ilə bağlı “Azər” ad variantını önə çəkir, Assur hökmdarı II Sarqonun (e.ə.VIII əsr) kitabəsində AZARİ (Azər bölgəsi) barədə məlumat verildiyini xatırladır. Azərbaycan adının kökündə gördüyümüz “Azər” etnonimini morfoloji struktur bölgüsü üzrə “AZ+ƏR” şəklində təhlil edən alim bu etnonimin leksik-semantik mənasının “Az ərləri / Az kişisi” olduğunu göstərir /6, səh.18/. Biz də məhz o fikirdəyik ki, Azərbaycan adının kökündə babalarımız Azərlərin adı dayanır və əlavə etmək istəyirik ki, bu Azərlərin tarixi digər qardaş türk xalqlarının tarixindən daha qədimdir. Qədim Azərlərin babaları olmuş Az qövmü, Az xalqı barədə isə dünya tarix elminə hələlik çox az şey məlumdur. Yalnız ara-sıra hansısa kitabələrdə bu ismə yığcam şəkildə rast gəlinir. 

Hər şeydən əvvəl, Az xalqının adının etimologiyası ilə bağlı fikirlərə nəzər salaq. Nə deməkdir “Az” sözü, hansı mənanı verir? Bu haqda fikirləri incələyərkən aydın olur ki, Azər xalqının ismindəki AZ komponenti barədə ən doğru və düşündürücü məna yozumu Z.Həsənov tərəfindən verilir. Tədqiqatçı alim Qədim Türk Lüğətinə istinad edərək bildirir ki, “Orxon-Yenisey yazılarında AZ “böyük” mənasını verən bir etnonimdir, “Azman” - at ləqəbi olub “əzəmətli, böyük, azman” mənasını verir. Biz belə ehtimal edirik ki, Az etnoniminin etimolojisinin optimal variantını mənası “çox böyük, əzəmətli, azman, miqyaslı” olan “Azman” anlayışı verə bilər. Bu söz Az kökü və man affiksindən ibarətdir, burada Az – “yüksəlmək, bütün ölçüləri aşmaq” mənasını verən feldir, man isə hərəkət daşıyıcısının böyüdücü mənasını göstərir” /14, səh.339/. Tədqiqatçı alim O.Pritsakın “Az” sözündə Altay etimologiyasını gördüyünü və onu “əzəmətli, böyük” kimi izah etdiyini qeyd edir, Pritsakın əyani misal kimi çuvaş dilində eyni mənanı verən və suffiks şəklində qorunub-saxlanmış “Az” sözünü göstərdiyini xatırladır /14, səh. 340/.

Göytürk abidələrində, xüsusən də, Bilgə xaqanın kitabəsində Göytürklərin hakimiyyəti altında olan türk-oğuz boylarına müraciət edilən zaman onların arasında Az xalqının da adı “AZ.BUDUN” kimi çəkilir (“budun” qədim türkcədə xalq, millət anlamına gəlirdi). Baxmayaraq ki, Bilgə Xaqan kitabəsinin yazıldığı eramızın VII əsrində Az xalqı artıq çoxdan yenidən təşəkkül prosesini keçirərək yeni ad qazanmışdı, kitabədən göründüyü kimi, bu xalqın Atayurddan uzaqlarda qalmış bir qismi o dövrdə Göytürk imperiyasının daxilində öz mövcudiyyətini sürdürməkdəydi. Kitabədə türk-oğuz boylarına və xalqlarına səslənərkən Bilgə xaqanın Az xalqına ayrıca xitab etməsi, bizim fikrimizcə, bu xalqın böyük tarixi keçmişinin olması ilə bağlı ola bilər. Kültigin abidəsində “Az budun yağı kıltı” (Az xalqı yağı oldu) cümləsi (Kültigin I. Q-2), Bilgə xaqanın vəziri olan Tonyukukun kitabəsində isə “yerçi tiledim, çölqi az eri boltım” cümləsi (Tonyukuk, D-23) diqqəti cəlb edir. Birinci cümlədə Azlar ayrıca bir xalq kimi xatırlanırsa, ikinci cümlədə Az ərlərinin çoxsaylı olmalarına dair maraqlı məlumat var. Kültigin abidəsində daha iki yerdə Azların adı xatırlanır, bu yazılarda Az xalqının təşəkkülü və məhv olmasına dair daha böyük maraq doğuran fikirlər vardır. Kültigin abidəsinin şərq tərəfində 19-cu sətirdəki cümlənin tərcüməsi aşağıdakı bilgini verir: “Əcdadlarımızın tutduğu Yer-Su sahibsiz qalmasın deyə Az xalqı təşkil edib...” /5, səh. 80/, /13, səh. 374/. Abidənin şimal tərəfində isə 2-ci sətirdə bir qədər əvvəldə qeyd etdiyimiz “Az xalqı yağı oldu” cümləsindən sonra, 3-cü sətirdə də “Az xalqı orada yox oldu” cümləsi yer almışdır /5, səh.82/, /13, səh.374-375/. Nə qədər ilginc bir “təsadüf” və eyniyyətdir, elə deyilmi, Qurandakı Ad xalqı da Allaha asi (yağı) olmuş və Kültigin abidəsinin dili ilə desək, “orada yox olmuşdu”.

F.Ağasıoğlu Kuban epiqrafiyasında “eren az ayırıltım” (az ərənlərindən ayrıldım) ifadəsinin yer aldığını öz kitabında xatırladır /6, səh. 11/. Dəyərli alimimiz həmçinin, Az xalqının türklüyünə yəni bu gün Türk adlandırılan böyük soydan olduğuna dair dəlilləri sadalayarkən digər türk xalqlarının tarixində Az/As isimli boyları xatırladaraq belə bir fikir işlədir: “başqort-katay boyundakı as, assı soyları, balkarların as adlanması, özbəklərin 32 əsas boyu sırasında A.Vamberinin as boyunu qeyd etməsi, qırğızlarda azıq boyu, nəhayət, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması Azların türklüyünə şübhə yeri qoymur. Lakin Az boyunun geniş coğrafi ərazilərdə görünməsi onların etnik mənşəyi haqqında bəzi tədqiqatçıların yanlış fikir söyləməsinə səbəb olmuşdur” /6, səh.11-12/. Anlaşılır ki, alim, bizim də əvvəldə qeyd etdiyimiz kimi, Azları təkcə türk soylu bir təşəkkül kimi qəbul etməklə qalmır, həm Azların çox geniş bir coğrafiyada yayılması, həm də sonradan Azər adı altında yenidən təşəkkül tapması fikrini müdafiə edir. 

Az xalqının nə vaxtsa böyük irəliləyişə nail olmasını, hədsiz dərəcədə qüdrətlənməsini daha nədən bilmək olar? Diqqət yetirsək, üzərində yaşadığımız, İstanbuldakı Dardanel Boğazından uzaq Kamçatka və Çukotkaya qədər, Şimal Buzlu Okeanından Ərəbistan yarımadasına, Hind Okeanına və İndoneziyaya qədər olan nəhəng bir ərazi coğrafiya elmində “Asiya qitəsi” adlanır. Qitəyə verilən bu ad variantı, bizim qəti fikrimizcə, heç də göydən götürülməyib. Rus dilində qitəmiz “AZİYA” şəklində səslənir. İngilis dilinin fonetik qanunlarında “S” hərfinin iki sait arasında “Z” səsini verdiyini xatırlasaq, ingilis dilində “ASİA” kəlməsinin indikindən fərqli olaraq qədimdə məhz [AZİA] şəklində tələffüz edilmiş olduğunu görə bilərik. Digər Hind-Avropa dillərində də adı çəkilən toponim elə həmin cür səslənir yaxud yazılır. Öz növbəsində “AZİYA” toponiminin təhlili bizə imkan verir ki, bu sözü kök və şəkilçi olmaqla iki yerə ayırıb AZ + İYA formasında araşdıraq və “AZ torpaqları”, “Azlara aid olan torpaqlar” şəklində izah edək. “ASİYA” / “AZİYA” sözünün kökünə iddia edə bilən eyniadlı başqa bir xalqı bu qitədə tapmaq mümkün deyil (adında “As” hissəciyi olan Assuriyalılarınsa heç indiki İranın ərazisinə də tam nəzarət etmədikləri və qədim Maday dövlətinin zərbələri altında əbədilik çökdüyü tarixdən bəllidir). Dəyərli alimimiz Firudin Ağasıoğlu yazır: “Azərbaycan ölkəadının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan batı, güney və doğu ölkələrə olan köçü ilə bağlıdır” /6, səh. 11/. Deməli, tarixin bizə hələ ki çox qaranlıq qalan hansısa dönəmlərində AZ xalqı bütün Asiya qitəsinə yayılaraq və yaxud ən azından həmin qitənin insanlar yaşayan münbit torpaqlarına köç edərək bu torpaqlarda məskunlaşıb və böyük bir ərazini, başqa sözlə desək, mənimsəyə bilib. 

