понедельник, 6 января 2014 г.

"HÜ" GERÇƏYİ



İslamın ezoterik (batini) tərəfləri əsrlər boyu müsəlman cəmiyyətlərində düşünən beyinlərin diqqət mərkəzində olub. Sufi mistisizmi bu günədək müxtəlif elmi səviyyələrdə tədqiq olunmaqdadır. İslam yeganə dini inanc sistemidir ki, onun batini tərəfləri və mahiyyətindəki gizlinlər şəriət qaydalarından dəfələrlə çox və dərindir. Batini hikmətlərin böyük bir hissəsi isə cəmiyyətin bütün təbəqələrinin anlayacağı qədər sadə deyil, bu səbəbdən bir çox hikmətlər, bir çox həqiqətlər “aysberqin görünməyən tərəfində” olmaqla yalnız həmin ənginliklərə dala bilənlərə əyan olur.

İnsan yaşamının hər bir anında, onun fəaliyyətinin hər bir parçasında böyük Allahın nişanələri, əlamətləri vardır. İnsan oğlu yaradılışının fəlsəfəsini anladıqca bunları addım-addım dərk edir. Əli bin Əbu Talib (ə)-ın “özünü dərk etməyən Allahı dərk edə bilməz” kəlamı ilahi hikmətlərə danılmaz bir işıq salır. Bu yazıda həmin hikmətlərdən birinə toxunmaq istəyirik. 

“HÜ” gerçəyi... Çağdaş dövrün ən yeni texnologiyalarından xəbərdar olan Adəm oğlu bu sadə gerçəkdən halidirmi? Kim oluruqsa olaq, çətin bir işimiz bitincə dərindən nəfəs alıb rahatlanırıq, ruhumuz o anda cismimizə “HÜ” (HU) kəlməsini dedirdir. Qorxu və həyəcan anlarında özümüzdən asılı olmayaraq təngnəfəs cismimizlə ağzımızdan “HÜ” kəlməsini çıxardırıq. İstisnasız olaraq hər bir insanın canı ağzından çıxdığı anda, son nəfəs verilərkən dodaqlarından yenə xəfif bir “HÜ” (HU) səsi süzülüb çıxır. Müqəddəs kitabımızda insanın canının boğazına (hülqumuna) dirənəcəyi zaman Rəbbinə sarı yol alacağı yazılıb (Qurani- Kərim, əl-Qiyamə surəsi, 26-30-cu ayələr). Ateisti də, bütpərəsti də, sintoisti də, xaç əhli də, yəhudisi də, müsəlmanı da eyni halı yaşayır. 

“HÜ” – Allahın ən gözəl isimlərindən biri olub, onun zatını ifadə edir. İlahi kitabların hər birində də məntiqlə Allahın bu gözəl ismi öz əksini tapmalıydı. Bu kitablardan yalnız sonuncu nazil olanı dəyişikliyə uğramadığından həmin kitabın bir çox yerində Allahın “HÜ” isminə rast gəlinir. İlk öncə Qurani-Kərimin demək olar ki hər bir müsəlman tərəfindən əzbər bilinən “İxlas” surəsindən (112, 1-2) sitat gətirək: 



“QUL HÜ ƏLLAHU ƏHƏD ƏLLAHÜS SAMƏD”. 

Tərcüməçilər “HÜ ƏLLAHU ƏHƏD” kəlməsini bir qayda olaraq “O Allah təkdir” şəklində qeyd edirlər ki, bu da qrammatik cəhətdən yanlışdır, çünki “Allah” kəlməsinin mübtəda kimi işləndiyi yerdə onun qarşısında işarə əvəzliyi işlənərsə, bu əvəzlik təyin funksiyası daşıyır və “hansısa başqa bir Allah da varmış” kimi bir məna yanlışlığına yol açır. Deməli, “HÜ” (هُوَ) kəlməsi bu ayədə işarə əvəzliyi yox, məhz böyük Allahın ismi kimi yorumlanmalıdır və ayənin də doğru tərcüməsi bu cür olmalıdır: “HÜ ALLAH TƏKDİR.” Təsadüfi deyil ki, hədis kitabları Həzrət Muhəmməd (s)-in bu surənin və bu ayənin öz fəzilətinə görə Quranın 1/3-inə bərabər olduğunu söyləməsini qeyd edib (bax: Səhihi-Müslim, 812). 

