понедельник, 6 января 2014 г.

AD QÖVMÜ MƏHV OLUBMU? I YAZI



Müqəddəs Qurani-Kərimdə ulu Tanrını və onun qoyduğu yaşam qaydalarını təkzib edən, ruhi-mənəvi aşınmaya məruz qalan, ilahi dəyərlərə arxa çevirən və acı aqibətlə üzləşən xalqlardan çoxsaylı ibrətamiz ayələr vardır. İnsan övladı bəzən o qədər özündənrazı, özünəarxayın olub ki, onu yaradan Allahın daim onun nazıyla oynayacağını, nə günah desən edə biləcəyini və cəzasız qalacağını güman edib. Dərk etməyib ki, hər şeyin bir həddi, bir sınırı var və sınırın aşıldığı yerdə İlahi qəzəb deyilən bir şey gələr. “Əvvəli bir damla su, sonu isə ortalığa qoyulmuş bir leş olan insan” (sitat Hz.Əli (ə)-dandır) lovğalığından və təkəbbüründən yerə-göyə sığmayanda onu yaradanın varlığını belə unudur. “Həqiqətən, insan çox zalım, həm də çox nankordur” (Qurani-Kərim, İbrahim surəsi, 34-cü ayə).

Qurani-Kərim aydın bir şəkildə acı aqibətlə üzləşmiş qövmlərdən, xalqlardan bəhs edir, lakin Quranda göstərilən bu tarixi məlumatları indiyədək Quran tarixşünaslığı diqqətlə incələməyib. Təəssüf ki, Quran tarixşünaslığında hələ də bir sistemsizlik hökm sürməkdədir. Ayrı-ayrı fərziyyələrsə bir qayda olaraq özünün faktlara səthi yanaşması ilə seçilir. Nuh, Ad, Səmud, Mədyən, Mötəfikə (Lut), Əykə, Tübbə, İrəm, Hicr, Rəss qövmlərinin sonrakı taleyi bu günədək idealist tarixşünaslıqda dərindən tədqiq olunmadığına görə Kitabda ismi keçən bu xalqların hamısını tədqiqatçılar ağına-bozuna baxmadan, ucdantutma “məhv olunmuş xalqlar” sırasına aid ediblər. Ümumiyyətlə, İslam alimlərinin tədqiqatlarında tarix faktoru çox zəif işlənib, bunu etiraf etməliyik. Bu baxımdan da müasir tarix elmi İslam tarixşünaslığının Qurani-Kərim vasitəsilə tədqiq etdiyi ayrı-ayrı məsələlərə şübhə ilə yanaşmaqdadır, halbuki İslam tarixşünaslığı unikal və gerçək tarixi məlumatlarla zəngindir.

Rəsmi tarix elmi Quranda adı çəkilən və tarixin dibsiz uçurumlarında qeyb olmuş xalqlar haqda, həmçinin, Ad qövmü barədə demək olar ki heç bir şey söyləməz, Qurani-Kərimin söylədiklərinə də skeptikcəsinə yanaşar. Əslində orta əsrlərdə İslam tarixşünaslığı yetərincə inkişaf etmiş olsa da, baş verən aramsız müharibələr bir çox dəyərli məlumatların, tarixi əsərlərin it-bata düşməsinə, yanıb məhv olmasına səbəb olub. Elə təkcə Sultan I Səlimin 1514-cü ilin sentyabrında Təbrizi bir həftəlik işğalda saxladığı zaman kimlərinsə təhriki ilə Təbriz kitabxanasını yandırıb külünü göyə sovurmasını xatırlamaq bəs edər ki, nə qədər unikal kitabın, dəyərli əsərlərin məhv olduğunu təsəvvürümüzdə canlandıraq. Bu günümüzə gəlib çıxmayan zəngin tarixi məlumat bazasının hazırki yoxluğu müasir tarix elmini Quranda qeyd olunan tarixi hadisələr barədə dərin bir sükuta dalmağa məcbur edir. Ayrıca, bir də İslam tarixşünaslığının xəbər verdiyi hadisələr o qədər qədim tarixi dövrləri əhatə edir ki, müasir tarix elmi bu dövrlər barədə yalnız bəsit informasiyaya malikdir. Bu səbəbdən də dövrümüzün tarix institutları və hətta adlı-sanlı tarixçilər də Quran tarixşünaslığına nüfuz etməyə çəkinir, beləliklə də, Quran həqiqətlərini üzə çıxarmaq üçün əlac hələ ki müstəqil araşdırmalara qalır. Bu şərtlə ki, müstəqil araşdırmalar ortaya qoyulan fərziyyələri müqəddəs kitabla, həmçinin, ciddi və düşündürücü tarixi-linqvistik materiallarla əsaslandıra bilsin.


MÜQƏDDƏS QURAN AD QÖVMÜ HAQDA NƏ DEYİR?

Bu araşdırmamızda Qurani-Kərimdə acı aqibətlə üzləşmiş xalqlardan birinə - Ad qövmünə dair bilgiləri bir daha təhlil etmək, bu tayfa ilə bağlı yanlış fikirləri ortaya qoyaraq həqiqəti qismən də olsa üzə çıxarmaq istəyirik. Qurani-Kərim surələrinin xronoloji ardıcıllıqla təhlili zamanı Ad qövmü barədə ilk ayələrin Hud surəsinin 50-60-cı ayələri olması diqqəti cəlb edir. Bu ayələrdə qeyd olunur ki, Ad tayfasına qardaşları Hud (ə) peyğəmbər olaraq göndərilmişdir. Hud (ə) sözügedən qövmü bütpərəstlikdən, Allaha şərik qoşmaqdan çəkinməyə, ulu Tanrıya ibadət etməyə səsləmiş, bunu təbliğ etməyinin müqabilində də onlardan heç bir mükafat istəmədiyini bildirmişdir. Hud (ə) Ad qövmü mənsublarına əgər qüvvətlərini artırmaq istəyirlərsə, bollu yağış yağmasını istəyirlərsə, tövbə etmələrinin gərəkdiyini xatırlatmışdır. Ad tayfasının insanları isə ona hər hansı açıq-aşkar bir möcüzə gətirmədiyini bəhanə göstərərək öz Tanrılarını tərk etməyəcəklərini söyləmiş, üstəlik öz “tanrılarının” Hud (ə)-a xətər toxundurduğunu bildirərək onu divanə hesab etmişlər. Hud (ə) isə onların Allaha qoşduqları şəriklərdən uzaq olduğunu bildirərək ona tapşırılan şeyi təbliğ etdiyini, öz Rəbbinə təvəkkül etdiyini, əgər Allahdan üz çevirməkdə davam etsələr, cəzalana biləcəklərini, Rəbbin onların yerinə başqa bir ümmət də gətirə biləcəyini söyləmişdir. Allah Quranın bu ayələrində Ad tayfasının inkarçı olduğunu, başlarında duran hər bir inadçı böyüyün sözlərinə tabe olduqlarını, bu tayfa barədə əmr verilən zaman Hud (ə) və onunla birlikdə Allaha iman gətirənləri xilas edərək şiddətli əzabdan qurtardığını, yerdə qalan Ad tayfası mənsublarınınsa həm bu dünyada, həm də o dünyada lənətə uğradıqlarını qeyd edir. Ad tayfası hadisəsi və Hud (ə)-ın xəbərdarlıqları Əl-Əraf surəsinin 65-72-ci, həmçinin Əş-Şüəra surəsi, 123-139-cu ayələrində də eyni məzmun daxilində bir qədər fərqli sözlərlə öz əksini tapmışdır.

Bundan əlavə, Qurani-Kərimin Əl-Haqqə (4-6-cı surələr), Əl-Muminun (31), Əl-Mumin (31), Fussilət (13, 15-16), Əz-Zariyat (41), Qaf (13), Əl-Maidə (22), Əl-Əhqaf (21-26), İbrahim (9), Əl-Həcc (42), Ət-Tövbə (70), Əl-Kəhf (59), Ər-Rum (9), Əl-Qəmər (18-21), Sad (12), Əl-Fəcr (6), Ən-Nəcm (50) surələrində də Ad qövmü, bu tayfanın Allahı inkar edərək onun göndərdiyi peyğəmbəri təkzib etməsi, sonunda Rəbbin qəzəbinə məruz qalması açıq şəkildə və ya acı aqibətlə üz-üzə qalmış digər qövmlərin adları sırasında dolayısı ilə xatırlanmışdır. Ümumiyyətlə, müqəddəs Qurani-Kərimdə 20 surədə və 65 ayədə Ad tayfası barədə məlumatlar bu və ya digər dərəcədə əks olunub. Bu məlumatlarda Quran oxuyanların çoxunun gördüyü xəbərlərdən başqa müstəqil tədqiqatçıların diqqətindən yayınmış müəyyən incə məqamlar da vardır. Bu incə mətləbləri bu yazıda xatırlatmağa çalışacağıq. Quranda adları çəkilən və məhv olunmuş xalqlardan hesab olunan qövmlərlə bağlı bu günədək araşdırma aparanlar arasında yanlış nəticələr hasil edənlər az olmayıb. Eyni fikri Ad tayfası ilə bağlı araşdırma aparanlar haqda da söyləmək mümkündür. Özəlliklə də, Ad tayfasının məskun olduğu coğrafi məkanın səhv olaraq Səudiyyə Ərəbistanı ərazisinin qəbul edilməsi, fikrimizcə, yanlışdır. Və bu yanlışdan yola çıxaraq araşdırmaçılar bir sıra səhv nəticələr əldə etmişlər.