Yeri gəlmişkən, bu günkü Amerika qitəsinin torpaqlarında hələ çox qədimdən yaşamış olan Aztek adlı xalqın mədəniyyətini gözlər önünə sərən çoxsaylı abidələr mövcuddur, bu mədəniyyətin daşıyıcıları olmuş, orta və şərqi Asiyanın türk kökənli xalqlarının zahiri görkəmi ilə demək olar eyni görünüşə və antropoloji göstəricilərə malik olan bu xalqın da öz növbəsində vaxtilə Berinq boğazı yoluyla (qədimdə Asiyanın şimal-şərqinin indiki Alyaska torpaqları ilə quru əlaqəsi olduğunu, Berinq boğazının sonralar yarandığını bilirik) Amerika qitəsinə getmiş olan Az xalqına mənsub insanlarla etnik bağlılığı olmasını yaxud birbaşa onların törəmələri olduqlarını təxmin etmək olar. V.V.Bartold Göytürklərə aid Kültigin abidəsində adları çəkilən Azları Yenisey hövzəsindəki Ostyaklarla/Astyaklarla eyniləşdirir /16, səh. 43/, F.Ağasıoğlu bu faktı öz kitabında ayrıca xatırladır. Amerika Aztekləri ilə Yenisey Astyakları arasındakı etnik bağlılıq, zənnimizcə, həqiqətdir, bu bağlılığın kökündə isə, Bartoldun da qeyd etdiyi kimi, qədim Azlar dayanır. 

Bəli, adı müqəddəs Qurani-Kərimdə üst-üstə 20 surədə və 65 ayədə çəkilən, inanılmaz dərəcədə güclü, qüvvətli, zəngin, qüdrətli olduğu söylənən bir xalq Asiya qitəsi boyda ərazinin o zaman üçün artıq kəşf edilmiş münbit torpaqlarına sahib ola bilərdi. 

Məşhur tarixçi Pompey Troqun əsərində babalarımızın tarixi ilə bağlı çox ilginc bir məqama da rast gəlinir. Sitatı olduğu kimi təqdim edək.

“II kitab. (3.1) Şkuzlar Asiya üzərində 3 dəfə hökmranlıq etməyə nail olmuş, özləri isə nə məğlub, nə də başqasının hakimiyyətinə tabe olmuşlar. (2) Persiya çarı Dariusu biabırçılıqla Şkuziyadan qovmuşdular. (3) Kuruşu bütün qoşunu ilə birlikdə öldürmüşdülər...”

Aydın məsələdir ki, Pompey Troq Dariusu yəni pers hökmdarı Daranı qovmuş xalqın (Şkuzların / Oğuzların) Kuruşu öldürmüş xalqla (Saqalarla / Baş Saqatlarla) eyni etnos olduğunu bilirdi, məhz buna görə iki ayrı-ayrı hadisəni eyni millətin adı ilə qeyd edib. Eyni məntiqlə Pompey Troq Asiya üzərində ayrı-ayrı vaxtlarda 3 dəfə hökmranlıq edənləri də eyni millətin nəsilləri olaraq görüb ki, onları elə həmin adla – “ŞKUZ” / “Oğuz” olaraq adlandırıb (Şkuz-Oğuz eyniləşdirməsinin elmi cəhətdən təsdiqi üçün bax: Z.Həsənov, “Çar Skiflər”, Bakı, 2005). Zənnimizcə, sitatın ilk cümləsində yazılanlarda yəni Asiya üzərində Şkuzların (qədim Oğuzların) 3 dəfə hökmranlıq etmələri barədə tarixçinin qeydlərində Az xalqının da payı vardır. Həm Az xalqı, həm Şkuz (Oğuz) adlı tarixi təşəkkülümüz, həm də Oğuzların sonrakı yenidən təşəkkülünün nəticəsi olan Saqalar (Massagetlər və ya Baş Saqatlar) özlərinin bütün parametrlərinə - yaşam tərzinə, adət-ənənələrinə, dillərinə, dini görüşlərinə və s. görə Pompey Troqa eyni bir etnosu xatırlatdığı üçün o, bu cür yazmışdır. Bizim araşdırmağa çalışdığımız Az xalqının Şkuzlarla və ya İç Oğuzlarla etnik bağlılığı məsələsinə isə irəlidə toxunacağıq.

Az xalqının adının çəkildiyi Mesopotamiya kitabələrinə dair daha bir araşdırmaçının qeydlərinə bu məqamda diqqət yetirək. İngilis alimi Pol Conson (Paul Johnson) özünün “Yəhudi tarixi” adlı monoqrafiyasında yazır ki, “Mesopotamiya lövhələrində və yazılarında SAGAZ ideoqramı Hapiru və ya Habiru deyilən ayrıca bir qövmdən bəhs etməkdədir... Sözügedən xalq düzənli bir əşirət olmayıb, bu gün Orta Şərqin və İranın bəzi bölgələrində olduğu kimi mövsümə görə köç edən bir toplum idi...” Və sonra əlavə edir: “İbrahim bu Habiru köçəri qövmlərindən birinin lideri idi.” /11, səh. 24/. İkiçayarası yazılarında müşahidə olunan SAGAZ ideoqramında AZ komponenti diqqət cəlb edir (Saqa-larınsa qədim Oğuzların bir qolu, bir təşəkkülü olduğunu tarixdən bilirik) və maraqlıdır ki, Azların adı çəkilən yerdə ingilis alimi İbrahim peyğəmbəri xatırladır, bu ideoqramla ifadə olunan xalqın mövsümə görə köç etməsindən danışır. Mövsümə görə köç etmə yəni yayda yaylağa, qışda qışlağa köçmə isə çox-çox qədimlərdən məxsusi olaraq oğuz-türk tayfalarına aid bir özəllikdir. SAGAZ ideoqramının bəhs etdiyi Habiru adlı qövmə gəlincə, ərəb tarixçisi Təbəridə maraqlı bir məqam diqqəti cəlb edir. Belə ki, Hacı Sabir Həsənlinin bildirdiyinə görə, bəzi salnaməçilərə istinad edən Təbəri yazır ki, “Hud (ə) elə Şalixin oğlu və Ərfəxşidin nəvəsi, Samın nəticəsi, Nuhun kötücəsi Abir özüdür” /8, səh. 65/. Burada maraqlı cəhət Təbərinin Hud (ə)-la eyniləşdirdiyi Abir isminin İbrahim peyğəmbərin rəhbəri olduğu söylənən Habiru adlı qövmün ismi ilə uyğunluğudur.

F.Ağasıoğlunun kitabında Azlarla bağlı nəzərdən keçirilməli bir məqam da Azların qədim kitabələrdə həm “Az eri”, həm də “Az kişisi” şəklində qeyd olunması ilə əlaqədardır: “Azərlərin bir qolu da Az-kişi adlanmışdır. Bartold əvvəllər xristianlığı qəbul etmiş Qafqaz türklərinin sırasında Azkişi tayfalarının adını çəkir” /6, səh.20/.

Müstəqil araşdırmaçılar Yunus Oğuz və Bəxtiyar Tuncay Strabonun “Coğrafiya” əsərində Asta adlı şəhərin adının çəkildiyini bildirərək bu adın AS/AZ tayfasının adından götürülməsi ehtimalını mümkün hesab edir və yazırlar: “Maraqlıdır ki, As tayfalarının Troyadan (müasir Türkiyə ərazisindən – izah müəlliflərindir) Avropa və İslandiyaya köç etməsi haqqında “Kiçik Edda” abidəsi də lazımi qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir ki, Aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adları və digər toponimləri özləri ilə Avropaya aparmışlar” /13, səh. 238-239/. Söhbət XIII əsrdə yaşamış İslandiya tarixçisi Snorri Sturlusonun “Kiçik Edda” adlı əsərindən gedir. 1222-1225-ci illərdə yazılmış bu əsərdə Azların etnik mənsubiyyəti ilə bağlı olduqca dəyərli bir məlumatı əsla nəzərdən qaçırmaq olmaz: “Troya türk ölkəsidir... Türklərin ölkəsini tərk edib... Avropaya gələn Azlar buraya türk adət-ənənələrini gətirdilər və burada türklərin vərdiş etdikləri qanunlar tətbiq edildi” /13, səh.376-377/.

