пятница, 23 января 2015 г.

MƏNUÇÖHR COVANŞİRİN BABƏK BARƏDƏ MÜSAHİBƏSİNƏ SÖZARDI...


Deyirlər anti-reklam da bir reklamdır. Amma son günlərdə tarixdən dəm vuran bəzi diletantların cavabı verilmədikcə hədlərini aşdıqları üçün bəzən bu adamlara baş qoşmaq məcburiyyətində qalırıq, neyniyək? Keçinin əcəli çatınca buynuzunu çomağa sürtər. Bir var bilmədən danışırsan, bir də var bilərəkdən təhrif edir, dezinformasiya mühiti yaradır, yaxşıya pis, pisə yaxşı deyərək cəmiyyətdə ajiotaj yaradıb özünü gündəmdə saxlamağa çalışırsan. Bu ikinci dediyimiz qələtlərin ən böyüyüdür. Tariximizin üzərində davamlı və məqsədyönlü "it hürüşmələri" artıq baş-beynimizi apardı. Artıq "səbrdən keçib" deyərək, bu hürüşənlərə kim olduqlarını, nə danışdıqlarını, nə savadın-biliyin sahibi olduqlarını göstərmək lazım gəlir.


Özünü Güntay Gəncalp kimi qələmə verən avantürist Mənuçöhr Covanşirin www.kult.az saytına Babəklə bağlı verdiyi bədnam müsahibədə ( http://kult.az/yeni/view/6048) aşkarladığım riyakarlıq və saxtakarlıq faktlarını bu yazımda göstərməkdir niyyətim. Adamın söylədiyi əndirabadi və elmilikdən uzaq fikirləri öncə qeyd edərək, bunlara tək-tək mövqe bildirməkdə daha yaxşı olar. Müsahibədə riyakarlıq faktları, səhvlər, nöqsanlar, dezinformasiya, bilgisizlik, təhrif, yalan az qala "dil açıb danışır", savadsızlıq, cahillik hədd-hüdud, sərhəd tanımır.

1. Elə ən birinci ondan başlayaq ki, adam //Quranda “bütün canlıları sudan yaratdıq” deyir.// ifadəsini işlədir, amma "Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər" yazan Şah Xətaini inkar edir. Bu riyakarlıq deyilsə, nədir?

2. Babək barədə deyir ki, // Gələcək nəsillər üçün qəhrəmanlıq etməmişdir.//

Bu riyakarın guya xəbəri yoxdurmu ki, Babəkin aman fərmanına verdiyi reaksiyanı, onun edam səhnəsindəki qətiyyətini, mərdliyini və inadkarlığını hətta onun düşməni olan ərəb yazarları belə təqdir edib heyrətlə yazmışlar? Var, sadəcə ona tapşırıq belədir ki, Babəkin qəhrəmanlıq salnaməsini danışa bilməz.

3. Yazıb ki, // Ancaq özünün də tarixi verilərə görə, İslama simpatiyası olmamışdır.//

Adamın deyəsən xürrəmilərin ayini-cəmlərdə İlahi zikrlər etməsindən, Nizamülmülkün "Siyasətnamə"sində xürrəmilərin Muhəmmədə və Ali-Muhəmmədə salavat çevirmələrinin, onların özlərini peyğəmbər övladlarına yaxın bilmələrinin qeyd olunmasından, Fəxri Razinin "xürrəmilərin öz rəhbərlərinə Mövlanə demələri" haqda qeydlərindən, Əbühəsən Əşərinin "xürrəmilərin əhli-beyt imamlarına inanmalarını" yazmasından, Əbdülqahir əl-Bağdadinin "Əl-fərq beyn-əl-firəq"ində xürrəmiyyənin özünü İslama nisbət verən firqələr arasında qeyd olunmasından və onlarla bu cür faktlardan xəbəri yoxdur. Ya da bu kimi faktlar görəndə ona üstündən sükutla keçməyi tapşırıblar nurçu-xilafətçi ağaları.