Fikrimcə, müqəddəs kitabla bağlı hər hansı araşdırma apararkən ilk növbədə Allahın ədalət sifətini, öz bəndələrinə verdiyi ibrəti və ilahi məntiqi qırmızı cizgi kimi əsas götürmək və bundan yola çıxmaq lazımdır. Faktlar, dəlillər sonranın işidir. Fikrimizi daha açıq ifadə etsək, bəşəriyyətin bütün tarixi gələcək nəsillərə bir ibrətdir. Hər hansı qövmün məhv edilməsi İlahi təqdirin nəticəsidirsə, o zaman insanlığa ibrət olsun deyə bu hadisədən hər hansı bir nişanə, əlamət qalmalıdır, əks təqdirdə Allah yolundan çıxmış xalqların nə vaxtsa məhvindən gələcək nəsillərin xəbəri olmaz, İlahi qəzəbin ifadəsi olan hadisələrin insanlıq üçün bir hikməti də qalmaz, dünya xalqlarının böyük əksəriyyəti özündən əvvəlkilərin başına nə gəldiyini bilmədən eyni yolla məhv olub gedərdi. Quransa insanlara addımbaşı “Xatırlayın!” deyir, “sizi filan qövmün yerinə gətirdiyimizi, filan nemətləri verdiyimizi xatırlayın” deyə söyləyir. İnsanların xatırlaması üçünsə təkcə tarixi yaddaş yetmir, bir çox hallarda əlamət-nişanə də lazım gəlir. Deməli, Allah öz bəndələrini görk olsun deyə əvvəlki qövmlərin həyatından, yaşamından və məhvindən xəbərdar edir. Əl-Qəmər surəsi, 22-ci ayədə deyilir: “And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?” Bu gün millətlərin tarixi yaddaşının kütləvi surətdə silindiyi, onları doğru yoldan sapındırmaq üçün min bir eksperimentin aparıldığı bir dünyada yaşamaqdayıq. Keçmiş hadisələrin ibrətini dərk etmək, baş verənlərin gerçək olduğuna şübhə ilə yanaşmamaq üçün insanlığa bu gün əlamətlər, izlər, nişanələr də gərəkdir. Qadir Allahsa bunu bizlərdən daha yaxşı bilir.



Ad qövmü haqda müqəddəs kitabda yazılanlar da gələcək nəsillərə bir ibrətdir, görkdür. Bu xalq barədə araşdırma apararkən ilahi kitabdakı informasiya toplusunu əsas götürərək Ad qövmündən bu günümüzə hər hansı bir iz yaxud nişanə qalıb-qalmadığını müəyyən etməyə cəhd göstərmək lazımdır, ortaya çıxacaq hər hansı dəlil Qurani-Kərimdə söylənən ilahi fikirlərin insanlıq üçün bir təsdiqi ola bilər. Bəzi din xadimləri sözügedən mövzuda bildirir ki, Allah Quranda lənətə uğramış qövmlərdən geriyə heç bir nişanə qalmadığını bildirir. Lakin bu, belə deyil. Allah-təala bütöv xalqlardan yox, məhz onun varlığını inkar edən, öz gücünə, var-dövlətinə güvənən və sonunda qəzəbə tuş gələn təkəbbürlü insanlardan geriyə heç nə qalmadığını söyləyir. Gələn ayələrdən də bu anlaşılır (bax: əl-Haqqə surəsi, 8, Əl-Fəcr surəsi, 6-8, Əl-Əraf surəsi, 72 və s.). Yəni bu qədər qüvvətli, bu qədər ucaboy və cüssəli, bu qədər var-dövləti, malı-mülkü olan özündənrazı, cahil, zalım insanlardan heç bir şey qalmadı, güvəndikləri hər şey puç olub getdi və onlara heç bir xeyri olmadı. 

Ad qövmü haqda fərziyyə yürütmək, fikir söyləmək və məntiqi nəticələr hasil etmək üçün əlbəttə ki, müəyyən ehtimallar, dəlil rolunu oynaya biləcək linqvistik materiallar vardır. Ən böyük istinad mənbəyi isə, əlbəttə ki, doğruluğundan əmin olduğumuz son İlahi kitabdır – Qurani-Kərimdir. Bəzən bu müqəddəs kitabda Ad qövmü barədə yazılanları da yanlış izah edirlər. Quranda Ad qövmü ilə bağlı yazılanlardan ilk olaraq aşağıdakı doğru məntiqi nəticələri hasil etmək mümkündür:

1. İlahi Kitabda Ad qövmünün 20 surədə və 65 ayədə dönə-dönə
xatırlanması öz-özlüyündə bu qövmün heç də düşünüldüyü kimi kiçik, təsir gücünə malik olmayan azsaylı və zəif bir qövm olmadığını təsəvvür etməyə imkan verir. Quranda ilahi əzaba tuş gəlmiş insanlar arasında Ad qövmünə mənsub insanlar ən çox xatırlananlardandır. Bu baxımdan bu qövmün əhatə dairəsini hansısa kiçik bir şəhər qalıqları ilə, hansısa dar çərçivəli bir coğrafi arealla, bir vadi ilə, bir bölgə ilə məhdudlaşdırmaq, zənnimcə, düzgün olmazdı. Burdan belə bir məntiqi nəticəyə varmaq olar ki, Ad qövmü kəmiyyət etibarilə azsaylı xalqlardan biri olmayıb və geniş bölgələrdə təsir gücünə malik olub.

2. Ad qövmünün insanları fiziki cəhətdən çox güclü, qüvvətli olmuşlar. Bu xüsusiyyətlərinə görə də ətraf xalqlardan köklü şəkildə fərqlənmişlər. Ola bilər ki, bu qüvvət və güc həmin qövmün qurmuş olduğu hansısa dövlət qurumunun güclü olması ilə əlaqədardır. Əgər belədirsə, bu qövmün qurmuş olduğu dövlətin torpaqları heç də kiçik bir ərazi ilə məhdudlaşmayıb. Fussilət surəsi, 15-ci ayədə deyilir:

“Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.”

Hud surəsi, 52-ci ayədə də Ad qövmü mənsublarının güclü-qüvvətli olması Hud (ə)-ın dilindən qeyd olunmuşdur: 

“Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!”

Ümumiyyətlə, Quran təfsirçiləri bir qayda olaraq Ad qövmü insanlarını azman, nəhəng və fiziki cəhətdən güclü insanlar kimi xarakterizə etmişlər. Əl-Maidə surəsinin 21-ci ayəsində Musa (ə)-ın öz camaatına onlar üçün əzəldən müəyyən edilmiş torpaqlara getmələrinin əmr olunduğunu söyləməsi qeyd olunub. Musa (ə)-ın camaatı isə cavabında ona belə deyirlər: “Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca bir ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.” Sitatdan da göründüyü kimi, Quranı dilimizə tərcümə etmiş alimimiz Vasim Məmmədəliyev ayədə adı çəkilən həmin nəhəng adamların kimliyini mötərizə daxilində “Ad qövmünə mənsub Əmaliqə tayfası” şəklində izah etmişdir. Tamamilə həqiqətəuyğun görünən bu izah tərzindən iki nəticə hasil etmək mümkündür: a) Ad qövmü mənsublarının fiziki cəhətdən nəhəng, güclü və məğlubedilməz olması; b) Ad qövmünə mənsub tayfaların Musa (ə) zamanında Bəni-İsrailə aid torpaqları öz nəzarəti altında saxlaması. Və əgər dəyərli İslam alimləri Əmaliqə tayfasını Ad qövmünün bir qolu hesab edirlərsə, deməli, Ad qövmü heç də kiçik bir tayfa quruluşundan ibarət olmamışdır və “Ad qövmü” deyildikdə bir ucu gedib Fələstin ərazilərinə çıxan çoxsaylı Ad xalqını başa düşmək olar.

3. Hud surəsi, 59-cu ayədə deyilir: “Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.” Burdan aydın olur ki, Ad qövmünün insanları Hud (ə)-dan və ondan öncə özünə göndərilmiş olan digər peyğəmbərlərdənsə öz başçılarına tabe olmağı üstün tutmuşlar. Onların başçıları isə, Quran ayəsindən göründüyü kimi, təkəbbürlü və inadkar olmuş, tapındıqları bütlərindən əl çəkmək istəməmişlər. Və göründüyünə görə, Ad qövmünün insanları da onları bu işdə öz maddi maraqları baxımından dəstəkləməklə Tanrı elçisinin öyüdlərini qulaqardına vurmuşlar. 

4. Ad qövmü vaxtilə Nuh peyğəmbərin xəbərdarlıq etdiyi və sonradan su altında qalıb məhv olmuş qövmün torpaqlarında məskun olub. Əl-Əraf surəsi, 69-cu ayədə Hud (ə)-ın Ad qövmü mənsublarının irəli gələnlərinə bu cür dediyi qeyd olunmuşdur:

“Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi.”