Az xalqının böyük ərazilərə sahib, həmçinin, çoxsaylı köçlər nəticəsində digər dünya xalqları üzərində müxtəlif zamanlarda təsir gücünə malik qüdrətli bir xalq olduğunu Skandinavların qədim dini görüşlərindən də sezmək mümkündür. Bu yazıda Tur Heyerdalın araşdırmalarına toxunmadan başqa maraq doğuran bir məsələni qeyd etmək istərdik. Qədim skandinav əfsanələrində yüksək səma ilahiləri ailəsi həm “AS”, həm də “AZ” adlanırdı /15, səh. 38, 44/. Tarixdən bir çox Avropa xalqlarının müxtəlif zamanlarda türk soylu xalqların təmsilçilərinə qibtə ilə yanaşdıqlarını, onlara xas mədəniyyət örnəklərini və dini görüşləri kopyalayaraq əxz etdiklərini ən azı germanların (Nibelunqlar haqqında əfsanəni xatırlayaq) və ya qədim yunanların timsalında bilirik, Zaur Həsənovun “Çar Skiflər” adlı dəyərli əsəri bu haqda geniş bilgi verir. Elə təkcə yunanların at belində çaparkən arxaya doğru qanrılıb sərrast ox atan qədim Oğuz döyüşçülərini Kentavr obrazı şəklində necə ilahiləşdirdiklərini, Ukrayna steplərində yaşayan Oğuzların təktanrıçı dini inanc sistemində olan elementlərdən özlərinin çoxtanrıçı görüşlərində yararlanmalarını xatırlamaq bu fikrimizin təsdiqi üçün yetərlidir. Skandinav dini görüşlərində Azların ilahiləşdirilməsi də eyni səbəbdən izah oluna bilər. 

AZLAR VƏ AZƏRLƏR

Araşdırmamızın əsas problemli məsələsi olan Ad qövmünün (Az xalqının) Allahın qəzəbinə tuş gəlməsi, həmin xalqın sağ qalan mənsublarının yenidən təşəkkül prosesi keçməsi barədə tarixi-mifoloji yöndən də fikir söyləməyə ehtiyac vardır. Bu gün Azərbaycan türklərinin ən qədim dövr tarixinin tədqiqində böyük bir durğunluğun şahidi olsaq da, bu sahədə müstəqil araşdırmalar yavaş-yavaş öz sözünü deməkdədir. Artıq Aratta, Quti, Manna, Midiya (daha doğrusu Maday) kimi qədim Azərbaycan dövlətlərinin tarixi ilə yanaşı Azərbaycan türklərinin etnogenezi sahəsində də yeni elmi araşdırmalar və tədqiqat işləri işlənib-hazırlanmaqda, Saqaların, İşquzların, Azərlərin tarixinin qaranlıq nöqtələrinə işıq salınmaqdadır. Artıq Qafqazın və ön Asiyanın qədim dövr tarixində Azər xalqının danılmaz rolu və yeri müəyyən olunmuşdur. Lakin millətimizin eradan əvvəlki minilliklərdə, Azər xalqı kimi formalaşmazdan öncəki durumu və mövcudluğu haqda qəti söz deyilməyib. Yəni Azərlər öncə kimlər idilər, Azər adı altında yenidən necə təşəkkül tapıblar, bu kimi suallar ətrafında hələ çox fikir mübadilələri aparılacağı və çox fərziyyələr söyləniləcəyi şəksizdir. Öz tərəfimizdən Azərlərin daha əvvəl Az xalqının bir hissəsi olması versiyasını irəli sürdük və müxtəlif məntiqi dəlilləri incələməyə çalışdıq. Maraqlıdır, bəs Az xalqının Azər xalqına çevrilməsi hansı hadisələrlə müşayiət olunub. Biz Az xalqını Qurani-Kərimdə adı çəkilən Ad qövmü ilə eyniləşdirdiyimiz üçün Az xalqının aqibəti barədə də müəyyən təxminlər irəli sürmək, bu təxminləri tarixi-mifoloji baxımdan incələmək və eyni zamanda Hud peyğəmbər adlı insanın kimliyi ətrafında da fikir yürütmək düşüncəsindəyik. 

Az xalqının gücü, təsir dairəsi ilə bağlı məlumatlar Qurani-Kərimdə Ad qövmünün təsviri ilə üst-üstə düşür. Bunu əvvəldə söylədiyimiz məqamlarda da açıqca gördük. Bəs bu qədər qüdrətli bir xalqın sonradan “İlahi ələkdən keçərək ələnməsi”, Azərlər şəklində yenidən təşəkkül tapıb tarix səhnəsinə çıxması necə və nə vaxt baş verib? Bu mövzu müasir tarix elmində də, Quran tarixşünaslığında da hələ yazılmamış mövzu olduğuna görə bu barədə birbaşa və qəti fikir söyləmək çox çətindir. Tarixin dərinliklərinə vardıqca, mənbələrin artıq qalmadığı daha qədim dövrlərə nüfuz etdikcə həqiqətləri olduğu kimi anlaya bilmək üçün böyük Tanrının göndərdiyi müqəddəs kitablara istinad etmək ehtiyacı özünü daha qabarıq şəkildə göstərir. Son müqəddəs İlahi kitab özündə bu günədək bilinməyən sayılmayacaq qədər çoxlu həqiqəti əks etdirməkdədir. Bunu Ad qövmünün, yaxud bizim təbirimizcə, Az xalqının başına gələnlərlə bağlı ayələrdən görmək olar. 

Mövzunun əvvəlində Quran ayələrinin məlumatları əsasında müəyyən etdik ki, Ad (Az) qövmünün insanları yaxud bu insanların ərsəyə gətirdikləri dövlət qurumu böyük ərazilərə sahib olduqdan və ətraf xalqlardan qat-qat güclü, qüdrətli bir hala gəldikdən sonra (Əl-Əraf, 69) Ad (Az) xalqı öz güc, qüdrət, zənginlik və əzəmətindən vəcdə gəlmiş (Əl-Əhqaf, 26), məğlubedilməzlik duyğusundan hədsiz dərəcədə təkəbbürlənmiş (Fussilət, 15), kütləvi şəkildə özünəarxayınlığa qapılmış, Allah yolundan çıxıb bütpərəstliyə yuvarlanmış (Əl-Əhqaf, 21) və cəzasız qalacağını düşünərək qudurğanlığa meyl etmişdir (Əş-Şuəra, 130). Az xalqına bir neçə dəfə Allah tərəfindən peyğəmbərlər göndərilmiş (Əl-Əhqaf, 21), amma onlar bu peyğəmbərlərin öyüdlərini qulaqardına vuraraq öz bildikləri kimi yaşamağa davam etmişlər. Nəhayət, Allah tərəfindən Ad (Az) xalqını ilahi əzabla qorxudan (və Quranda adı Hud (ə) kimi qeyd olunan) cəsarətli bir Tanrı elçisi göndərilmiş, o insan bütün gücüylə öz xalqını doğru yola sövq etməyə çalışmış, lakin çox az bir qism insanı Allah yoluna qaytara bilmişdir. Hud (ə)-ın hansı üsullarla Tövhid mübarizəsi aparması, özünün azsaylı tərəfdarları ilə birlikdə kafirlərə qarşı cihad edib-etməməsi barədə məlumatlar azdır, ancaq Ad (Az) qövmünün əksər hissəsinin yenə də öyüdləri qulaqardına vurması, özlərinin şirk və təkəbbürlə dolu yaşam tərzini davam etdirməsi və nəhayətdə Allahın bu xalqın əksər hissəsinə qəzəbinin vacib olması ayələrdən aydın görünür. Torpaqları həddən artıq münbit olan Atayurdda Ad (Az) qövmünün Allahı inkar edən insanlarının üzərinə bəla endirməzdən öncə Allah-təala Hud peyğəmbər və ona iman gətirənləri xilas etmişdir. Bu xilasetmə, ayələrin məzmunundan hiss olunduğu kimi, Hud (ə) və onun ətrafındakıların həmin fəlakət bölgəsindən uzaqlaşdırılması ola bilərdi. İbrahim surəsi, 13-14-cü ayələr əsasında da təxmin etmək olur ki, kafirlər İlahi qəzəbə düçar olaraq məhv edildikdən sonra Allahın peyğəmbəri və onu dəstəkləyən insanlar toplusu həmin torpaqlara geri dönərək yenidən məskunlaşmış, yeni bir xalqın formalaşması prosesinə başlamışlar. Bizim qənaətimizə görə, Quranda “əvvəlki Ad” deyildikdə Az xalqı nəzərdə tutulmuşdur, “sonrakı Ad” isə məhz Azər xalqıdır. Yəni başqa sözlə, Azərlər Azların sonrakı və Təktanrıçılığa iman gətirib Hud (ə)-a inanan qisminin ərsəyə gətirdiyi xalqdır. Bu gün Azərbaycan tarixi Azərlərdən öncəki dövrlə bağlı heç bir məlumata malik deyil, çünki Azərbaycan adlı tarixi-coğrafi arealın böyük bir hissəsini təşkil edən güney Azərbaycanda İran höküməti yeni-yeni arxeoloji qazıntıların aparılmasına icazə vermir. Ancaq Azər xalqının adından da göründüyü kimi, bu xalqın əvvəlki təşəkkülü məhz Az xalqı olmalıdır. 