4. Yazıb: //xilafət anlayışını Quran qəbul etməzdi... Yəni xilafətin Əməvi və Abbasilər zamanında İslamla olan bağları qopmuş və dini legitimliyini itirmişdi.//

Bəs Quranın qəbul etmədiyi xilafətə qarşı açıq və radikal mübarizə aparan Babək məntiqlə Quran yolçusu olur ya kafir? Adamın bu yerdə ağzından çıxanı qulağı duymur və öz "məntiqi" özünün əleyhinə çıxır.

5. Yazıb: // Bu əksəriyyətin etnik kimliyini göz önünə alarsaq, Babək türk olmamışdır.//

Bir dənə konkret mənbəsi yox, fakt yox, nağıl danışır. Bir dənə mənbə məlumatı gətirə bilmir ki, filan mənbə Babəki filan millətdən sayır.

6. //Babəkin zamanında Azərbaycanda türk yox idi. Türklər Babəkin məğlubiyyətindən sonra bu ölkəyə yerləşməyə başladılar.//

Riyakarlıq və yalan nümunəsi. Babəkin zamanı IX əsrin əvvəlidir. Hələ VII əsrin 70-ci illərində Əməvi xəlifəsi Müaviyə Cürhumidən soruşanda ki, "Azərbaycan deyilən yer haradır?" İbn Şiruyə əl-Cürhumi belə cavab vermişdi ki, "Azərbaycan qədimdən türklərin məskun olduğu bir yerdir". Bunu qoyaq bir tərəfə. Adam başqa bir yerdə də türklərin Mötəsim zamanından başlanaraq İkiçayarasına yerləşməsindən dəm vururdu. Əbu Hənifə Dinurinin «Əxbar-ət-Tul» əsərində Kərbəla qisasçısı Muxtar əs-Səqəfinin üsyançı qoşununda türk dilində danışıldığı qeyd olunub, söhbət hələ 685-ci ildən gedir, Babəkdən 130 il öncə, İkiçayarasında artıq türklərin olmasından gedir. Bu türklərin hələ Sasanilərin süqutundan başlayaraq Kufədə yerləşdikləri və ərəblərin onlara Əl-həmra (Al donlular) dediklərini, və bu türklərin Hz.Əli qoşununda yer aldıqları da eyni mənbədə qeyd olunub. Bu da bir tərəfə, adam hələ də miladdan öncə VII əsrdə Azərbaycan ərazilərində mövcud olmuş İşquz dövlətindən xəbərsizdi yaxud özünü bu cür göstərir. Qazaxıstan alimləri çoxdan sübut ediblər ki, adı tarix elmində İSKİT/SKİF kimi bilinən tayfalar yad mənbələrdə İŞKUZ /İÇ OĞUZ/ kimi qeyd olunub və onların ata yurdu da Araz çayı və Urmiya gölü vadisi idi. Hardan bilsin adam bunları, özünü dil bilən göstərən bu adamın rus dilini bildiyi də yoxdur ki, gedib bir-iki ədəbiyyatı vərəqləyə, amma danışanda ona etiraz bildirənlərin dil bilib bilmədiyi barədə fikir yürüdür.

7. //Yəni Babəkin məğlubiyyətindən sonra bu ölkədə doğulan türklərin ataları türk, anaları yerli millətlərdən olublar.//