5. Ad qövmünün Hud (ə)-a qədərki yaşam tərzini və maddi durumunu Qurani-Kərimin aşağıdakı ayələrindən görmək olar:

“(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi.” (Əl-Əhqaf surəsi, 26-cı ayə).

“Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz?” (Əş-Şuəra surəsi, 128).

“Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!” (Əş-Şuəra surəsi, 129).

“- Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (nemətləri) sizə əta etdi! 
- Sizə heyvanat, oğul-uşaq, 
- Bağlar və çeşmələr verdi!” (Əş-Şuəra surəsi, 132-134-cü ayələr).

Bu ayələrdən anlaşıldığı kimi, Ad qövmü mənsubları yetərincə var-dövlətli olmuş, təpələr üzərində özlərinə köşklər, qalalar qurub əyləncə ilə dolu bir həyat tərzi keçirmiş, hətta uzun müddətli quraqlıq düşərsə, istifadə etmək üçün yeraltı su çənləri belə inşa etmişlər, çoxlu mal-qara sürülərinə malik olmuş, bulaqları və gözəl bağları olan torpaqlarda məskun olmuşlar. Yəni mal-mülk sıxıntısı çəkməmiş, min cür naz-nemətlə əhatə olunmuş və gözəl təbiəti olan yerlərdə ömür sürmüşlər. 

6. Ad qövmünün yaşadığı məkanlardan birinin ismi Quranda Əhqaf kimi qeyd olunub:

“(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”” (Əl-Əhqaf surəsi, 21-ci ayə).

Quran təfsirçiləri bir qayda olaraq Əhqaf sözünün ərəbcə “yüksək qumsal təpələr” anlamını verdiyini bildirir və bu səbəbdən də Ad qövmünün məhz Ərəbistan yarımadasında yaşaması ehtimalını irəli sürürlər. Lakin bu ehtimal Ad tayfasının Nuh qövmünün torpaqlarında məskunlaşması ilə bağlı Quran ayəsinin söylədiklərinə uyğun gəlmir, belə ki, Nuh (ə)-ın öz nəhəng gəmisini düzəltmək üçün meşədən ağac kəsib gətirdiyi din kitablarında qeyd olunur, Ərəbistanın yüksək qumsal təpələrində isə bu qədər ağacın ola biləcəyi qədər böyük bir meşə sahəsinin o dövrdə mövcudluğu açıq-aşkar şübhə doğurur. 

7. Ad qövmünə son xəbərdarlığı etmək üçün peyğəmbər seçilən Hud (ə) adlı insan həmin qövmün özünə mənsubdur. Hud surəsinin 50-ci ayəsində deyilir: “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!”

Əl-Əraf surəsi, 65-ci ayəsində də Hud (ə)-ın kimliyi eyni sözlərlə qeyd olunur: “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?””

Əş-Şuəra surəsinin 123-124-cü ayələrində də deyilir: “123 - Ad tayfası da peyğəmbərləri təkzib etdi. 124 - O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?”

Bu ayələrdən anlaşılır ki, “qardaşları” dedikdə soy baxımından Ad qövmü ilə eyni etnik mənşəyi bölüşən, onların özündən biri olan insan nəzərdə tutulur. Bir qədər əvvəldə Əl-Əraf surəsinin 69-cu ayəsindən gətirdiyimiz sitatda da Hud (ə)-ın dilindən onun Ad qövmünün öz içindən olması qeyd olunmuşdur. Həmin sitatı bir daha təqdim edək: “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi.” Əl-Muminun surəsi, 31-ci ayədə isə Ad qövmünə işarə ilə “Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik.” deyilir. 

Bunları müxtəlif ayələrin köməyilə bir qədər uzun-uzadı yazmaqda məqsəd ondan ibarətdir ki, bəzi din xadimləri və Quran təfsirçiləri Allah-təalanın istisnasız olaraq hər bir qövmə məhz onunla eyni etnik mənşəyi bölüşən və onun öz içindən peyğəmbər göndərdiyini bildirirlər. Halbuki İlahi kitabın ayələrinə dərindən nəzər saldıqda bunun belə olmadığını, Allah üçün belə bir vacibatın mövcud olmadığını görürük. Qurani-Kərimin İbrahim surəsinin 4-cü ayəsində bununla bağlı Allahın vacib bildiyi aşağıdakı xüsus göstərilmişdir: “Biz hər bir peyğəmbəri yanına göndərildiyi qövmün dilində danışa bilən halda göndərdik ki, ona izah edə bilsin.” Göründüyü kimi, vacib deyil ki, hansısa xalqı yaxud qövmü haqq yoluna dəvət etmək və pis əməllərdən çəkindirmək üçün peyğəmbər seçilən insan məhz etnik mənşə baxımından həmin xalqa yaxud qövmə mənsub olsun, həmin xalqın dilində danışıb izah edə bilməsi yetərlidir. Sitat gətirdiyimiz ayənin məhz İbrahim surəsində yer almasının da bir hikməti vardır. Belə ki, Həzrət İbrahim (ə) etnik mənşə baxımından yəhudi (cuhut) olmadığı halda onları Allah yoluna dəvət etmək üçün İkiçayarasından peyğəmbər olaraq İsrailə göndərilmiş, Fərat çayını keçib qərbə tərəf getdiyi zaman Allah-təala tərəfindən ona İbranicə danışa bilmək xüsusiyyəti verilmişdi, ərəb tarixçiləri İbni Səd, Təbəri və İbni Əsakirin rəvayət etdikləri bu hədisi F.Ağasıoğlu öz kitabında Köksal M.Asimin “Peygamberler tarihi” kitabından (Ankara, 1990) sitat gətirməklə aşağıdakı şəkildə xatırladır: “Hadiste dendiğine göre, Nemrut’un gönderdiği adamlar onu tanıyıp götüremezler, çünkü “Haran’da Fırat nehrini geçene kadar Yüce Allah, İbrahim aleyhisselam’ın dilini değiştirip İbraniceye çevirdi”. Görülüyor ki, İbrahim; Filistin’e, Yahudilerin (İsraillilerin) içine gitmeden önce Yahudi (İbrani) dilini bilmiyordu” /7, səh.58/. H.S.Həsənli də öz əsərində eyni cür düşünür və yazır /8, səh.105/. Deməli, böyük Allah heç də bütün qövmlərə özlərindən bir peyğəmbər göndərməmişdir, yalnız məsləhət bildiyi xalqlara münasibətdə bunu etmişdir. Konkret olaraq Ad qövmünə də məhz öz içindən bir insan peyğəmbər seçilərək göndərilmişdir. Bu incə məqamın bir qədər sonra Ad qövmü ilə bağlı irəli sürüləcək fərziyyələrlə birbaşa əlaqəsi olduğuna görə onu bu yerdə qeyd etməyi mühüm sayırıq. 

8. Əş-Şuəra surəsinin 130-cu ayəsindən açıq-aşkar görünür ki, Ad qövmünün Allahı inkar edən kafir insanları öz fiziki güclərinə arxayın olaraq cəzasızlıq mühitində artıq harınlamışdılar və qudurğanlıq edirdilər: “Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız!” Akademik Vasim Məmmədəliyev ayənin dilimizə tərcüməsində verilən cümlədən sonra mötərizə daxilində “(Onu vəhşicəsinə döyüb öldürürsünüz!)” şəklində izah vermişdir. 

Bizim fikrimizcə, burda həm Ad qövmündən kənar başqa hansısa insanı yaxalayarkən yad birisi kimi ona zülm edilməsi, həm də qövmün daxilində Hud (ə)-ın nəsihətlərini qəbul edən imanlı şəxslərə qarşı işgəncələr verilməsi nəzərdə tutula bilər. Xatırladaq ki, İlahi kitab Ad qövmü insanlarının yetərincə güclü olduqlarını qeyd edir. Əgər söhbət Ad qövmünə aid olmayan, başqa xalqa mənsub insanlarla üz-üzə gələn zaman onlara zülm edilməsindən gedirsə, bunu Əl-Maidə surəsinin 22-ci ayəsində yazılanlar təsdiqləyə bilər, belə ki, həmin ayədə də yəhudilər Həzrət Musa (ə)-a onlar üçün müəyyən edilmiş torpağa getmək istəmədiklərini, orda nəhəng və qüvvətli adamlar olduğunu, əgər onlar həmin yerlərdən çəkilib gedərsə, yalnız o zaman həmin torpaqlara qayıda biləcəklərini söyləyirlər. V.Məmmədəliyev digər İslam tarixçilərinin fikirlərinə əsaslanaraq həmin ayənin tərcüməsində “nəhəng adamlar” ifadəsindən sonra yenə də mötərizə daxilində “(Ad qövmünə mənsub Əmaliqə tayfası)” şəklində izah verir. Bununla yanaşı, ikinci versiya yəni Hud (ə)-ın azsaylı tərəfdarları olan Ad qövmü mənsublarına hər hansı işgəncə verilməsi, onlara təzyiq edilməsi və ya onların sıxışdırılması versiyası da həqiqətəuyğundur. Təsəvvür etmək olar ki, Hud (ə)-ın öz qövmünə çağrısı, müəyyən insanların bu çağrıya səs verib Allah yoluna qayıtması və Hud (ə)-ı dəstəkləməsi, Allahın onları cəzalandıracağına inanmayıb kinayə edən kafirlərə Hud (ə)-ın “mən də sizinlə o İlahi əzabı gözləyirəm” deməsi bir gündə baş verməmişdir. Peyğəmbərin ilk çağrısından sonra müəyyən müddət ərzində yəqin ki, onun çağrısına səmimiyyətlə cavab vermiş bir qism imanlı insanlara inadkar çoxluğun təzyiqləri olmuş, onlar yetərincə sıxışdırılmış, bəlkə də haqq yolundan dönməsi üçün kimlərəsə işgəncələr verilmişdir. Və nəticə etibarilə Hud (ə) böyük əksəriyyəti qandıra bilmədiyini gördükdən sonra azsaylı tərəfdarlarını yanına toplamış, ondan rişxəndlə vəd olunan əzabı gerçəkləşdirməsini istəyən kafirlərə “Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” deyə cavab vermişdir (Əl-Əraf surəsi, 71-ci ayə). Hər iki halda, Əş-Şuəra surəsinin 130-cu ayəsində sözügedən Ad qövmünün kafir insanlarının insanlıqdan kənar hərəkətlər etdikləri göstərilmişdir. 

