четверг, 25 сентября 2014 г.

BİZ və YÜKLƏRİMİZ



Yükümüz nədi? Bu suala cavab vermək elə də asan deyil. Bu yük İlahidən çiyinlərimizə qoyulan və çəkməkdən zövq almalı olduğumuz yükdən deyil. Bu yük ailənin, cəmiyyətin, toplumun mənəviyyat yaxud vicdan yükü də deyil.


Bir millət olaraq çiyinlərimizə qoyulmuş yüklərin ağırlığından irəliyə doğru addım ata bilmirik bu gün. Bütövləşə bilmirik hələ ki.

Tarixi coğrafiyamızın hər tərəfinə, hər parçası bir əldə
qalmış yönlərinə səpələnən zərrələrin bir bütöv olması nə qədər vacibdirsə, hər zərrənin ayrı-ayrılıqda öz düşdüyü ortamda çiyninə şələlənmiş yüklərə diqqətlə nəzər salmaq da bir o qədər mühümdür indi. Əfqanıstanda, İranda, İraqda, Suriyada, Türkiyədə, Rusiyada, Gürcüstanda. Və bir də quzey Azərbaycanımızda.

Paniranizmə xidmət edən şəriət yükü güneydəki soydaşlarımızın çiyinlərinə çöküb və onların türk-islam məfkurəli vahid bir millət kimi bir araya gəlmək prosesində iştirakına əngəldir, bu, bu gün kənardan apaçıq görünən həqiqətdir. Bəs qalanımız necə?

Dərbənddəki zərrəmizin çiyninə yad qüvvələr hansı yükü şələləyib? Borçalıdakı zərrəmiz bir bütöv olmaq üçün hansı kənar təsirləri özündən kənarlaşdırmağa qadirdir? Kərkükdə qalan yanımız nə düşünür? Güneydəki yarımız ruhən bir bütövə qovuşmaq və ortaq toplumu yenidən ərsəyə gətirmək üçün nə etməlidir? Quzeydəki zərrəmiz nə fikirdədir?

Sərt külək gələrkən göydəki hava balonunda olanlar təhlükəni sovuşdurmaq üçün yüklərdən xilas olmağa çalışar. Batmağa həvəsli yaxud batırılmağa zorlanan gəmidə olan bütöv qorunmaq üçün yüklərini atıb yüngülləşər. Uzaq yol gedən bir dərviş mənzilbaşına çata bilmək üçün hər fürsətdə artıq yüklərindən azad olmaq istər...

Zərrələrimizin səpələndiyi hər bir yerdə çiynimizdəki artıq yüklərdən xilas olmağı düşünmək - bu gün hər şey bundan başlanır...



24/09/2014-cü il. 

Комментариев нет:

Отправить комментарий