воскресенье, 2 сентября 2018 г.


TARİXİ YADDAŞIMIZIN “KİRVƏLİK” YÜKÜ


 Qafqaz Alpanlarına dair bir miniatür...


             Yazılı tarix dayazdan oxuyar, səthi yazar. Dərinlərə varmaz.
Gerçəyə yox, maraqlara xidmət edər. Bu səbəbdən dərindən oxuyan heç bir kəsi qane etməz.
Tarixi yaddaş isə özündə zahirdə görünənləri deyil, dərinlərdə yatan gerçəkləri yaşadar. Zaman-zaman üzə çıxan bu gerçəklər qırıq-qırıq, hissə-hissə, epizod-epizod da olsa, özünü xalqın tarixi yaddaşında qoruyar. Bu səbəbdən də tarixi yaddaş öz çiyinlərində yazılmayan tarixin gerçəklik yükünü daşıyar.
Azərbaycan türkünün tarixi yaddaşında bu günədək özünü qoruyub-yaşatmış bir epizod var. Kirvəlik adlanır. Bu günədək yalnız səthi araşdırılmış, tarixçəsinə varılmamış, daha çox sünnət mərasimlərində yada düşən bir adətimiz kimi tanıyırıq Kirvəliyi. Tarixçəsini isə unutmuşuq artıq. Yazılı tarixdə bunu aramaq da əbəsdir. Sadəcə tarixi yaddaşımızın pıçıltılarından duyuruq ki, bu, bizlərə aid bir nəsnədir. Əski bir gələnək, dostluğu, sədaqəti, qardaşlığı özündə barındıran bir adətdir.
Kirvəlik nə vaxtdan yol gəlir bu günümüzə?
Nədən başlanıb bu kirvəlik?
Nə deməkdir, mahiyyəti nədir?
Bu adət sırf İslama, müsəlmanlığa aiddirsə, nə üçün quzey Azərbaycandan kənarda heç bir müsəlman toplumunda bilinmir və tanınmır?
Nə üçün oğul övladının “sünnət” mərasimində yada salıb əməl etdiyimiz bu adəti zaman-zaman ermənilərə də aid ediblər?
“Sünnətsiz” xaçpərəst erməninin bir müsəlman türkün öz oğlunu “sünnət” etdirməsinə nə dəxli ola bilər?
Tarixi yaddaşımızın “qum saatı” Kirvəliyin çıxış nöqtəsi kimi miladın VII əsrinin ortalarını göstərməkdədir. Yer-məkan – quzey Azərbaycanın Ərsak (Qarabağ) bölgəsi. Qədim dünyanın böyük bir güc mərkəzinin – pers Sasanilərin çökdüyü və İslam inancının Qafqazlara gəlib-çıxdığı bir dönəm. Bölgə bir yandan Sasanilərin çöküşünü, digər yandan Xəzərlərin yürüşlərini, o biri tərəfdən də yeni bir kimliyə bürünmüş döşü xaçlı yunan Bizansının Qafqaza təsirlərini öz üzərində hiss etməkdədir. İsəvi Alpanlar o vaxta kimi istilaçı “divin” inancı olan atəşpərəstliyə qürurla dirənmiş, İsanın tək tanrıçı inancına sidq-ürəkdən söykənmiş durumdadırlar bu dövrdə. “Dindaşları” sayılan, lakin soykökünə görə yad olan Bizansın riyakar davranışları Alpan elini bu güc mərkəzindən uzaq tutur. Soykökünə çox yaxın olan Xəzərinsə bu dövrdə məqsədi qardaşı ilə birləşmək, qorumaq-filan deyil, yağmalamaq və qənimət əldə etməkdir...
Və bölgəyə İslam adlı özü yeni, kökü isə qədim bir inanc ayaq basır. Onun xristian Bizansını belə təlaşa salan ayaq səsləri ən qısa vaxtda Dəmirqapı Dərbəndin o biri üzündə eşidilir. Dörd əsr istilaçının atəş dininə “bə çeşm” deməyən isəvi Alpanlar seçim zamanının gəldiyini görüb İsa inancını da öz içinə almış İslamla yaxından tanış olur. Rəsmi tarix bu dövrlə bağlı bir sürü “nağıl toxuyur” – işğal etdilər, qırıb-çatdılar, təcavüz etdilər, çapıb-taladılar, sonra da öz dinlərini zorla qəbul etdirdilər deyə (400 ilin Sasanisi nə əcəbsə bunları bir arada və bu qədər asan edə bilməmişdi)... Tariximizin bu döngəsinə boylanmaq üçün biz rəsmilikdən uzaq, sadə dilə üstünlük verək.