9. Ad qövmünün Allahı inkar edən mənsublarına yönəlmiş İlahi cəzanın nədən ibarət olması Quran-Kərimdə müfəssəl şəkildə qeyd olunub. Hud surəsi, 58, Əl-Mumin surəsi, 31-ci ayələrdə Ad qövmünün inadkar və cahil insanlarının İlahi cəzaya məruz qalmasından qısaca danışıldığı halda, Əl-Haqqə, Fussilət, Əz-Zariyat, Əl-Əhqaf surələrində göndərilən əzabın nədən ibarət olması daha açıq və geniş şəkildə göstərilib: Hud (ə)-ı yalançı və səfeh sayaraq Rəbbin ayələrini inkar edən Ad qövmünün inadkar və iman gətirməyən insanları öncə yeri-göyü lərzəyə salan və dəhşətli səs çıxaran ildırım görmüş, ardınca göy üzündə onlara sarı yön alan bir buludu izləmiş, bunu çoxdan gözlədikləri yağışın əlaməti zənn etmişlər. Ardınca isə qəfildən üstlərinə vıyıltı ilə əsməyə başlayan bir küləyin yaxud şiddətli qasırğanın şahidi olmuşlar. Qurani-Kərimdə (Əl-Haqqə, 7) bu dəhşətli küləyin ara vermədən 7 gün və 8 gecə Ad qövmünün torpaqlarında əsdiyi, kafirləri saman çöpü kimi sovurduğu, içiboş xurma kötükləri kimi göyə qaldırıb yerə çırpdığı, hər şeyi uçurub dağıtdığı və viran qoyduğu qeyd olunmuşdur. 

10. Qurani-Kərimin Hud surəsinin 58-ci və Əl-Əraf surəsinin 72-ci ayələrində Ad qövmü mənsublarından Hud peyğəmbərin sözünü haqq sayıb onunla bir olan iman gətirmişlərin digərlərinə göndərilmiş dəhşətli əzabdan xilas olduqları Tanrıdan bir lüft, bir mərhəmət olaraq göstərilmişdir.

Beləliklə, biz Quran ayələrində Ad qövmü ilə bağlı verilmiş ilginc məlumatlardan yuxarıda qeyd etdiyimiz doğru məntiqi nəticələri ortaya çıxardıq. Araşdırmalar zamanı bu məntiqi nəticələrdən çıxış etmək yeni və maraqlı fərziyyələrin təqdim olunmasına kömək edəcəkdir. 

AD QÖVMÜ YURDUNUN AXTARIŞLARI BARƏDƏ

Zənnimcə, Ad qövmünün yaşamış olduğu torpaqlar barədə bu günədək yayılmış fərziyyələrdə bir natamamlıq vardır. Tək Ad qövmü yox, elə Quranda adları çəkilən lənətə uğramış digər qövmlərin və tayfaların da yaşamış olduğu areal kimi araşdırmaçılar bir qayda olaraq uzağa getmədən elə Ərəbistan yarımadasının adını çəkir, dərinə varmadan çox şeyi elə bu bölgə ilə bağlamağa cəhd edirlər. Bunun əsas səbəbi İslamın məhz ərəblərə məxsus bir din olması, Qurani-Kərimin də məhz ərəblərə endirilməsi barədə beyinlərdə formalaşmış yanlış təsəvvürlərdir. Qurani-Kərim bütün bəşəriyyətə göndərilən bir kitab kimi yalnız Ərəbistan yarımadasında baş vermiş hadisələri xatırlada bilməz, bu əvəzsiz kitabda dünyanın bir çox yerlərində, xüsusən də, bir çox qövmlərin və xalqların nüvəsinin formalaşdığı, insanlığın dəfələrlə sınaqdan çıxdığı ön Asiya və Yaxın Şərq bölgəsində yaşamış xalqların tarixinə dair zəngin məlumatlar vardır. Bu məlumatların dərindən incələnmədən yalnız bir bölgənin əhalisi ilə əlaqələndirilməsi nəticə etibarilə Quran tarixşünaslığının ciddiyyətinə və bəşəri mahiyyətinə mənfi təsir göstərə bilər. Konkret halda Ad qövmünün torpaqlarının müəyyən olunmasında da bu tip yanlışlıqlar vardır. Bu haqda öz düşüncəmizi təqdim etməzdən öncə Ad qövmünün yaşamış olduğu areal barədə mövcud fikirlərin ortaya çıxmasını təhlil edək.

Ötən əsrin son onilliyində Ərəbistanın müxtəlif yerlərində arxeoloji qazıntılar aparılarkən yarımadanın cənubunda – Yəmən və Oman arasında qum altından daş tikili qalıqları aşkar edilmişdi. Həmin tikili qalıqları ərəb tarixinin həvəskar bir arxeoloq olan araşdırmaçı Nikolas Klap (Nicholas Clapp) tərəfindən Ad qövmü ilə əlaqələndirildi. Klapın əlinə vaxtilə bölgəni gəzərək araşdırmalar aparmış ingilis araşdırmaçı Bertram Tomasın 1932-ci ildə çap olunmuş “Arabia felix” (Xoşbəxt Ərəbistan) adlı kitabı keçmişdi, bu kitabda yerli ərəblərin fikrinə istinadən sözügedən ərazidə qumlar altında Ubar şəhərinin qalıqlarının ola biləcəyi fikri qeyd olunmuşdu. Beləliklə, Nikolas Klap arxeoloji qazıntılar nəticəsində ortaya çıxan və şəhər qalıqları hesab olunan tikililərin Ad qövmünə mənsub Ubar şəhərinə aid olması fikrini söylədi və həmin fikir elmi ədəbiyyatda da sonradan elə bu cür təsbit edildi. Hərçənd ki bu adı təsdiqləyə biləcək fakt və ya tutarlı dəlil yox idi. Yalnız qazıntılar zamanı üzə çıxmış hündür sütunlara əsaslanaraq Ubar tikililərini İrəm qövmü ilə, onun da Hudun tayfası Ad ilə bağlanması yanlış düşüncə idi. Əl-Fəcr surəsi 6-7-ci ayələrdə yazılanları səhv anlama bu yanlış düşüncənin ortaya çıxmasına səbəb oldu. Niyə? Çünki sözügedən ayələrdə deyilir: 

“6. - (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?! 
7. - Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!”

Araşdırmaçılar Ad və İrəm etnonimlərinin bu iki ayədə ard-arda işlənməsini onların eyni xalq olması ilə bağlamışlar. Və elə zənn etmişlər ki, söhbət məhz Hud peyğəmbərin Ad qövmündən gedir. Ad qövmü ilə bağlı aparılan araşdırmalardakı bu səhv nöqtə sonrakı araşdırmaların da yanlış yön almasına səbəb oldu. Bundan sonra müxtəlif dövrlərdə müsəlman ölkələrindəki İslam tarixinin araşdırmaçıları Ad qövmündən danışarkən bu qövmün yaşadığı areal olaraq həmin Ərəbistan yarımadasının güneyini və ordakı Ubar tikililərini göstərməyə başladılar. Bu baxış və yanaşma təəssüf ki, müasir dövr tədqiqatçılarının da düşüncəsinə hakim kəsilib. Bu araşdırmaçılar arasında Türkiyənin müstəqil din araşdırmaçısı Harun Yəhya (Adnan Oktar) da var, Azərbaycan araşdırmaçısı Vasif Sadıqlı da. Əlbəttə, istənilən araşdırmanı aparan insanlara hörmətlə yanaşmaq lazımdır, çünki araşdırmaçı deyilən hər bir insan öz araşdırma sahəsində bilinməyən nələrəsə aydınlıq gətirməyə, həqiqətləri ortaya çıxarmağa ən azından bir cəhd edir və bu cəhdləri səmimiyyətlə nəzərdən keçirmək gərəkdir. Lakin sonradan ortaya çıxacaq daha həqiqətəuyğun fərziyyələrin üzünə qapını bağlamaq da olmaz.