HUD PEYĞƏMBƏR KİMDİR?


Qeyd etdiyimiz kimi, dəmir məntiq, intuitiv duyğu və Quran ayələrindəki məlumatların mənası Ad qövmünün məhz Az xalqı, onların sağ qalan imanlı insanlarının təşkil etdiyi yeni xalqın isə məhz Azər xalqı ola biləcəyini pıçıldayır. Hər bir xalqın uğurlu şəkildə yenidən təşəkkülü onun konkret ideya və şəxsiyyət ətrafında birləşməsini zəruri edir. Azların yeni təşəkkülündə onun azsaylı imanlı insanlarının Təktanrıçılıq (başqa sözlə, tövhid) ideyasına tapınması başlıca rol oynamışdır. Bu ideyanı onların qəlblərinə hakim qılan şəxs isə Qurani-Kərimdə adı dərin hörmət və ehtiramla anılan Hud peyğəmbərdir. Bu insanın apardığı İlahi mücadilənin Tanrı dərgahında nə qədər böyük əhəmiyyət kəsb etməsi Quranın bir surəsinin “Hud surəsi” adlanmasından, bu peyğəmbərin öz xalqına xitabən söylədiyi sözlərə və fikirlərə ilahi kitabda geniş yer verilməsindən də görünür. İslam tarixi yer üzündəki insanları haqqa dəvət etmək üçün 124 min peyğəmbər göndərildiyini qeyd edir, və bu peyğəmbərlərin bir çoxu barədə Qurani-Kərimin ümumi sözlərlə danışdığı halda, Hud peyğəmbərin fəaliyyətini bu qədər əhatəli təsvir etməsi və dəfələrlə xatırlaması bu insanın gördüyü işlərə görə Allah dərgahında nə dərəcədə qiymətləndirilməsinin göstəricisidir. 

Ad qövmünün AZ xalqı ola biləcəyi versiyasını linqvistik təhlil süzgəcindən keçirərkən də dediyimiz kimi, bizim inamımıza və düşüncəmizə görə, adı Quranda Hud kimi çəkilən bu pak insanın adı da eyni məntiqlə məhz “HUZ” kimi tələffüz edilməlidir. Və Huz peyğəmbər bütün dünya türklüyünün məfkurə və şəcərə babası sayılan, öz kafir soydaşlarına qarşı rəşadətlə mübarizə aparıb sonunda Azların Azərlər kimi təşəkkül tapmasında həlledici rol oynamış olan Oğuz xaqan yaxud Oğuz peyğəmbərdir. Hud peyğəmbərin Oğuz ola biləcəyini hansı məntiqi düşüncə tərzi ilə təxmin edə bilərik? 

Hər şeydən əvvəl linqvistik və fonetik baxımdan HUD və OĞUZ isimlərinin eyniləşdirməsini aparaq. İlk baxışdan bu adlar tamamilə fərqli isimlər kimi görünür, yeganə uyğunluq hər iki isimdə “U” hərfinin olmasıdır. Lakin diqqətlə incələdikdə çox maraqlı nüanslarla qarşılaşmaq olar. Ərəb əlifbasında ümumən “O” hərfi sözlərin əvvəlində yazılmır, ona görə də OĞUZ adı HUZ olaraq tələffüz edilə və yazıla bilər. “HUD” ismi isə, bizim fikrimizcə, “Azərbaycan” ismindəki kimi, dişarası “Z” səsini verən və “D” (dal) hərfindən yalnız öz nöqtəsinə görə fərqlənən “Zəl” hərfi ilə yazılmalıdır, belə olduqda həmin söz tələffüzdə həm “Hud”, həm də “Huz” kimi oxuna bilər (ərəblərin erkən orta əsrlərdə ölkəmizi həm Adərbaycan həm də Azərbaycan kimi qeyd etmələrini xatırlayaq). Tamamilə mümkündür ki, xəlifeyi-raşidun zamanında xəlifələrin əmri ilə Qurani-Kərimin vahid nüsxəsi hazırlanarkən “Ad” və “Hud” isimləri ayələrdə nöqtə qoyulmadan yazılmışdır. Bu, əsla Quranın təhrif olunması anlamına gələ bilməz, çünki leksik məna baxımından bu nöqtənin Ad və Hud isimlərindəki “Dal” hərfi üzərinə qoyulmaması heç bir təhrifə aparıb çıxarmır, ayələrin leksik-semantik məna çalarları olduğu kimi də qalır, təhrif, biz bildiyimiz kimi, hər hansı cümlənin, fikrin məna baxımından özgələşdirilməsi zamanı baş verir. Və yaxud başqa bir ehtimalla, Qurani-Kərimdə qeyd olunduğu kimi, bu xalqın adı elə əvvəldən Ad qövmü, sonra Adər xalqı, ölkəninsə adı müvafiq olaraq Adərbayqan/Adərbaycan olmuş, eranın əvvəllərindən bu yana isə tədricən dişarası “Z” səsini ifadə edən hərflə yazıldığına görə “Adərbayqan/Adərbaycan” sözü həm də “Azərbaycan” olaraq qeyd edilmişdir, burda ölkəmizin adındakı “D-Z” yerdəyişməsində babalarımızın ətraf xalqlar tərəfindən “İbrahim milləti” kimi adlandırılması, həmçinin, İbrahim peyğəmbərin atası Azərin ismi də rol oynaya bilərdi. “D-Z” yerdəyişməsinə bir sıra Azərbaycan toponimlərində də rast gəlinir. Azərbaycanın quzeyində bir neçə “Alpout” isimli kənd vardır, aydındır ki, bu kəndlərin adı “Alp oğuz” anlamındadır və xalq dilində ayrı-ayrı isimlərin hərflərinin təhrif edilərək tələffüz olunması (bu hal, Azərbaycan türkcəsinin sadə xalq dili üçün qayət təbii sayılır) nəticəsində “ALPOUZ” ismi zamanla “ALPOUD”/“ALPOUT” şəklinə düşüb. 

Maraqlıdır ki, eradan əvvəlki Assur yazılarında, ümumilikdə semit mənbələrində, həmçinin, Avropa tarixçiləri tərəfindən Oğuzların ölkəsi “İşkuzaay” (İş + kuza + ay) yəni “İç Oğuz ölkəsi” kimi, özü də “Z” hərfi dişarası tələffüz olunmaqla və dişarası simvolla qeyd olunurdu. Konkret olaraq Herodotun “Tarix” əsərində İşkuz ölkəsi yunan əlifbası ilə Skuqαi şəklində (tələffüzdə “İşkuzay”/ “Şkuzay”) yazılıb, M.Dyakonov da bu ismi Scuthai kimi qeyd edib /14, səh.130/. “q” hərfinin Avropa dillərinin fonetikasında dişarası “S/Z” səsini verdiyini elə təkcə ingilis dilinin fonetikasına nəzər salmaqla görmək olar. Rus tarixşünaslığı məhz bu hərfi Kiril və Mefodinin 863-cü ildə hazırladıqları əlifbada olan oxşar yazılışlı “fita” hərfi zənn edərək bu türksoylu xalqın adını elmə “Skif” şəklində daxil etmişdir. 