Əsas odur ki, ermənisayağı durub deyəsən ki, IX əsrdə burda türk yox idi. Hər etnik qrup, həmçinin ermənilər bu cür axmaq açıqlamadan sonra durub zurna piləsin ki, baxın, bu məxluq deyir ki, burda türk olmayıb, deməli, buralar bizim olub. Elə bu yerdə də bu adamın kimlərin dəyirmanına su tökdüyü açıq-aydın gözlər önünə sərilir. Bu məxluqun hələ antropologiya deyilən elm sahəsindən xəbəri yoxdur ki, Azərbaycan ərazilərindən tapılmış ən qədim kəllələr bu günkü Azərbaycan türklərindən başqa heç bir digər etnosun kəllə göstəricilərinə uyğun gəlmir. Bədbəxt adam nə bilsin ki, arxeoloji qazıntılar var tarix elmində, üzə çıxan skeletlərin üzərində aparılan elmi-tədqiqat işləri var. Bu adamın öz müsahibəsində əl atdığı iyrənc metodlar Azərbaycan türklərinə yaxşı məlumdur. Sən Mənuçöhr İranda aşırma şalvar geyəndə quzey Azərbaycan türkləri öz tarixlərinə edilən bu sayaq sui-qəsdləri on illər boyu görüb şahidi olublar. Sən o sui-qəsdçilərdən əskik qalarsan ki, artıq olmazsan.

8. //Babəkin etnik mənsubiyyəti tam olaraq bəlli deyil, lakin o zaman bölgədə tat, talış, gilək, kürd və başqa millətlər yaşamışlar.//

Bu bisavad məxluqa birisi başa salsın ki,

a) tatlar güneyə yox, quzey Azərbaycanda Xəzərsahili ərazilərə Xosrovun vaxtından köçürülmüşdü və onların IX əsrdə güey Azərbaycanda gedən hərəkata zərrə qədər təsir gücü olmayıb. Və ayrıca, TAT isimli etnos yoxdur, bu söz Kaşqarinin Divani-Lüğət-it-türk əsərində oturaq türklərə köçərilərin verdiyi isim kimi qeyd olunur, hətta orada "başsız börk olmaz, tatsız türk olmaz" deyiminə rast gəlinir.

b) TALIŞ isminə trixi mənbələrdə ilk dəfə XIII-XIV əsrdə rast gəlinib. Hafiz Əbrunun əsərində Əmir Çobanın 9 oğlundan birinin oğlunun adı Talış xan kimi qeyd olunub. Və elə təkcə bu fakt sübut edir ki, IX əsrdə Azərbaycanın güneyində-quzeyində TALIŞ adlı bir etnos olmayıb.

c) KÜRD ismini ümumiyyətlə etnos adı kimi söyləmək özünə tarixçi deyənin savadsızlığından başqa bir şey deyil, çün hər bir tarixçi-etnoqraf gözəl bilməlidir ki, qədimdə "kürd" kəlməsi köçəri tərəkəmə elatlarını ifadə edən söz idi, KÜRD isminin millət adı kimi işlədilməsi son yüzilliklərin məhsuludur, həmin xalq isə özünə heç kürd də demir, KURMANC deyir. Zavallı müsahib hardan bilsin etnonimlərin mənşəyi barədə, evində bişməyib, qonşusundan gəlməyib.

d) GİLƏK-lərin Azərbaycanda nə ölümü vardı, bu axmaq iddiada bulunan adama deyəsən ki, belə fakta danışansansa, buyur bircə dənə mənbə göstər ki, orada Azərbaycanda Giləklərin kompakt yaşadığını göstərsin IX əsrdə. Yaxşı ki, Bəlucların ya Apaçi qəbilələrinin adını çəkməyib Azərbaycanla bağlı, yoxs işimiz lap fəna olardı.

9. //Yəni Babəkin etnik mənsubiyyəti Sasani ölkəsinin xalqlarına aid olmuşdur.//

Yəqin Sasani təbəələrindən bir BƏLUC ya da bir PUŞTUN durub basa-basa güney Azərbaycana gəlibmiş və yerli dildə bülbül kimi ötərək milləti səfərbər edib 22 il xilafətin anasını ağladıbmış... Belə yerdə müsahibə verənə ağıl duası yazdırmağı məsləhət görməyib də neynəyəsən?

10. //Yəni Babək hücumçu deyil, müdafiəçi idi? – Elədir.//

Babək yalnız müdafiəçi idisə, xürrəmi ordusunun 833-cü ildə İsfahanda nə işi vardı, ey tarixdən bixəbər? Xürrəmilərin Fars əyalətində minlərlə farsı qırması barədə Nizamülmülkün, Xondəmirin, Mirxondun yazdıqlarını hara gizlədəcəksən bəs onda?