Ərəbistanda qazıntı aparılmış və tikili qalıqları aşkar edilmiş həmin ərazi, tədqiqatçıların bildirdiyinə görə, indi Rubul-xali və ya Rub-əl-Xali adlanır. Həmin ərazidə heç bir həyat nişanəsi yoxdur, nə suya, nə bitki örtüyünə rast gəlinmir. Vasif Sadıqlı aşkarlanan qalıqların İrəm şəhərinə aid ola bilməsi fikrini özünün Hud peyğəmbərlə bağlı yazısında ehtiyatla qeyd edir. Ancaq bunu isbatlayan hər hansı bir fərziyyə, ehtimal varmı, bu suala cavab verilmir. Yəni, gördüyümüz kimi, qazıntılar zamanı həmin yerdən tapılan qalıqların hansı xalqa, hansı mədəniyyətə aid olması barədə fikirlər yekdil deyil, bir-birindən fərqlidir. Bir yandan bu tikili qalıqları Ubar şəhəri mədəniyyəti ilə, digər yandan birbaşa Ad qövmünə aid şəhərlə, o biri yandan da İrəm şəhəri ilə əlaqələndirilir.

İnternetdə Rub-əl-Xali deyilən yerdə aşkarlanan nəhəng adamların
Rub-əl-Xali səhrasındakı qazıntılarda
aşkarlanan nəhəng insan skeleti.
skeletlərinin fotosu yayılmışdır. Əlbəttə, istisna olunmur ki, bu qalıqlar həmin Ad qövmünün insanlarına aiddir, lakin qalıqları aşkarlanan adamlar həmin yerdə yaşayıblar yoxsa oraya gəlmədirlər, bu suala cavab vermək çox çətindir. Məsələ bundadır ki, eyni nəhənglikdə olan adamların sümükləri təkcə Rub-əl-Xalidə yox, Kiçik Asiya ərazisində, Suriyada və İkiçayarasında da aşkarlanıb, həmin qalıqların da fotoşəkillərini hazırda internet şəbəkəsində görmək olar. Bu şəkillərin arasında daha maraqlı olan birisi barədə Amerika mətbuatında xüsusi material da yer alıb. Həmin materialda göstərilir ki, 1950-ci illərin sonunda Türkiyənin cənub-şərqində (!) Fərat vadisində yol-inşaat işləri gedən zaman həmin ərazidə azman insanların sümüklərinin olduğu çoxlu sayda qəbirlər aşkarlanıb.
Türkiyədə Fərat vadisindəki
tapıntı.
Texas ştatında Krosbitonda yerləşən Mt.Blanco Fossil Muzeyinin direktoru Coy Teylor xüsusi tapşırıq əsasında təkcə bud sümüyünün uzunluğu 120 sm-ə çatan bu nəhəng adamların təxmini anatomik bədən göstəricilərini müəyyənləşdirib. Onun qənaətincə, bu nəhəng insanlar 12-16 fut (təxminən 3.66-4.88 metr) boy və 20-22 inç (51-56 sm) uzunluqda ayaqlara sahib olublar. 

Hud peyğəmbərin Ad qövmünün Ərəbistanın cənubunda yaşaması ilə bağlı dünya ictimaiyyətində formalaşmış fikirlərin dərindən təhlili bir çox uyğunsuzluqları ortaya çıxarır. Bu fikirlər ümumiləşmiş formada Harun Yəhyanın “Məhv olunmuş xalqlar” (Kavimlerin helakı) adlı kitabında əks olunduğuna görə düşüncələrimizi kitabda qeyd olunmuş həmin fikirlər əsasında söyləməyi gərəkli sanırıq.

AD QÖVMÜ İLƏ BAĞLI HARUN YƏHYA 
DÜŞÜNCƏLƏRİNƏ BAXIŞ

Hər şeydən əvvəl onu bildirək ki, Harun Yəhya da bir sıra digər din araşdırmaçıları kimi Qurani-Kərimdə əslində iki Ad qövmündən söhbət getdiyinə diqqət yetirməmiş, nəticədə bir Ad qövmünə aid Quran ayələrini digərinə calamaqla yanlış nəticələr hasil etmişdir. Dəyərli alimimiz V.Məmmədəliyev Qurani-Kərimin tərcümə variantında, Hud surəsinin 60-cı ayəsində yazılmış “Hudun tayfası Ad” ifadəsini mötərizə daxilində bu cür izah edir: “(Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır)”. Bu izah tərzini həqiqətəuyğun hesab etməklə yanaşı, bildirmək lazımdır ki, din araşdırmaçılarının Ad qövmü ilə bağlı apardığı tədqiqatlarda təsadüf olunan ən böyük səhv elə bundan ibarətdir – Adul-İrəmə aid dəlillərin (qazıntılarda üzə çıxmış şəhər qalıqları, hündür sütunlar və s.) Hud (ə)-ın tayfası olan Ad qövmünə aid edilməsi. Harun Yəhya öz əsərində əvvəlindən bu səhvə yol verdiyinə görə Ad qövmünün Qurandakı təsvirlərində göz önünə gələn uyğunsuzluqları məcburən hansısa iqlim dəyişiklikləri və s. kimi ikinci dərəcəli amillərlə əlaqələndirməyə cəhd edir. 

Harun Yəhya öz kitabının Ad qövmünə həsr etdiyi IV bölümündə faktiki olaraq Ərəbistanın güneyindəki arxeoloji qazıntıları aparan Nikolas Klapın, Dr.Zarinsin və digərlərinin söylədikləri fərziyyələri təkrarlamaqdan başqa yeni bir söz demir, və sadəcə ona qədər söylənilmiş fikirləri elmi cəhətdən möhkəmləndirmək üçün əlavə dəlillər aramağa cəhd edir. Bu cəhdlər ilk baxışdan məntiqi görünsə də, çoxsaylı cavabsz suallarla və daha ciddi əks-arqumentlərlə müşayiət olunur. Məsələn, Ubar tikililərində hündür sütunların tapılması hələ o demək deyil ki, bu məkan məhz Qurani-Kərimdə “sütunlar sahibi” kimi göstərilən İrəm camaatına məxsus olub. Qədim Yunanıstanda (Olimpdə), kiçik Asiyanın qərbində (Efesdə, Hierapolisdə), Babildə, həmçinin, Qüdsdə daha hündür və möhtəşəm sütunlardan ibarət saraylar, məbədlər olmuşdur. Bu baxımdan Ubar–İrəm, eləcə də Ubar–Ad, Ubar-İrəm-Ad eyniləşdirməsi aparmaq üçün, zənnimcə, daha tutarlı dəlillər aranmalıdır. 

Digər tərəfdən, Əl-Fəcr surəsinin 7-ci ayəsində “sütunlar sahibi İrəmə?” cümləsindən sonra 8-ci ayəyə də diqqət yetirmək lazım gəlir: “Məmləkətlər arasında onun kimisi yaradılmamışdı.” Axı bu cür vəsf binayi-qədimdən səhra iqliminin hakim olduğu güney Ərəbistana heç cür uyğun gəlmir. Kor-kor gör-gördür ki, Allah-təala yer üzündə Ubar şəhərinin yerləşdiyi ərazidən qat-qat gözəl, füsunkar təbiəti olan ölkələr, məmləkətlər yaratmışdır. Elə Harun Yəhyanın yaşadığı Türkiyənin ərazisində onlarla gözəl təbiətli, təmiz havalı, saf sulu və münbit torpağı olan məkanlar vardır ki, Oman-Yəmən ərazilərindəki yerlər bunların ən az diqqət cəlb edəni ilə də müqayisəyə gəlməz. Harun Yəhyanın sözügedən ayəni sitat gətirərkən istinad etdiyi türkcə tərcümə variantında (Kur’an-ı Kerim ve Türkçe anlamı, Ali Bulaçın meali) da “məmləkətlər” (ərəbcə “biləəd”) sözü yanlış olaraq “şəhərlər” (“şehirler”) şəklində tərcümə edilmişdir ki, görünür bu səhv tərcümə də Harun Yəhyanın ayədən yanlış nəticə hasil etməsinə, “şəhər” sözünü Ubar tikililəri ilə əlaqələndirməsinə səbəb olub.

“Kavimlerin helakı” kitabının “Ad xalqının nəvələri Hadramilər”
Harun Yəhyanın Ad yurdu zənn
etdiyi məkan.
başlıqlı bölümündə müəllif Yəməndə yaşayan Hadramilərin Ad qövmünün törəmələri olması fikrini söyləyir, Hadrami sözünün HAD (yəni Ad) + RAM (yəni İrəm) sözbirləşməsindən yarandığını göstərir /9, səh.76-77/. Və əsas kimi həmin bölgənin son zamanlaradək “Hadramut” adlandırıldığını, e.ə. III əsrdə yaşamış yunan tarixçisi Plininin əsərində bu tayfanın “Adramitai” şəklində qeyd olunduğunu bildirir, eramızın II əsrinin ortalarında yaşamış yunan coğrafiyaçısı Batlamyusun “Adramitai” adlı bir qövmün Ərəbistan yarımadasının güneyində yaşadığına dair yazdıqlarından sitat gətirir. Nə demək olar, həqiqətəuyğun versiya kimi görünür, amma belə olan halda bu tayfanın, bu etnonimin, bu şəhər qalıqlarının Hud (ə)-ın Ad qövmünə aid olması əsla mümkün deyil. Fikrimizə bir qədər də aydınlıq gətirək. 