Ümumiyyətlə, semit dillərində bir “dişarası hərf” mərəzi vardır ki, bu da bir çox hallarda insanların və ya xalqların adlarının mənbələrdən düzgün oxunmasına əngəl olmuşdur. Məsələn, Azərbaycanın ən qədim tayfa ittifaqının ismi sovet dönəmində tarixçilər tərəfindən yanlış yerə QUTİ və ya KUTİ olaraq oxunmuşdur və bu gün də eyni yanlışlıq davam edir, halbuki mənbələrdə bu ad KUTHİ/GUTHİ olaraq yazılır. “TH” hərfbirləşməsi isə, bir sıra müasir Avropa dillərindəki kimi, dişarası “Z” səsini verir, yəni bu tayfa ittifaqının adı KUZİ/QUZİ kimi oxunmalı idi, belə olan surətdə asanlıqla müəyyən etmək olardı ki, GUTHİ ismindəki “-i” hissəciyi cəm şəkilçisi olduğuna görə, sözügedən tayfa birliyi QUZLAR yaxud OĞUZLAR olub. Məhz bu qeyd etdiklərimizi nəzərə alaraq belə təxmin etmək olar ki, eyni D-Z yerdəyişməsi, dişarası hərf və səslər problemi Ad qövmü, Hud peyğəmbər və Adərbaycan isimlərinin yazılışında da olmuşdur. 

HUD və OĞUZ isimlərinin eyniləşdirməsi zamanı diqqəti cəlb edən digər məqamlar da vardır. Məsələn, tərkibində “Ğ” səsi olan sözlərin mənbələrdə çox zaman “H” və ya “Q” hərfləri ilə qeyd olunduğunu bilirik. Yeri gəlmişkən, bu gün Azərbaycanda mövcud olan 20-yə yaxın Qız qalasının isminin qədimdə “Quz” (Oğuz) qalası adlanması faktı tarix elminə məlumdur. Qədim türk dillərində, xüsusən də Azər türkcəsində “Ğ” səsi indiki kimi qabarıq tələffüz edilmirdi, müasir Anadolu türkcəsində olduğu kimi, danışıq zamanı bu səs “H” səsinə bənzər tələffüz edilirdi. Elə bu gün də Anadolu türkləri “Oğuz” adını “OHUZ”/“OUZ” kimi tələffüz edirlər. 

Beləliklə, Quranda Ad qövmü ilə bağlı adı çəkilən Hud peyğəmbərin isminin linqvistik nöqteyi-nəzərdən “OĞUZ” ismi ilə eyniləşdirilməsinin tam mümkün olduğu anlaşıldı.

Linqvistik təhlildən sonra Oğuzla bağlı türk mifologiyasının məlumatlarına da ümumi bir nəzər salmaq gərəkir. Bəzi alimlərin düşündüyünün əksinə olaraq, biz mifologiya sahəsini heç də nağıl və ya elmilikdən uzaq bir sahə kimi dəyərləndirmir, əksinə, belə hesab edirik ki, haqqında tarixi mənbələrin artıq qalmadığı çox-çox qədim dövrlərin gerçək hadisələri xalqın şifahi yaddaşına həkk olaraq bu günümüzə əfsanə şəklində gəlib çıxmış, bu məlumatlara da xalq öz mübaliğə dolu nağılyaratma düşüncəsi ilə yanaşdığı üçün həmin məlumatlarda zaman-zaman müxtəlif mifik nağıl obrazları peyda olmuşdur. Bununla belə, hər bir əfsanədə inkaredilməz bir həqiqət payı qalmaqdadır və alimlərin borcu məhz bu həqiqət payını araşdırıb üzə çıxarmaqdır. Bu baxımdan da, içində yaşadığımız əsr nə qədər yüksək elmi-texnoloji nailiyyətlər əsri kimi qəbul edilsə də, mifoloji qaynaqların məlumatlarına qeyri-ciddi yanaşmaq əsla qəbuledilməzdir.

“Oğuz” ismi türk mifologiyasında həm türk xalqlarına Təktanrıçılıq inancını təlqin etmiş və onları bütpərəstlik xəstəliyindən xilas etmiş bir peyğəmbər kimi (Oğuz peyğəmbər), həm bu inanca sahib olan türklərin qurmuş olduğu nəhəng bir dövlətin hökmdarı (Quza Xaqan və yaxud Oğuz Xaqan) kimi, həm də öz fütuhatları ilə türk xalqlarının yaddaşına əbədi həkk olmuş bir fateh kimi tanınır. Oğuz barədə ən dəyərli tarixi-mifoloji qaynaqlardan biri Fəzlullah Rəşidəddinin məşhur “Oğuznamə”sidir. Mənbədə islam dini ilə bağlı elementlərin olmasına baxmayaraq, öz məzmununa görə bu əsərin çox qədim dövrlərin hadisələrini yarı-əfsanə şəklində də olsa əks etdirdiyi asanlıqla anlaşılır. Bu əsərdə Oğuzun dünyaya gəlişi, anası təkbir gətirib Allahın birliyini təsdiq edənəcən dil açıb onun südünü içməkdən imtina etməsi, atası başda olmaqla bütpərəstliyə tapınan hər kəsi tövhid inancına dəvət etməsi, bunu rədd edən kafir türklərə qarşı savaş elan etməsi, hətta bu savaşlar zamanı öz atası Qara xaqanın öldürülməsi, təkallahlılıq düşüncəsini türklərə qəbul etdirməsi, taxta çıxaraq tövhid inancına əsaslanan hakimiyyət qurması, insanlığı Allah yoluna dəvət etmək və bu yolu qəbul edən türk ellərini bir mərkəzdə birləşdirmək məqsədilə müxtəlif ölkələrə yürüşlər etməsi, bir sıra digər xalqları Təktanrıçılıq yoluna gətirməsi, öz ordusu ilə hətta Misir torpaqlarına qədər gedib çıxması qeyd olunmuşdur. Orta Asiya türk xalqlarının mifik görüşləri əsasında yazılmış bu mənbədə Oğuz Orta Asiyadan çıxmış bir insan kimi göstərilsə də, maraqlıdır ki, Rəşidəddin Oğuz Xaqanın Dərbəndə, Şirvana, Şamaxıya, Şabrana, Arrana, Muğana, Diyarbəkrə səfərlərindən ayrı-ayrılıqda söhbət açır, Savalan dağının, Ucan yaylağının və tarixi Azərbaycanın bir sıra digər yerlərinin adlarını çəkir /17, səh.19-24/. Oxşar məzmunlu daha bir qaynaqda – Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” adlı əsərində (“Türkmənlərin soy kitabı”) Oğuzun hekayəti müəyyən qədər mübaliğəli şəkildə və türk soylu hökmdar sülalələri bir-birinə qarışdırılmaqla qələmə alınıb. Bu əsərdə də Oğuz əsasən sərkərdə, ordu başçısı kimi təsvir edilir, lakin bir sərkərdə kimi onun başlatdığı savaşın əsas qayəsinin Təktanrıçılıq olduğu qeyd olunmaqla Oğuzun türk ulusunda peyğəmbərlik missiyası daşıdığı təsdiqlənmişdir /4, səh. 6-9/. Maraqlıdır ki, Atayurd Azərbaycandan şərqə doğru uzaqlaşdıqca digər türk xalqlarının folklorunda Oğuz obrazının peyğəmbərlik missiyası arxa plana keçməkdə, o daha çox fateh sərkərdə kimi tanınmaqdadır. Prof.dr. Erol Güngörün “Tarihte türkler” adlı kitabında da “Oğuz xaqan” dastanının uyğur dilindəki əlyazma mətnində bizlər Oğuzun məhz bu qeyd etdiyimiz parametrlərlə təsvirini görürük /3, səh. 18-20/.