11. //Xəlifə Harun Əlrəşidin anası Hayzuran xatun və xəlifə Əlmüqtədirin anası Şəğəb xatun bunlardan idi. Bunlar Göytürk prensesləri idilər.//

Milləti axmaq yerinə qoymaq bu olsa gərək. İkinci Göytürk imperiyası 744-cü ildə çökmüşdü artıq və onun mərkəzini ərəblərin xilafətindən min kilometrlər ayırırdı. Göytürk şahzadə qızları hansı yolla gəlib Bağdad sarayına - xəlifə Mehdinin qucağına düşə bilərdi? Adamın adını çəkdiyi Hayzuran adlı tarixi personaj isə heç bir Göytürk prensesi-filan olmayıb. İbn Kəsirin "Əl-bidayə və-n-nihayə" adlı əsərində göstərilir ki, xəlifə Mehdinin arvadı və Harun ər-Rəşidin anası olan Hayzuran Ərəbistan yarımadasındakı müasir Bişa adlanan şəhərin yaxınlığındakı Coraş adlı məntəqədə doğulub. İngilis dilində bilgisi olan hər kəs ensiklopedik materialda verilən cümləyə diqqət yetirə bilər:

- "Al-Khayzuran bint Atta (Arabic: عطاء بنت الخيزران ‎) (died 789) was the wife of the Abbasid Caliph Al-Mahdi and mother of both Caliphs Al-Hadi and Harun al-Rashid, the most famous of the Abbasids. She was from Jorash, near modern Bisha, Saudi Arabia."

Bundan daha böyük və ağ yalan isə xəlifə əl-Müqtədirin anası Şəğəb xatunun guya "Göytürk prensesi" olması barədə nağıldır, belə ki xəlifə əl-Müqtədir mənbələrə görə 895-ci ildə doğulub. 744-cü ildə dağılmış Göytürk imperiyasının şahzadəsi 140 sonra nə gəzirdi yer üzündə? Yalan ayaq tutar, amma yeriməz, Mənuçöhr "əfəndi". Barı danışdığın ağ yalanlardan utan bir az, abır eylə.

12. Adam deyir: //Tolonoğulları dövlətini quran türklərin bir qismi Babəki məğlub edib, geri döndükdən sonra Misirə yollanmışdılar.//

Burda da kobud səhv var. Belə ki, Tulunilər dövləti Babəkin 838-ci ildə edamından tam 30 il sonra Misirdə qurulub.

13. //Qubadın oğlu Ənuşirəvan Məzdəki öldürsə də, onun qadını Xürrəmə Rey mülkünə qaçaraq orada məzdəkiliyi xürrəmilik adı altında davam etdirmiş, təbliğatda bulunmuşdur... Misirli tarixçilər Xəlil Əlcər və Həna Əlfaxuri “İslam Dünyasında Fəlsəfənin Tarixi” adlı kitablarında yazırlar ki, Xürrəmi hərəkatı Əbumüslim Xorasaninin ölümündən sonra 754-cü ildə ortaya çıxdı.//

Məzdək Bamdəd 529-cu ildə edam olunub. Özün də deyirsən ki, Xürrəmilər hərəkatı 754-cü ildə Əbu Müslümün ölümündən sonra meydana çıxıb. Adama deyərlər ki, Məzdəkin 529-cu ildə qaçan qızı hara, 754-cü ildə xürrəmilər hərəkatının başlanması hara? Milləti axmaq yerinə qoymusan ya özünü? Sənin fikrincə, onda xürrəmilər hərəkatı 225 il mövcud olandan sonra 754-də hər yanı bürüyüb ya Məzdəkin qızı atasından sonra 225 il yaşayıb? Aç bir dənə mənbə məlumatı göstər ki, həmin 225 il ərzində (529-754) İran bölgəsində xürrəmilər adlı bir dənə qrupun adını çəksin. Ayrıca, xürrəmilərin guya bu qadının adını özlərinə götürməsi fərziyyəsinə yalnız Nizamülmülkdə rast gəlinir, bunu təsdiqləyən başqa bir qədim dövr mənbəyi yoxdur.