Qeyd olunan bu fərziyyə özünün iki ziddiyyətli tərəfi ilə seçilir. İlk ziddiyyətli məqam ondan ibarətdir ki, əgər Harun Yəhya Hud (ə)-ın Ad qövmünü məhv olmuş xalqlar sırasında görürsə - ki, həqiqətən də bu cür hesab edir – o zaman məhv olmuş, qırılmış bir qövmün necə nəvələri, törəmələri ola bilər? Digər ziddiyyətli məqamsa ondan ibarətdir ki, Hadramilərin ismini morfoloji-struktur bölgüsü üzrə izah edərkən Harun Yəhyanın qarşısına Adul-İrəm etnonimi çıxırsa, deməli, Yəmən və Oman arasında aparılmış qazıntılarda üzə çıxarılmış şəhərin qalıqları Hud qövmü olan Ad tayfasına yox, olsa-olsa Quran tarixçilərinin və ilahiyyatçı alimlərin Adul-İrəm kimi qeyd etdikləri qövmə yəni ikinci Ad qövmünə aid ola bilər. Deməli, Hud (ə)-ın Ad qövmünün Ərəbistana aidiyyatı yoxdur, Harun Yəhyanın qeyd etdiyi Hadramilərsə məntiqi baxımdan ən yaxşı halda Adul-İrəm camaatından salamat qalanların nəsilləri yaxud sonradan həmin yerdə məskunlaşıb bu qövmün adını özlərinə götürmüş başqa bir tayfa ola bilər. Təəssüf ki, müəllif bu nəticənin yanından sükutla keçib həmin qum altından çıxmış şəhəri yenə də Hud (ə)-ın qövmünə aid etməyə davam edir. 

Hadramilərin o zaman çox varlı olduqları fikrini irəli sürən və bunu da Quranda Ad qövmü mənsublarının varlı olmaları ilə bağlı ayələrə calayan Harun Yəhya yenə də istinad etdiyi yunan yazarlarının mübaliğəsinə aldanmış görünür /9, səh. 77/. Bəli, istisna deyil ki, eranın əvvəllərində Hadramilər o zaman bölgə əhalisi arasında dəyərli hesab olunan “frankinsce” bitkisinin qabığından məhsul əldə etməkdə uğur qazanıblar, lakin bu o demək deyil ki, Hadramiləri “yer üzünün ən zəngin irqi” adlandıran yunan yazarlarının yazdıqları şişirtməsiz həqiqətdir. Əgər bir bitkidən əldə olunan məhsulla yer üzünün ən varlı sakinləri olmaq bu qədər asan olsaydı, dünyanın münbit torpaqlı bölgələrinin insanları, xalqları hər kəsi var-dövlət sarıdan geridə qoyardılar. Şübhəsiz ki, bu cür yanaşmada mübaliğə çoxdur və professional yanaşma nümayiş etdirən araşdırmaçı bu cür şeylərə gərək öz araşdırmalarında aldanmasın. 

Daha bir yerdə Harun Yəhya təxəllüslü Adnan Oktar əvvəlki xətt üzrə Quran ayələrində Hud (ə)-ın Ad qövmünün digər əlamətlərini güney Ərəbistan çöllərində axtarmağa davam edir. Bu dəfə müəllif Əş-Şuəra surəsi, 134-cü ayədə təsvir olunan və Ad qövmünün torpaqlarında göstərilən bağları və çeşmələri aramağa cəhd edir. Əvvəlcə güney Ərəbistan torpaqlarının mütləq əksəriyyətinin çöl-səhra platosundan ibarət olduğunu, ağaclıqlarınsa böyük bir qisminin son dövrlərdə əkildiyini etiraf edir. Daha sonra Quran ayəsində göstərilən bağların və çeşmələrin bu bölgədə bulunmamasını təbiətdəki iqlim dəyişiklikləri ilə izah etməyə çalışır. Ümumi fikirlərlə. Hər hansı bir tarixi mənbədən sitat gətirmədən. “Tarihsel kayıtlar, günümüzde çölleşmiş bulunan bu yerlerin bir zamanlar oldukça verimli ve yeşil bir toprak olduğunu göstermektedir” cümləsini yazan müəllif hansı tarixi qaynaqlarda bölgənin bu cür təsvir edilməsinə dair bir dənə də olsun misal gətirmir /9, səh.78-79/. Aydın məsələdir ki, sözügedən ayədə məhz Allahın Ad qövmünə bağlar və çeşmələr bəxş etdiyi qeyd olunubsa, burda söhbət insan əlinin yaratdığı hansısa bağdan yaxud çəkilən arxdan deyil, məhz meşələrdən və bulaqlardan gedə bilər. Müəllif bu fikrini əsaslandırmaq üçün Pakistanda adı çəkilməyən naməlum bir bölgədə orta əsrlərdə mövcud olmuş münbit torpağın bu gün 6 metrlik qum təbəqəsi altında qalmasından, Yəməndə 1950-ci ildə qazıntılarda üzə çıxarılmış tapıntıların sonradan təkrarən qumlarla örtülməsindən, Misir piramidalarının da bir zamanlar qum altında olub sonradan çox uzun sürən gərgin çalışmalar nəticəsində üzə çıxarılmasından danışır. 

Əvvəla, həmin Quran ayəsində söhbət hansısa piramida və ya tikilidən yox, təbii bağlardan yəni meşə massivlərindən gedir. Və qum təbəqəsinin bütöv bir məmləkətin meşə massivi üzərinə çökməsi ilə həmin meşələrin kökünün birdəfəlik kəsilməsini düşünmək ağlasığmazdır, çünki günümüzdə bəzən ağacların, onların köklərinin hətta beton örtükləri dağıdaraq torpağın üzünə çıxması hallarının şahidi oluruq. Məgər qum təbəqəsi betondan daha güclüdürmü ki, bütöv bir meşə zolağını heç vaxt mövcud olmamış kimi birdəfəlik dibindən qurutsun? Pakistandakı bölgənin adı çəkilmədiyinə görə müəllifin bu haqda fikrini aydınlaşdırmaq mümkün deyil, Yəmən və Misirə gəlincə isə, hər iki bölgə Ərəbistan yarımadası ilə eyni iqlim qurşağında yerləşir və müəllif hər iki bölgədə təbii meşə massivləri ilə yox, daş tikililərlə müqayisə aparır ki, bu da səhv yanaşmadır. Hansısa kənd yaxud kiçik bir şəhərin daş tikililəri qum altında qala bilər, amma bu ərazilərdə guya hansısa dövrdə mövcud olmuş meşələrin qum altında qalmaqla ucdantutma məhv olması absurd fikirdir. Azərbaycanın Xəzər sahilləri də daxil olmaqla dünyanın bir çox bölgəsi vardır ki, həmin yerlərdə qum təbəqəsi çox olan yerlərdə də çoxsaylı və müxtəlif növ ağaclar bitməkdədir. Coğrafiyadan adi orta məktəb səviyyəsində biliyi olan hər kəs gözəl bilir ki, Ərəbistan yarımadasının güneyi, xüsusən də Yəmən və Oman əraziləri ekvatora çox yaxın olduğundan isti iqlimli məmləkətlərdir. 5000 il öncə də ekvator tropik zonaya düşən bu yarımadaya eyni məsafədə yerləşirdi, bu gün də. Və bu məmləkətlərdə nə vaxtsa köklü iqlim dəyişikliklərinin olmasını düşünmək, burda ucsuz-bucaqsız meşələr, içində çoxsaylı sərin bulaqları olan geniş ormanlar axtarmaq, bir qədər yumşaq desək, mənasızdır. Bu gün başdan-ayağa qumlarla örtülmüş bir məmləkətin münbit olmayan torpağında nə dərəcədə köklü iqlim dəyişikliyi baş verməlidir ki, iqlim qurşağı dəyişikliyə məruz qalsın və bu günkü tropik qurşaq yaransın. Və daha bir paradoksal sual var: tutaq ki, bir neçə min il öncə bu ərazilərdə bugünkündən fərqli bir iqlim qurşağının təsiri varmış və böyük meşə sahələri mövcud imiş. O zaman son 1500-2000 il ərzində bu torpaqlarda niyə buna bənzər qlobal iqlim dəyişikliyi baş verməyib və təbii yolla meşə sahələri yaxud çağlayan çeşmələr əmələ gəlməyib? 