Ta qədimdən türk xalqlarının düşüncə sistemi hərbçi-döyüşçü sistemi olduğuna görə bu soyun tarixi-mifik qəhrəmanlarının genetik yaddaşda məhz sərkərdə tipi kimi yer tutması heç də təəccüblü deyil, və bu minvalla Oğuzla bağlı əfsanələrdə də onun sərkərdəlik bacarığına peyğəmbərlik missiyasından qat-qat çox yer verilməsi tamamilə anlaşılandır. Deməli, əfsanələşmiş tarixi məlumatların təhlili zamanı Oğuzun peyğəmbərlik missiyasına da ən azı onun sərkərdə kimi təqdim olunması qədər əhəmiyyət verilməli və diqqət yetirilməlidir.

Türk dünyasında sərkərdə olduğu qədər bir peyğəmbər kimi də qəbul edilən Oğuz Xaqan şəxsiyyətinin bəşəriyyətə göndərilmiş son ilahi kitab olan Qurani-Kərimdə xatırlanıb-xatırlanmaması Quran tarixşünaslığı baxımından araşdırılmalı olan çox mühüm bir mövzudur. Və bu mövzuya müxtəlif tərəflərdən olduğu kimi, ayrıca məntiq prizmasından da yanaşmaq lazım gəlir. Əslində dünya türkləri qədər böyük bir soyun haqq yolundan sapanlarının tövhid yoluna gəlməsi üçün Təktanrıçılıq savaşı açmış bir insanın (fərq etməz həmin insan bu gün tarixi şəxsiyyət kimi anılır yoxsa mifoloji varlıq kimi) son ilahi kitabda anılmaması məntiqdən kənar görünərdi. Doğrudan da, axı Qurani-Kərimdə hətta peyğəmbər olmayan İskəndər Zülqərneyn kimi, hətta son peyğəmbərimizin düşməni olan Əbu Ləhəb kimi adamların adları çəkilir, bəs necə ola bilər ki, bu boyda nəhəng, ucsuz-bucaqsız ərazilərdə mövcud olan böyük bir soyun Təktanrıçılıq bayrağı altında birləşməsi və Tanrı əsgərinə çevrilməsi üçün mübarizə aparmış, qılınc çalmış bir insanın adı Quranda xatırlanmaya?! Bu məntiqdən çıxış etsək və bəşəriyyətin nüvəsində dayanan İlahi ədalət amilinə sığınsaq, Oğuz şəxsiyyətinin Quranda xatırlandığını mütləq şəkildə qeyd etməliyik. 

Bu məqamda daha bir sual yarana bilər: Oğuzun Təktanrıçılıq məfkurəsi ətrafında birləşdirdiyi xalq yaxud xalqların nüvəsi Azər xalqıdırsa, bəs niyə babalarımız mənbələrdə eyni zamanda həm də Oğuzlar, İşquzlar və ya İç Oğuzlar kimi anılmışdır? Zənnimizcə, Oğuz xaqan dünyasını dəyişdikdən sonra bu böyük şəxsiyyətin adı və əməlləri unudulmasın deyə xalq özünə onun adını götürmüş, ətraf xalqlara özünü təkcə Azərlər kimi yox, həm də “Oğuzlar” yəni “Oğuzun yolunun yolçusu, Oğuzun xalqına mənsub insanlar” kimi tanıtmışdır. 


OĞUZ HARDA MÜBARİZƏ APARIB?


Müasir dilçilik elmi Ural-Altay dil ailəsində əsas ağırlıq mərkəzinin türk dilləri qrupu olduğunu rəsmən qəbul edir. Türkoloqlar haqlı olaraq bu dil ailəsinin elmi cəhətdən məhz Türk dilləri ailəsi kimi adlanmasının vacibliyini bildirirlər. Türk dilləri ailəsinin Oğuz dilləri yarımqrupuna daxil olan Azərlərin, Anadolu türklərinin, türkmənlərin, kumıkların və qaqauzların yaşadıqları areallara coğrafi baxımdan diqqət yetirsək, Oğuz şəxsiyyətinin məhz bu xalqların folklorunda və mifologiyasında şərqdəki türk soylu xalqlara nisbətən daha önəmli yer tutduğunu, bu səbəbdən də sözügedən insanın əsas fəaliyyətinin məhz bu xalqların torpaqlarını əhatə etməsini təxmin edə bilərik. Sözügedən torpaqların mərkəzində isə Azərbaycan tarixi-coğrafi arealı yerləşir. Biz yazımızın əvvəlki bölümlərində Quranda adı çəkilən Ad (Az) xalqının Azərbaycanla bağlı olması fərziyyəsini müxtəlif tərəflərdən əsaslandırmağa çalışdıq. Eyni zamanda Oğuzun (Qurandakı adı ilə, Hudun) mübarizə apardığı başlıca məkanın da məhz Azərbaycan olması ehtimalını bütün bu söylədiklərimizin fonunda daha həqiqətəuyğun hesab etmək lazım gəlir. Sırf tarixi baxımdan yanaşdıqda, ən qədim Oğuzlara aid olması bu gün artıq şübhə doğurmayan Quti (Quzlar) dövləti (e.ə.XXI əsr) və İşquz (İç Oğuz) çarlığı (e.ə.VII əsr) Azərbaycan tarixi-coğrafi arealını əhatə edən dövlətlər olub. Oğuz Xaqan şəxsiyyətinin Azərbaycan arealı ilə bağlılığı ehtimalını təsdiqləyə biləcək bir tarixi mənbəni bu yerdə xatırlatmağa, zənnimcə, ehtiyac var. Mifoloji səciyyə daşıyan digər məxəzlərdən fərqli olaraq bu mənbə rəsmi tarixi mənbədir.

AD (Az) qövmünün atayurdu
kimi təxmin edilən ərazilər.
Ağqoyunlu imperatoru Həsən Bayandurlunun (Uzun Həsənin) saray tarixçisi Əbubəkr əl-Tehrani əl-İsfahani öz hökmdarının sifarişi ilə 30 ildən artıq bir müddət ərzində Həsən Bayandurlunun nəsil-şəcərəsini araşdırmış, gərgin əmək sərf edərək və çoxsaylı tarixi məxəzləri incələyərək əldə etdiyi məlumatları “Kitabi-Diyarbəkriyyə” adlı əsərində cəmləmişdir. Əl-Tehrani bu əsərdə Uzun Həsənin 54-cü babasının Oğuz Xaqan olduğunu bildirir, Oğuz Xaqanın öz fütuhatlarının sonunda Göyçə gölü (Gökçə dəniz) yaylaqlarında qurultay çağırdığını, daha sonra məmləkətinin idarəçiliyini oğulları arasında böldüyünü və vəsiyyətini edərək həmin yerdə də haqq dünyasına qovuşduğunu qeyd edir /10, səh. 52/. Azərbaycan MEA Tarix İnstitutunun direktoru, tar.e.d., prof. Y.Mahmudov bu mənbənin Oğuz xaqanla bağlı məlumatlarına dair yazır: “Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada – Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.” /13, səh. 18/.

Oğuzun hər şeydən və hər kəsdən öncə Azərbaycanla, Az xalqı ilə, Azər xalqı ilə birbaşa bağlılığı versiyasının türkologiya sahəsində yaradacağı düşüncə qarışıqlığını təxmin etdiyimizə görə “Türklük yoxsa Azərlik öncədir?” sualına da cavablar aramağımız lazımdır.