Yeri gəlmişkən, Qurani-Kərimin bir çox yerində rast gəlinən “HÜ” kəlməsi bir çox hallarda tərcüməçilər tərəfindən “O” (III şəxsin təkinə aid şəxs əvəzliyi) şəklində qeyd olunur, halbuki bu halların hər birində söhbət konkret Allahın “HÜ” ismindən gedir. Məsələn: “Rəhman” surəsinin 29-cu ayəsinin sonunda “kullə yəvmin Hu və fi-şəən” (şablon tərcümədə: “O hər an bir işdədir”) dedikdə “HÜ” birbaşa Allahın ismini ifadə edir. 

Əl-Həşr surəsinin 22-24-cü ayələri “HÜ ALLAH” sözləri ilə başlayır. 22-ci ayənin doğru məna tərcüməsi isə bu cürdür: “HÜ-dür gerçək Allah! HÜ-dən başqa Allah yoxdur! Gizlini də, aşkarı da biləndir, HÜ rəhmandır, rəhimdir!”


"HÜ ALLAH"

Bundan başqa, müqəddəs Qurani-Kərimin müxtəlif yerlərində “Hu-vər-rəhmanur-rəhim”, “Hu-vallahulləziy la ilahə illa Hu”, “Hu-vəl-əvvəlu vəl-axiru vəl-zahiru vəl-batin”, “Hu-vəl-əliyyul-əzim”, “Hu-vəs-səmi-ul-bəsir” kimi ifadələr vardır ki, bunların da hər birində böyük Allah məhz “HÜ” (HU) ismi ilə özünü tanıdır. Göründüyü kimi, Qurani-Kərim “Lailahəilləllah” (Allahdan başqa məbud yoxdur) ifadəsini Həşr surəsi,
"LA İLAHƏ İLLA HU"
22-ci ayədə məhz “La ilahə illa HU” şəklində də təqdim edir. 

Ümumiyyətlə, müqəddəs Qurani-Kərimdə Allahın “HÜ” ismi bir çox yerdə keçir. Bunların hər birinə bir yazı daxilində toxunmaq mümkün olmasa da, ən çox yayılmış kəlam və ifadələrə diqqət yetirməkdə fayda vardır. Müsəlmanların hər addımda Allahın vəhdaniyyətini və qüdrətini zikr edərək söylədikləri “ALLAHU ƏKBƏR” kəlamında da Onun bu bənzərsiz ismi öz əksini tapmışdır. Və həmin ifadə dilimizə müvafiq olaraq “Allah Hu böyükdür” şəkində tərcümə olunmalıdır. Gündəlik salamlaşma zamanı istifadə etdiyimiz “Əssəlamü əleykum” ifadəsi də həqiqətdə “Əssəlam Hü əleykum” şəklində tələffüz edilməlidir, çünki burda ilk növbədə qadir Allaha salam göndərilir və O, ən gözəl ismi ilə birlikdə zikr olunur. “HÜ” (HU) isminin insanlar tərəfindən ən çox işlədildiyi məqam isə, əlbəttə ki, hər bir müsəlmanın bilməli olduğu kəlmeyi-şəhadətdir. “Əşhədu ənnə Muhəmmədən əbdühü və rəsuluhu” cümləsinə diqqət yetirsək, “Muhəmmədən əbdühü və rəsuluhu” ifadəsinin dərin mənasının öz-özlüyündə “Muhəmməd HÜ-nün qulu və elçisidir” olduğunu görə bilərik. Zahirə diqqət yetirən insanlar əlbəttə ki, bu sadalanan məqamların hər birində "HU" kəlməsini "O" kimi yorumlamağa çalışacaq, halbuki Qurani-Kərimin üzdə olan hərfi mənasından əlavə inkaredilməz bir şəkildə batini məna qatları var. 