14. //Xürrəmi hərəkatı sosial təmayül baxımından məzdəkilərə, siyasi və dini baxımından şiəyə yaxın idi.//

Yuxarıda isə iddia edirdin ki Babək və xürrəmilər müsəlman-filan deyildilər. Bəs şiəyə yaxın nə deməkdir onda? Yoxsa sən özün ifrat sünniliyi təbliğ etdiyinə görə şiəni müsəlman hesab etmirsən? Deyəsən xoruzun quyruğu bu yerdə göründü axı...

15. //Xürrəmilər deyirdilər ki, rəsulların (kitabı olan peyğəmbərlər) və nəbilərin (kitab olmayan peyğəmbərlər) təlimləri fərqli olsa da, hamısının qaynağı birdir.//

Bəs deyirdin xürrəmilər müsəlman deyillər??? Müsəlman olmayanlar necə olur ki, İslamın üsul-id-dində 3-cü ən mühüm şərti olan Nübüvvəti qəbul edirlər? Peyğəmbərlərə inam öz-özlüyündə Tövhid inancına inanmaq deməkdir, Nəbi-Rəsul kimin elçisidir? Nəbini-Rəsulu qəbul edib, onları elçi göndərən Allahı qəbul etməmək deyə bir şey mi olur? Kitab verilən Rəsulları qəbul etmək də eyni zamanda İlahi Kitablara inanmaq kimi İslamın üsul-id-dindəki 4-cü şərtini qəbul etmək deməkdir. Müsəlman başqa necə olurmuş görən, Mənuçöhr Covanşir?

16. Deyir ki, //xürrəmilər Əbu Müslümün qızı Fatiməni özlərinə imam seçmişdilər.//

Əvvəla, İmamət məqamı İslama və onun əhli-beyt məktəbinə aiddir. Bununla elə özün etiraf etmiş olursan ki, Xürrəmilər bal kimi müsəlman idilər. İkincisi isə, İslamda imamət məqamı ümumiyyətlə qadınlara aid deyil. İslamın dərində yatan mətləblərindən hali olsaydın, bunu bilərdin. Qadın İslamda ən yüksək məqam kimi uzaqbaşı Övliya məqamında ola bilər.

17. //Xürrəmi inancının əsasında işıq və qaranlıq durmaqdadır. Əski Sasani-məcusi qalıntılarının İslamdan sonra canlanması idi.//

Ağzına gələni danışan bu adamın bir sözü digərinə daban-dabana ziddir. Bir yandan bunu deyir, o biri yandan da Məzdəkiliklə xürrəmiliyi əlaqələndirir. Məzdəkilik Məcusiliyin tamamilə əleyhinə idi. Zatən Məzdək elə atəşpərəstlik dininin hökm sürdüyü Sasani dövlətində ortaya çıxmışdı və birbaşa atəşpərəstliyə təhlükə mənbəyi idi.

18. // Sasani xəyalı ilə ərəb milliyyətçiliyi mərkəzli xilafət anlayışına qarşı Azərbaycanda Mehrdad, Babək və Mazəndəranda Maziyar və digər bölgələrdə bu kimi qiyamlar başladı.//

Babək ərəb işğalına qarşı ona görə 22 il vuruşmuşdu ki, ondan əvvəlki Sasani adlı 400 illik işğalçının qoynuna sığınsın yenidən? Əcəba bu Sasanilər 400 illik işğalları dönəmində Azərbaycana qul-köləlikdən, zülm və istibdaddan, assimilyasiya və soyqırımından qeyri nə xeyir vermişdilər ki, Azərbaycan xalqı Babəkin ətrafında birləşib Sasanilər dönəminə qayıtmağı arzulasın? Sasanilər 400 il atəşpərəstliyi və fars millətçiliyini genişləndirərək Azərbaycana zülm ediblər.