Türkologiya sahəsindən məlumatlı insanlar yaxud türk xalqlarının araşdırıcısı olan alimlər gözlərini elm aləmində açandan “türk” adı altında böyük bir soyu tanıdıqları üçün bir qayda olaraq belə hesab edirlər ki, Azərlər, türkmənlər, kumıklar, tatarlar, başqurdlar və s. hamısı bu soyun qollarıdır. Bu düşüncə tərzi ötən əsrin əvvəlindən yəni türkçülüyün bir ideya axını olaraq yayılmağa başladığı və türkçü ziyalıların da türkçülüyün tarixi əsaslarına nüfuz etməyə başladığı dönəmdən bu yana həyata vəsiqə qazanmışdır. Əlbəttə ki, bu günkü baxışla yanaşdıqda bu, həqiqətdir. Lakin inkaredilməz bir gerçək də var – bu böyük soyun bütün qolları eyni anda, eyni tarixi dönəmdə bu qədər geniş bir coğrafiyanın hər qarışında “göydən zənbillə endirilərək” peyda olmayıblar, və bunlardan hansısa biri ilkin nüvə olmaqla daha qədim, daha “yaşlı” kök-türk xalqı rolunu oynamalıydı. Axı bir çox türkçü-alimin və ziyalının da təsdiqlədiyi kimi, “türk” kəlməsi “törük”/“türük” sözü ilə eyni kökdən olub leksik mənası “törənmiş” deməkdir. Əgər törüklər/türüklər törənmişlərdirsə, onların törəndiyi, gəldiyi kök, nüvə nədir, hansı xalqdır, özbəklərmi, türkmənlərmi, uyğurlarmı, yoxsa azərlərmi? Bax, bu nöqtədə türkologiya sahəsinin ən dərin bilgilərə sahib alimləri də “suyu üfürə-üfürə içərək” XX əsrdə türkologiya elmi üçün bilərəkdən cizilmiş cizgilər üzərində hərəkət etməyə, bütün dünya türklüyünün kökünü və əvvəlini aparıb Altay dağlarına, Ergenekon adlı məchul məkana, yaxud da orta Asiya səhralarına bağlamağa üstünlük verməklə işi bitmiş hesab edirlər. 

Türklük bu gün hüdudsuz bir əhatə dairəsinə malik olmaqla bərabər, onlarla eyni kökənli və kökü eyni olan dilli xalqı öz içinə almaqdadır. Lakin, bu o demək deyil ki, hər şey əvvəldən bu cür olub. İdealist tarix baxımından yanaşdıqda, türklük Nuh (ə)-ın oğlu Yafətin nəslidir, və Nuh peyğəmbərin gəmisi Cudi dağına oturduqdan sonra türklüyün ilk rüşeymi Yafətlə başlanırsa, o zaman biz əminliklə “müqəddəs Qurani-Kərim türklüyün Altaydan çıxma nəzəriyyəsini rədd edir” deyə söyləyə bilərik və türklüyün gerçək nüvəsinin bu günkü hansı türksoylu xalqla bağlı olmasını araşdıraraq yeni və daha ağlabatan fərziyyə irəli sürə bilərik. Cudi dağı Nuh soyunun, Nuh gəmisi insanlarının yer kürəsinə yayıldığı ilkin nöqtə kimi qəbul edilməlidir. Belə olduğu halda, Yafət soyu olan Türklüyün rüşeymini də bu bölgədə axtarmaq, bu bölgədəki xalqla bağlamaq gərəkdir – bu düşüncə tərzi, bu fikir Azərbaycan türklüyünün təəssübkeşliyi deyil, bu fikri ilahi kitabın verdiyi bilgiyə dayanan dəmir məntiq söyləyir. Və bu məntiq əsasında da dünya türklüyünün nüvəsinin, kökünün məhz qədim Azərlər olması fikrini irəli sürmək mümkündür. 

Hər bir meyvənin toxumu onun özündən də, ağacından da kiçik olur. Hər bir şeyin özəyi, nüvəsi onun özü ilə müqayisədə çox kiçik görünür. Türkçü ziyalılar türklüyün özəyini, nüvəsini araşdırarkən dünya türklüyünün bu günkü kəmiyyət və əhatə böyüklüyünə aldanmamalıdır. Bizim fikrimizcə, Oğuz adlı tarixi-mifoloji şəxsiyyətin yaşamı, fəaliyyəti, mübarizəsi və ölümü digər türk ellərindən daha
çox Azərlərlə, Azərbaycanla bağlıdır. Çünki Türklüyün gerçək nüvəsi, özəyi Azərlikdir. Tarixin müxtəlif dönəmlərində Atayurd Azərbaycandan ayrılıb müxtəlif ellərə köç etmiş Azərlərin digər qardaşları zaman-zaman geriyə, ilkin Vətənə döndükcə Atayurdda qalmış Azərlər öz qardaşlarını “türk” (törük/türük yəni “törənmişlər”) adlandırıb. “Türk” kəlməsinə ilk dəfə rast gəlinən tarixi mənbələrdə bu isim eradan əvvəl XVIII-XIII əsrlərdə Azərbaycanın güneyində Urmiya gölü sahilində məskunlaşmış tayfanı yaxud tayfa birliyini ifadə edib və “turuku”/“turuki” (“turuklar” və ya “türüklər”) şəklində yazılıb, bu fakt hələ sovet dövrünün sonlarında Y.Yusifov, M.İsmayılov, Q.Qeybullayev və digər Azərbaycan tarixçilərinin Azərbaycan tarixinə dair yazdıqları əsərlərdə qeyd olunub. Diqqət yetirsək, görərik ki, təxminən həmin dövrlərin tarixi mənbələrində paralel olaraq “Azari” (Azərlər) etnoniminə də yer verilməkdədir. 

Qurani-Kərimin Əl-Ənam surəsinin 74-cü ayəsindən İbrahim peyğəmbərin atasının adının Azər olduğu aydınlaşır. H.S.Həsənli “Peyğəmbərlər tarixi” əsərində din alimlərinin yekdil rəyinə əsaslanaraq və Məsudidən sitat gətirərək İbrahim (ə)-ın İsanın miladından düz iki min il öncə yəni eradan əvvəl XXI əsrdə doğulduğunu qeyd edir /8, səh. 86/. İbrahimin atasının Azər adlanması ən azı bu xüsusi ismin miladdan öncə XXI əsrdə adam adı olaraq işləndiyini, bu səbəbdən də “Azər” isminin ən azı “Turuki” etnonimi qədər qədim ola biləcəyi fikrini söyləməyə imkan verir. Və İkiçayarası (şumer) xalqını 100 ilə yaxın idarə etmiş qədim Quti (Quzlar/ Oğuzlar) dövləti ilə bağlı məlumatlar da “türk” kəlməsinin ilk işləndiyi mənbələrlə eyni qədimlikdədir, ən azı eradan əvvəl XXIII-XXI əsrlərə (III minilliyin sonuna) aiddir. F.Ağasıoğlu bildirir ki, “Quti sülaləsinin hakimiyyətdə olduğu çağda (e.ə.XXIII əsrdə) akkad qoşununun quzey bölgələrdə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boydur” /6, səh. 39/. Alimin digər fikri də bu baxımdan çox maraqlıdır: “Həm akkad, həm də elam yazılarında göstərilir ki, Qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda Quti adlanmırdı, sonrakı mənbələr göstərir ki, bəzi yazılarda “QUTİ” adı o dövrdə həmin ərazilərdə yaşayan, subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir” /6, səh. 147/. Bu o deməkdir ki, Quti (Oğuz) dövlətinin yüksəlişdə olduğu dönəmdə Türüklər soyca onlara aid olan bir boy olmuşdur, Azərlər də Quti (Quz və ya Oğuz) dövlətini təşkil edən başlıca ünsürlərdən biri kimi öz Türük qardaşları ilə eyni sırada yer almışlar. 

Az etnosunun türk xalqları arasında daha qədim olmasına dair bir fikri də bu yerdə qeyd etməyə, zənnimcə, ehtiyac var. Yunus Oğuz və Bəxtiyar Tuncay bildirirlər ki, “mərhum professor Cəfər Cəfərovun yazdığına görə, Azərbaycan ərazisində qeydə alınmış qədim türk tamğaları içərisində ən qədimi Az boyunun soy tamğasıdır və bu tamğanın təqribən 10 min il yaşı vardır. Yəni bu türk xalqı Azərbaycanda ən azı 10 min il bundan öncə məskun idi” /13, səh.375/. Bu söylənilən fikir həqiqəti əks etdirirsə, e. ə. VIII minillikdə bölgədə Azların mövcudluğunu bir gerçək fakt kimi qəbul etmək lazım gəlir, Türük isminin bunun qədər qədim olduğunu isbatlayan hər hansı bir tarixi mənb, kitabə, arxeoloji material yaxud fakt hələ ki aşkarlanmayıb. 