Mövzuya birbaşa bağlılığı olmasa da, əyani bir misal çəkək. Eramızın əvvəllərində quzey Azərbaycanın indiki Nabran zonasında Qafqaz Alpaniyasının Tel şəhəri yerləşirdi və mənbələrin məlumatına görə bu şəhər liman şəhəri olmaqla birbaşa Xəzərə açılırdı. Xəzər dənizində suyun tədricən 5-7 km geri çəkilməsi nəticəsində bu şəhər bir liman kimi öz əhəmiyyətini itirməyə başlayıb. Bu gün həmin Tel şəhəri kiçik bir kənd kimi vaxtilə olduğu nöqtədə öz mövcudiyyətini davam etdirir, lakin su çəkildiyi dönəmdən başlayaraq kəndlə Xəzər sahilləri arasında təxminən 5-7 km-lik sıx meşə zolağı əmələ gəlib və həmin meşə zolağı bu gün Nabranın demək olar ki bütün ərazisini əhatə edir. Əgər Ərəbistan yarımadasının güneyində də bu cür təbii coğrafi və iqlim dəyişikliyi zaman-zaman baş verən olsaydı, bu, özünü qabarıq şəkildə biruzə verərdi, ən azından son 1500-2000 il ərzində həmin torpaqların hər hansı bir yerində təbii yolla hər hansı bir meşə zolağı yaranardı.Yəni etiraf olunmalıdır ki, güney Ərəbistanın iqlimini və coğrafi durumunu Quranın Əş-Şuəra surəsinin sözügedən ayəsinə nə qədər “kleyləsən” də, yenə yapışmaz. Beləliklə, aydın olur ki, Ərəbistan yarımadasının güneyində Quran ayələrində Ad qövmünün torpaqları ilə bağlı təsvirlərə bənzər məkanın nə zamansa olması fikri ən azı coğrafi, bioloji və iqlimi nöqteyi-nəzərindən ağlabatan deyil. Və bu cür uyğunsuzluqların ortaya çıxmasının da başlıca səbəbi Ad qövmünün torpaqlarının doğru məkanda axtarılmamasıdır. 

Ad qövmünün üstünə göndərilən şiddətli külək və qasırğadan, kafirlərin bu qasırğanı ilk öncə yağış yağdıran bir bulud zənn etdiklərindən danışarkən Harun Yəhya yenə də səhrada qum fırtınasının göydə necə toz buludu yaratmasını təsvir edir və unudur ki, axı bir qədər əvvəl kitabda Ad qövmünün torpaqlarının nə qədər bağ-bağatlı, münbit, çeşmələrlə dolu olduğunu qeyd edirdi və həmin əvvəlki təsvirlərdə heç bir qumsallığın, qum fırtınası yaradacaq qədər çoxlu sayda səhra qumunun adı çəkilmirdi /9, səh.81/. Quran ayəsindəki ilahi əzabı Harun Yəhyanın təsvirləri ilə qarşılaşdırsaq, sual yaranır ki, “yeddi gün və səkkiz gecə” əsən bu qasırğa Harun Yəhyanın bərk-bərk yapışdığı bu qədər səhra qumunu hardan çıxardıb gətirib. Bəs Quran ayəsində Ad qövmünün gördüyü buluddan öncə adı çəkilən dəhşətli səs çıxaran ildırım niyə Harun Yəhyanın bu təsvirlərində yer almır və üstündən sükutla keçilir? Axı bu ildırım Qurani-Kərimin Fussilət surəsinin 13-cü ayəsində açıq-aydın göstərilməkdədir? 

Harun Yəhya israrla məhz qum fırtınası qopması yolu ilə Ad qövmünün yaşadığı şəhərin (?) üzərinə tonlarla qum yığıldığını və şəhərin insanlarla birlikdə bu qumların altına gömüldüyünü bildirir. Halbuki Qurani-Kərimin Əl-Əhqaf surəsinin 25-ci ayəsində başqa cür deyilir: “Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!” Deməli, şəhərin tonlarla qumlar altında qalması barədə söylənilənlər, belə desək, sadəcə bədii təxəyyülün məhsuludur. Ayədə insanların və onların evlərinin heç bir qum altında qalmadığı açıq-aydın göstərilir. 

Bir qədər sonra aydın olur ki, Harun Yəhyanın Ad qövmünə gələn cəzanı israrla məhz səhrada qum fırtınası ilə əlaqələndirməsinin yalnız bir səbəbi var: Əl-Əhqaf surəsində Ad qövmü ilə bağlı adı çəkilən “Əhqaf” toponiminin leksik mənasının dilçilər tərəfindən “yüksək qumsallıq təpələr” şəklində verilməsi. Müəllif həmin səhifədə qeyd edir ki, “Əhqaf” kəlməsi ərəbcə “qum təpəsi” anlamına gələn “hiqf” sözünün cəm şəklidir. Yalnız bu məna çalarını əldə əsas tutaraq Harun Yəhya Hud (ə)-ın Ad qövmünə göndərilmiş İlahi cəzanı qum fırtınası ilə təsvir etməyə cəhd göstərir. Bu haqda kitabda oxuyuruq: “Bu ise Ad Kavmi’nin “kum tepeleri”yle dolu bir bölgede yaşadığını gösterir ki, bir kum fırtınası ile toprağa gömülmüş olmasının bundan daha mantıklı bir zemini olamaz.” /9, səh. 83/. Bu cümləni oxuyan hər hansı bir insan müəllifə üzünü tutub sual verə bilər ki, əgər Ad qövmü qum təpələri ilə dolu bir bölgədə yaşayıbsa, bəs bayaqdan dəm vurduğunuz, Ərəbistanın güneyində vaxtilə mövcud olduğunu yazdığınız böyük bağlar-meşələr, münbit torpaqlar, çoxlu sayda çağlayan çeşmələr harda qaldı? Əgər hər şey Harun Yəhyanın təsvir etdiyi kimi olsaydı, Allah-Təala hər halda göndərdiyi əzabı ifadə etmək üçün sözügedən ayələrdə “qum fırtınası” kəlməsini işlədərdi, Hud (ə)-ın Ad qövmünə aid ayələrdə isə ümumiyyətlə qumun adı çəkilmir. Araşdırma aparan insan araşdırma sahəsinə kompleks halda, sistemli yanaşmalıdır, sistemli yanaşma zamanı deyilən ikinci fərziyyə yaxud dəlil birinci söyləniləni təkzib etməz. 

Yeri gəlmişkən, bu düşüncə tərzinə təkcə Harun Yəhyada yox, bir çox din alimlərinin, qədim qövr tarixçilərinin, həmçinin, müasir tədqiqatçıların da əsərlərində rast gəlirik. Açıq-aydın görünür ki, Əhqaf toponiminin yazılışca ərəb dilindəki “qumsal təpələr” sözünə bənzəyişi din araşdırmaçılarının fikrini qumsal təpələrlə dolu olan Ərəbistan yarımadasına yönəltmişdir. Uzağa getmədən bir misal çəkək. Hacı Sabir Həsənli “Peyğəmbərlər tarixi” adlı kitabında Ad qövmünün yaşamış olduğu torpaqlarla bağlı belə yazır: “Ad qövmü deyilən qəbilələr Əhqafda yerləşmişdilər. Bu camaatın başında Samın nəticəsi Ad bin Avs dururdu. Bu yerlər qum təpələrinin bəzədiyi və dəniz sahillərinə qədər uzanan səhralıq bir ərazi idi” /8, səh.63/. Yəni burda sözügedən problemdə konkret araşdırmaçını da qınamaq olmur, çünki bu, Quran tarixşünaslığında yayılmış ümumi bir yanlış tendensiyadır. 

Bəli, Qurani-Kərimin Əl-Əhqaf surəsinin 21-ci ayəsində Ad qövmünün “Əhqaf” adlandırılan bir yerdə yaşadığı göstərilir: “(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”” Burda göstərilən “Əhqaf” toponimdir, Hud (ə)-dan daha öncə də peyğəmbərlər göndərilmiş yerin adıdır. Lakin “Əhqaf” sözünün etimoloji və leksik-semantik izahı Harun Yəhyanın istəyinin əksinə olaraq Ad qövmünün münbit torpaqlarını ifadə etmir, bu uyğunsuzluq Quran ayələrindən də açıq-aydın görünür (Əş-Şuəra, 132-134). Deməli, bu toponimin leksik mənasını aydınlaşdırmaq üçün başqa alternativ morfoloji-struktur bölgüsü irəli sürmək lazımdır. Başqa alternativ fərziyyə isə var və onu təqdim edirik: ƏHL-ƏL-QAF (Qaf əhli) variantı. Yazımızın bundan sonrakı bölümlərində sistemli bir şəkildə bu advariantından yola çıxaraq ortaya çıxan daha həqiqətəuyğun fərziyyələri dəyərli oxucularla bölüşəcəyik. 

AD XALQI İKİÇAYARASINDA OLA BİLƏRDİMİ? 