Təsəvvüf ədəbiyyatında “HÜ” gerçəyi hər addımda
diqqət cəlb edir. Hz.Mövlanənin “Hü şeirləri” buna əyani misaldır. “HÜ” – sufilikdə İlahi Eşqin obyektidir. Mustafa Talcı və Cemal Kurnazın müəllifi olduqları, Türk Təsəvvüf Musiqisi və Folklorunu Araşdırma və Yaşatma Vəqfinin dəstəyi ilə işıq üzü görmüş “Hü şiirleri” kitabında (İstanbul, Keşkül Yayınları, Nisan, 2007) Qadir Allahın “Hü” hikmətinə dair çox gözəl mətləblər təqdim olunmuşdur. Hürufilikdə isə “HÜ” gerçəyi insan vücudunda, daha dəqiqi, insanın üzündə əks olunmuş halda görünür. Bu günkü Türkiyə türklərinin tez-tez işlətdikləri “Yahu” kəlməsi öz-özlüyündə “YA HU!” şəklindədir və özünün leksik-semantik məna yozumuna görə “Ya Allah!” sözünün sinonimidir. Bu kəlmə Türkiyə türkcəsinə Ələvi-Bektaşi yolunun yolçularından keçmişdir – bu gün də həm Ələvilərin, həm Bektaşilərin evlərinin və cəm ayinlərinin yerinə yetirildiyi məkanlarının divarlarını “Hü”, “Ya Hu”, “Edeb Ya Hu”, “Hü Hakk”, “Gerçeklerin demine Hü!” kəlamları bəzəməkdədir. 


Cəm evlərinin bəzəyi -- "EDEB YA HU"

Bunları düşündükcə Adəmin yaradılışındakı mükəmməlliyi və ilahi sirrin böyüklüyünü təsəvvür etmək daha da asanlaşır. Qurani-Kərimin əl-Bəqərə
Adəm vücudunda
"Edeb Ya Hu"
surəsində Allahın Adəmə surət verib ona öz ruhundan üfürməsi qeyd olunub (Əl-Hicr, 29). Bilirik ki, yüngül formada üfürmə “Hü” isminin zikr edilməsinə gətirib çıxarır. Ümumiyyətlə, üfürmə prosesinin özündə də insanların çox zaman əhəmiyyət vermədikləri bir möcüzə vardır – bu möcüzənin elmi izahını vermək elə də asan deyil: eyni vaxtda eyni ağızdan eyni nəfəslə həm isti, həm də sərin hava üfürülə, soyuq bir şey müəyyən dərəcədə isidilə, isti bir şeysə sərinlədilə bilər. Beləliklə, aydın olur ki, Adəmin yaradılışından bəri “HÜ” kəlməsi onun canında, vücudundadır. Məhz bu səbəbdən Adəm övladı ölənədək bəzən özü də bilmədən “HÜ” ismi ilə yaşayır, nəfəs alır, əlləşib-vuruşur. Və qadir Allahın mərhəmətinin hüdudsuzluğu özünü eyni zamanda onda göstərir ki, hətta Allahı tanımaq istəməyən ateist bəndələrinə belə özləri də bilmədən Onun ismini zikr etməyə imkan yaradır, bu minvalla yer üzündə yaşayıb-köçmüş heç bir bəndə Allahın bu özəl ismini zikr etməkdən kənarda qalmır və eyni zamanda, Allahın sonsuz mərhəmətinin bu dünyada hər kəsi əhatə etməsi, heç kəsə fərq 
qoymaması qeyri-ixtiyari gözlər önünə sərilir. Ən son anında belə insan Allahı zikr edəcək, sonra ölümü dadacaq və Onun hüzuruna qaytarılacaq (Əl-Ənkəbut, 57). 

Allahın “Hü” gerçəyini duyan, “Hü Allah” deyib Onu daim sevə-sevə zikr edən bəndələrə Allahın salamı olsun!



12/10/2012

Комментариев нет:

Отправить комментарий