İsəvi Alpanların böyük bir qismi, eləcə də, onlarla birlikdə yaşayan digər azsaylı xalqların əksəri mötədil İslamı qəbul edərək müsəlmanlaşır və bununla özünü üç qonşudan – riyakar Bizansdan, yağmaçı Xəzərdən və istilaçı farsdan qorumağı qərara alır. Alpanların kiçik bir hissəsi isə İslamdansa İsa inancında qalmağı üstün tutur, Ərsak dağlarındakı monastırlarına çəkilir. Dində məcburiyyət yoxdur. Lakin din fərqi artıq onlara öz soydaşları olan əksəriyyətin xeyrində-şərində iştirak etməyə, toplumun digər hissəsi ilə əvvəlki kimi bir olmağa əngəldir. “Ərməni” kəlməsinin dini kimliyə büründüyü, tarixin bu qırılma nöqtəsində çoxsaylı müsəlman Alpanlarsa “əski dində” qalan qardaşından, əmiuşağından ayrı düşmək, onlarla qohumluq və qan bağını itirmək istəmir. Sayları az, özləri təcrid olmanın astanasında. Bir də xristian Bizansının bölgəyə öz təbəəsi kimi soxuşdurmağa çalışdığı “qara donlu”, döşü xaçlı fürsətçi haylar var artıq “səhnənin” o biri küncündə. Bir ovuc isəvi Alpanı tezbazar “qriqoryanlaşdırmaq” yolu ilə bölgədə özünə yer eləməyə həvəsli haylar. Müsəlman Alpan öz doğma soydaşını bu “qara donlulara” göz görə-görə necə yem eləsin? Din ayrıdırsa, Soy birdir, kök birdir, vətən birdir...
Kirvəlik məhz bu nöqtədə ortaya çıxır. Müsəlman Alpanlar öz isəvi soydaşlarının əlindən tutub onu “sünnət” etdirdiyi oğlunun, nəvəsinin yığnağına gətirir, evinin qapılarını onun üzünə yenidən taybatay açır, ona həmin vaxtadək görünməmiş bir görəv verərək kirvə seçir. Müsəlman olmuş soydaşının övladının “kirvəsi” seçilməklə etnik bağları qoruyub-saxlamağa razılıq verən Qarabağın isəvi Alpanları o dövrdən başlayaraq əsrlər boyu özü müsəlman olmadığı halda, müsəlman Alpanın övladının “sünnət” mərasimində ən hörmətli və toxunulmaz qonağa çevrilir. “Kirvə qardaşdan yaxındır”, “kirvə kirvədən qız belə almaz”, “kirvəlik yükü ağırdır”, “kirvə kirvənin damına çıxmaz ki, evinə toz qonar” deyimləri xalqın tarixi yaddaşından süzülüb bu günümüzə kimi adlayır və ta ki qara əllər bölgədə hay kimliyini yerləşdirdiyi günə qədər bu düşüncə, bu adət, bu dəyər dinə görə ayrı düşən bir xalqın soy birliyinin simvoluna çevrilir...
Tarixdə Kirvəliyin başlanğıc nöqtəsi bu. Bizimlə eyni tarixi, eyni vətəni, eyni aqibəti bölüşən digər bölgə xalqları özündə qardaşlığı, sədaqəti və əbədi dostluğu əks etdirən bu tarixi gələnəyimizi bəşəri bir dəyər kimi mənimsədilər...
Bu gün bölgədə at izinin it izinə qarışdığı dövrdə kirvəliyin tarixi mahiyyətini anlamaq elə də asan deyil.
Cəmisi bir əsr yarım öncə “ərməni” deyib yaxın bildiyimiz Qarabağ alpanları bu gün imperializmin qulbeçəsi olan qriqoryan hayların girovunda olmaqla bizə qarşı cəbhədə görünür.
Tarixi vətənimiz səkkiz tikəyə bölünmüş halda, inancımız müxtəlif saxta məzhəb doqmaları ilə təhrif edilmiş durumda (zatən inanc əvvəlindən insanları birləşdirən, din və məzhəblərsə ayıran missiyanı yerinə yetirib), bölgənin siması bütünlüklə və müxtəlif istiqamətlərdə dəyişilmək yolunda.
Kirvəliksə bizimlə bir yerdə öz mövcudiyyətini sürdürməkdə davam edir, xalqımızın tarixi yaddaşında özünü qoruyub hifz edir.
Kirvəlik yükü ağırdır. Bizlər yenə “sünnət” etdirmək istədiyi övladımıza kirvə tutur, bu yükü nəsildən-nəslə ötürürük. Kirvə qismində isə artıq Qarabağın isəvi Alpanları iştirak etmir. Onları bizdən həmin “qara donlu” qriqoryan-hay keşişləri çəkib alaraq, öz “qazanlarında” əritməkdədir.
Hər şeyin öz qəlibini dəyişdiyi, öz gerçəyini gizlədiyi bu dönəmdə insanlığa xidmət edən, bizi Biz edən milli-tarixi dəyərlərimizi, adət-ənənələrimizi qorumaqda israrlıyıqsa, bu dəyərlərin və gələnəklərin tarixi keçmişini bilməli, olduğu kimi görməliyik.


01.09.2018.

Комментариев нет:

Отправить комментарий