Deməli, bu söylənilənlər əsasında türklüyün nüvəsini tarixi ardıcıllıqla sıralasaq, öncə Az xalqının, sonra yenidən təşəkkül nəticəsində qədim Azərlərin yaxud ilk Oğuzların, bundan sonra isə ilk Oğuzlara aid digər təşəkküllərin (Türüklər də daxil olmaqla İşquz, Saqa, Qamər və s.-nin) adı çəkilməlidir. Yəni bu gün Azərlər, onların özləri və qardaşları olan Oğuzlar ümumən türklüyün bir qolu kimi görünsə və göstərilsə də, Azərbaycanda türüklük və azərlik eyni genetik kod və tarixi yaddaşa malik doğma ünsürlər kimi bir-birilə seçib-ayırmaq mümkün olmayacaq şəkildə qarışsa da, tarixilik və qədimlik baxımından Türklük Azərliklə və Oğuzluqla təxminən eyni dövrə və onlardan sonraya aiddir. Bu kontekstdə Oğuz Xaqan şəxsiyyətinin də Azərlərin təşəkkülündə rol oynadığı aydınlaşır. 

Göstərilən tarixi faktların işığında daha bir maraqlı məqamı qeyd etmək yerinə düşər. Əgər biz söylənilən faktlar və fikirlər əsasında Azərləri qədim Az xalqının Tək Tanrı inancına sadiq qalan yeni təşəkkülü olaraq görürüksə, o zaman Azərlərin Təktanrıçı dini görüşləri Qutilər zamanında (eradan əvvəl XXIII-XXI əsrlər) yenidən İkiçayarası xalqına bəxş etdikləri fikrini də qəbul etməliyik, çünki həmin dövrdə İkiçayarası bölgəsində əhalinin böyük bir qisminin bütlərə, digər bir hissəsininsə Aya, günəşə, ulduzlara tapınmalarını Quran araşdırmaçıları və din tarixçiləri yekdilliklə qeyd edir. Elə məhz bu dövrün sonlarına yaxın yəni din alimlərinin fikrincə, e.ə.XXI əsrdə özü Mosul yaxınlığındakı Hərran (oxu: Ərən) kəndində doğulmuş, Pol Consonun yarım-köçəri bir tayfaya aid etdiyi və atasının da adı Quranda Azər olaraq keçən Həzrət İbrahim (ə) İkiçayarasında ortaya çıxır, əvvəlcə bölgədə tüğyan edən bütpərəstliyə qarşı tövhid inancını bayraq edərək qətiyyətlə mübarizə aparır, daha sonra cuhutları (yəhudiləri) haqq yoluna gətirmək missiyasını öz üzərinə götürərək Fərat çayını keçib qərbə, indiki Fələstin ərazilərinə gedir. Ümumiyyətlə, Həzrət-İbrahimin kimliyi, hansı xalqa mənsub olması, onun həyatı, apardığı tövhid mücadiləsi və bəşəriyyətin Allah yoluna gəlməsində oynadığı əvəzedilməz rol barədə ayrıca tədqiqatların aparılmasına ehtiyac vardır. Bu tədqiqatlar və araşdırmalar nəticə etibarilə qədim Azərlərin də tarixinə işıq sala, onların 4400 il öncə bölgədə tutduqları mövqe və oynadıqları rol, habelə, onların sonrakı nəsillərinin ətraf xalqlar arasında nə üçün “İbrahim milləti” adlandırılması haqqında daha dəqiq fikir yürütməyə imkan verə bilər. 

SONDA 

Gördüyümüz kimi, Quran ayələrindəki bilgilərin, həmçinin, linqvistik, tarixi-etnoqrafik, tarixi-mifoloji məlumatların əsasında və məntiqi yanaşma nəticəsində aşağıdakı fərziyyənin həqiqətəuyğunluğunu təsdiqləmiş oluruq: 

Qurani-Kərimdə adı çəkilən Ad qövmü əslində Az xalqı (yəni sonrakı Azərlərin babaları), onların öncədən yaşadıqları torpaqlar Azərbaycan tarixi-coğrafi arealı, onlara haqq yolunu göstərib öz doğma atası da daxil olmaqla bütpərəstlərinə qarşı çıxış edən, bu xalqın yalnız imanlı insanlarından və Ər igidlərindən (Az + Ər) yeni bir xalq ərsəyə gətirən Hud peyğəmbər isə Huz (Oğuz) peyğəmbərdir. Və onunla birlikdə sağ qalan Az qövmü mənsublarının yeni xalq formalaşdırmaları Az xalqının tam yox, qismən məhv olduğunu söyləməyə əsas verir. Herodotun, Pompey Troqun və digər antik dövr tarixçilərinin haqqında yazaraq xatırlatdıqları Şkuzların / Oğuzların əvvəli Azər xalqıdır, Azər xalqının əvvəli isə Orxon-Yenisey abidələrində, skandinav əfsanələrində, İsland mənbələrində ismi keçən Az xalqı idi. Tarixi mənbələrə baxdıqda Azların tarixi nə qədər möhtəşəm görünürsə, əslində bir o qədər də ibrətamizdir. Bu günkü Azərlər üçün öz babaları olmuş Azların tarixindən nəticə etibarilə fəxr edəsi bir şey yoxdur. Fəxr ediləsi odur ki, bu xalqın içində onun tarixini yenidən yaratmış Hud (bizə görə, Oğuz) kimi pak və müqəddəs Allah bəndələri olmuşdur. Və bu günkü Azərlərin babaları da Tanrı elçisinin yolu ilə getməklə ərsəyə gətirdikləri xalqın hər zaman Allaha sadiq olacağını, onun yolundan çıxmayacağını və qiyamətədək Tanrı əsgəri olaraq qalacağını təsdiqləmişlər. 

12/12/2012


İstifadə edilmiş ədəbiyyat:

1. Qurani-Kərim, Z.Bünyadovun və V.Məmmədəliyevin tərcüməsində.
2. Kur’an-ı Kerim ve Türkçe anlamı, Ali Bulaçın meali.
3. Erol Güngör, “Tarihte türkler”, İstanbul, Ötüken Yayınları, 1993.
4. Əbülqazi Bahadır xan, “Şəcəreyi-tərakimə” (“Türkmənlərin soy kitabı”), Bakı, 2004.
5. Ə.Rəcəbov, Y.Məmmədov, “Orxon-Yenisey abidələri”, Bakı, “Yazıçı”, 1993.
6. Firudin Ağasıoğlu, “Azər xalqı”, Bakı, 2005.
7. Firudin Ağasıoğlu, “Tanrı elçisi İbrahim”, Türkiye türkçesine aktaran Paşa Çengiz Kara, Olgun Ergün, Bakı, 2009.
8. Hacı Sabir Həsənli, “Peyğəmbərlər tarixi”, Bakı, 2001.
9. Harun Yahya, “Kavimlerin helakı”, 11.Baskı, İstanbul, Araştırma yayıncılık, 2009
10. “Kitabi-Diyarbəkriyyə”, Bakı, 2001.
11. Paul Johnson, “Yahudi Tarihi”, türkçeye tercüme: Filiz Orman, İstanbul, “Pozitif Yayınları”, 2008.
12. Said Bayram, “Kaynaklara göre Güney-Doğu Anadoluda Proto-Türk İzleri”, “Türk dünyası araştırmaları”, 62-ci sayı, oktyabr, 1989. 
13. Yaqub Mahmudov, “Azərbaycan: qısa dövlətçilik tarixi”, Bakı, “Təhsil”, 2005.
14. Yunus Oğuz, Bəxtiyar, Tuncay, “Türkün gizli tarixi”, Bakı, 2009.
15. Zaur Həsənov, “Çar Skiflər”, Bakı, 2005.
16. Ziya Bünyadov, “Dinlər, təriqətlər, məzhəblər”, Bakı, 2007.
17. В.В.Бартольд, «Сочинения», V том, Москва, 1968. 
18. Фазлуллах Рашидаддин, «Огузнаме», Баку, «Элм», 1987.

Qurani-Kərimdə Ad qövmünün xatırlandığı surə və ayələrin siyahısı:


Hud, 50-59:
Əl-Mumin, 31:
Əl-Haqqə, 4, 6:
Əl-Əraf, 65-74: 
Əl-Muminun, 31: 
Fussilət, 13-16:
Əş-Şuəra, 123-139:
Əz-Zariyat, 41:
Qaf, 13:
Əl-Maidə, 22:
Əl-Əhqaf, 21-26:
İbrahim, 9: 
Əl-Həcc, 42:
Ət-Tövbə, 70:
Əl-Kəhf, 59:
Ər-Rum, 9:
Əl-Qəmər, 18-21:
Sad, 12:
Əl-Fəcr, 6-13:
Ən-Nəcm, 50:



Комментариев нет:

Отправить комментарий