Ad qövmünün yaşamış olduğu torpaqların hansı coğrafi arealda yerləşməsi ilə bağlı bu günədək söylənilən ehtimallar arasında Türkiyəli araşdırmaçı-alim Sədi Bayramın tədqiqatları nisbətən daha həqiqətəuyğun versiya söyləməkdədir. Araşdırmaçının mövcud fərziyyələrə aldanmamaqla Ad qövmünün Ərəbistan yarımadasının cənubunda yaşaması ehtimalının üzərindən xətt çəkməsi və yeni, daha ağlabatan fərziyyə üzərində çalışması öz-özlüyündə təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Sədi Bayram “Türk dünyası araştırmaları” dərgisində təxminən 20 il öncə çap etdirdiyi “Kaynaklara göre Güney-Doğu Anadoluda Proto-Türk İzleri” adlı araşdırmasında Ad qövmünün İkiçayarasında yaşaması ehtimalını irəli sürərək bu fikri təsdiqləyə biləcək bir sıra arqumentlərlə çıxış edir. Mövzumuza birbaşa aidiyyatı olduğuna görə onun fərziyyəsini və dəlil olaraq ortaya qoyduğu arqumentləri də bu yerdə sadalamağa və incələməyə ehtiyac duyuram. 

Sədi Bayram Ad qövmünün İkiçayarasında yaşaması ehtimalı bağlı əsasən aşağıdakı dəlilləri dilə gətirir:

“Akkadlılar’da bir Adab şehri vardı. Kur’an-ı-Kerim’in yukarıda sayılan ayetlerinde de bir Ad milleti vardır” /12, səh.32/. 

“Sumerliler’in dini inanışı çoktanrılık esasına dayanmaktadır. Fırtına Tanrısı Adad’dır. Bu durumda Ad milletinin Adab şehir devletinin milleti olduğu akla gelmektedir” /12, səh.32/. 

Gördüyümüz kimi, bu məkanda Ad qövmünün adını xatırladan
İkiçayarasında yerləşmiş qədim
Adab şəhəri.
qədim şəhərin olması, üstəlik həmin ərazilərdə yaşamış Şumerlilərin (İkiçayarası xalqının) fırtına tanrısı kimi qəbul etdikləri simvolun Adad adlanması tədqiqatçıda Ad qövmünün məhz bu ərazidə yaşaya bilməsi təsəvvürünü yaradır. Düşündürücü fərziyyə olsa da, öz gücü, qüdrəti ilə hər yana səs salmış, qonşu xalqların qorxub-çəkindikləri çoxsaylı Ad qövmü mənsublarını bir şəhərə “sığdırmaq”, onları bir şəhər-dövlətlə məhdudlaşdırmaq düşüncəsini qəbul etmək çətindir. Əgər bölgədə Akkad dövlətinin olmasını Sədi Bayramın özü də təsdiqləyirsə, bu dövlətin içində Adab şəhərinin ayrıca bir dövlət olması ağlabatan deyil. Adab şəhərini qədim dövr Mesopotamiya xəritələrində axtarıb-tapmaq da elə asan deyil, çünki bu şəhər heç də digər Akkad şəhərləri olan Nippur, Erek, Kiş, İsin, Girsu, Laqaş qədər böyük bir şəhər olmamışdır. Biz məhz bu nöqteyi-nəzərdən Harun Yəhya və onun istinad etməyə çalışdığı ənənəvi düşüncə tərzinə dərin şübhə ilə yanaşırıq. Sədi Bayramın fərziyyəsi həqiqətə yaxın görünür, ancaq Ad qövmü kiçik bir şəhər-dövlətlə “keçinməyəcək” bir xalq idi, bunu Quran ayələrindən asanlıqla görmək olar. Üstəlik, Qurani-Kərimdə Əl-Əraf surəsi, 74-cü ayədə Ad qövmünün torpaqlarına sonradan Səmud qövmünün gətirildiyi və onların da dağları ovub-yonub özlərinə evlər düzəltdikləri göstərilib. Bu təsvirə uyğun dağlıq məkansa Adab şəhərinin yerləşdiyi yerdə - İkiçayarasının cənubunda yoxdur. 

Ad qövmünün ismini xatırladan bir toponimin olması isə mümkündür. Ad qövmü kiçik bir xalq olmadığına görə onun yayıldığı areallar da geniş miqyaslı ola bilər, xalqlar yalnız konkret sərhədlər daxilində yaşamır, onlardan bu sərhədlər dışında da səpələnmiş yaxud yarım-kompakt halda yaşayanları çox olur. Ola bilər ki, Ad qövmünün əzəli torpaqlarının əhatə dairəsinə Sədi Bayramın göstərdiyi məkan da daxil olub, lakin, bayaq qeyd etdiyimiz kimi, bir şəhərlə Quran ayəsini təsdiqləmək qeyri-mümkündür. Və dərindən düşündükdə təxmin etmək olur ki, Ad qövmünün torpaqlarını hardasa Sədi Bayramın göstərdiyi məkana yaxın ərazilərdə axtarmaq və tədqiqatçının xatırlatdığı Adab şəhərini də həmin ərazilərin tərkibində (və ya yaxın təsir dairəsində) görmək daha doğru və həqiqətəuyğun yanaşma olardı. Şumer deyilən İkiçayarası xalqının “fırtına tanrısının” Adad ismi ilə bağlı söylənilənlərdə isə həqiqət payı o mənada ola bilər ki, bu xalq öz qonşuluğunda mövcud olmuş və faciəvi sonluqla üzləşmiş Ad xalqının fəlakətini görmüş yaxud eşitmiş, fəlakətin dəhşətindən qorxaraq özlərinə tapınaq obyekti olaraq bir dəhşətli “fırtına tanrısı” yaratmışdır. Zatən İkiçayarası bölgəsinin xalqları çox zaman ətrafında baş verənlərdən yanlış nəticələr hasil etmiş, zaman-zaman çoxtanrıçılıq yolunu tutmuş, haqq yoldan uzaqlaşmış, İlahi yaşam tərzini inkar etmişdir. Dini qaynaqlarda tez-tez xatırlanan Babil qülləsi, əhalinin mələklərdən öyrənib öz yaşam tərzinə çevirdiyi cadu və sehr əməlləri, bir-birini əvəz edən bütpərəst cəmiyyət və dövlətlər, hökmdar Nəmrudun bütləri, Həzrət İbrahimin bütpərəstliyə qarşı sərt mücadiləsi – bunların hamısı İkiçayarası bölgəsi ilə bağlıdır. 

I YAZININ SONU


İstifadə edilmiş ədəbiyyat:

1. Qurani-Kərim, Z.Bünyadovun və V.Məmmədəliyevin tərcüməsində.
2. Kur’an-ı Kerim ve Türkçe anlamı, Ali Bulaçın meali.
3. Erol Güngör, “Tarihte türkler”, İstanbul, Ötüken Yayınları, 1993.
4. Əbülqazi Bahadır xan, “Şəcəreyi-tərakimə” (“Türkmənlərin soy kitabı”), Bakı, 2004.
5. Ə.Rəcəbov, Y.Məmmədov, “Orxon-Yenisey abidələri”, Bakı, “Yazıçı”, 1993.
6. Firudin Ağasıoğlu, “Azər xalqı”, Bakı, 2005.
7. Firudin Ağasıoğlu, “Tanrı elçisi İbrahim”, Türkiye türkçesine aktaran Paşa Çengiz Kara, Olgun Ergün, Bakı, 2009.
8. Hacı Sabir Həsənli, “Peyğəmbərlər tarixi”, Bakı, 2001.
9. Harun Yahya, “Kavimlerin helakı”, 11.Baskı, İstanbul, Araştırma yayıncılık, 2009
10. “Kitabi-Diyarbəkriyyə”, Bakı, 2001.
11. Paul Johnson, “Yahudi Tarihi”, türkçeye tercüme: Filiz Orman, İstanbul, “Pozitif Yayınları”, 2008.
12. Said Bayram, “Kaynaklara göre Güney-Doğu Anadoluda Proto-Türk İzleri”, “Türk dünyası araştırmaları”, 62-ci sayı, oktyabr, 1989. 
13. Yaqub Mahmudov, “Azərbaycan: qısa dövlətçilik tarixi”, Bakı, “Təhsil”, 2005.
14. Yunus Oğuz, Bəxtiyar, Tuncay, “Türkün gizli tarixi”, Bakı, 2009.
15. Zaur Həsənov, “Çar Skiflər”, Bakı, 2005.
16. Ziya Bünyadov, “Dinlər, təriqətlər, məzhəblər”, Bakı, 2007.
17. В.В.Бартольд, «Сочинения», V том, Москва, 1968. 
18. Фазлуллах Рашидаддин, «Огузнаме», Баку, «Элм», 1987.


Qurani-Kərimdə Ad qövmünün xatırlandığı surə və ayələrin siyahısı:

Hud, 50-59:
Əl-Mumin, 31:
Əl-Haqqə, 4, 6:
Əl-Əraf, 65-74: 
Əl-Muminun, 31: 
Fussilət, 13-16:
Əş-Şuəra, 123-139:
Əz-Zariyat, 41:
Qaf, 13:
Əl-Maidə, 22:
Əl-Əhqaf, 21-26:
İbrahim, 9: 
Əl-Həcc, 42:
Ət-Tövbə, 70:
Əl-Kəhf, 59:
Ər-Rum, 9:
Əl-Qəmər, 18-21:
Sad, 12:
Əl-Fəcr, 6-13:
Ən-Nəcm, 50:


12/11/2012

Комментариев нет:

Отправить комментарий