MÜSAHİBƏNİN İKİNCİ HSSƏSİ İLƏ BAĞLI FİKİRLƏRİM

Mənuçöhr Covanşirin kult.az saytına Babəklə bağlı danışdıqlarının II hissəsində (http://kult.az/yeni/view/6083) görülən səhvlər, kobud saxtalaşdırma faktları və özü-özünü təkzib edən fikirlərə də münasibət bildirmək qərarına gəldik. Bu məmləkətin camaatın çörək deyilən nəsnəni qulaq dibinə yemir, cənab Mənuçöhr. Siz bəlkə çayxana ortamında əyləşib kimlərisə bu fikirlərin doğruluğuna inandıra bilərsiniz, ancaq tükü-tükdən seçən Azərbaycan türkünün tarixdən anlayan kəsiminə sizin bu nağıllarınız keçməz. Onlar sizin nəyi nə məqsədlə dediyinizi artıq gözəl bilirlər. İndi isə gəlin Azərbaycanda tarix və dilçilik elminin olmaması barədə ağzına gələni danışan bu "dahi tədqiqatçının" "tarix elminə səs salan" digər anormal fikirlərinə də hamılıqla nəzər salıb münasibətimizi bildirək.

19. //Doğru, Babəkin məğlubiyyətindən sonra türkləşmə başlamış. Yəni tariximizi dörd-beş min il geriyə aparanda nə olur ki? Gerçək olan budur, tarixi bəlgələr bunu göstərir... Bəlkə, daha öncə seyrək türk olmuş, ancaq qalın türk varlığı xürrəmilərin məğlubiyyətindən sonra ortaya çıxmışdır.//

Əvvəla, tarixi 4-5 min il geriyə aparmağa heç ehtiyac yoxdur. Urmu nəzəriyyəsi dünya türklüyünün mənşəyinin ön Asiya və güney Azərbaycan olduğunu yetərincə dəqiq faktlarla ortaya qoymaqdadır. Tarixdən fikir yürütmək üçün hansısa xarici dili bilmək mühüm deyil, tarixdən danışanın bir məntiqi və əsaslı məlumat bazası olmalıdır. Sizin antropologiya adlı elm sahəsindən xəbəriniz olsaydı, bilərdiniz ki, həm güney, həm quzey Azərbayan ərazilərində bu günə kimi aparılmış arxeoloji qazıntılarda tarixin ənqədim dövrlərinə məxsus və qeyri-türklərə aid olan bir dənə belə kəllə forması ortaya çıxmamışdır. Ən qədim kəllələr öz antropoloji göstəricilərinə görə bu günkü Azərbaycan türklərinin malik olduğu göstəricilərə - -yəni uzunbaşlı (dolixokran) kəllə formasına aiddir. Hərgah bu bölgədə türkləşmə Babəkin yenilgisindən sonra başlamışsa, onda miladdan öncə XXI əsrdə İkiçayarası xalqını 100 ilə yaxın idarə etmiş Qutilər və onun hökmdarı Tirikan kimdir, eradan əvvəl I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mövcud olmuş TURUKİlər kimdir, Ziviyədə tapılmış Manna dövrünə aid türk tamğaları və əlifba nümunələri nədir, miladdan öncə VII əsrdə bölgədə öz dövlətlərini qurmuş İşquzlar (İç Oğuzlar) kimdir, bölgədə 300 ilə yaxın hökmran olmuş Ərsaklar kimdir, erkən orta əsr mənbələrində adı dönə-dönə çəkilən sərkərdə Sanatürk Beyləqanlı və onun qoşunları kimdir, Babəkin qoşun sərkərdələri Tərxan, Azin kimdir... Z. Bünyadov Tərxanı "igid türk" adlandırır və yazır ki, Tərxan Həştadsər dağı yaxınlığındakı kəndlərdən birindən idi. İbn Xəldun isə Tərxanı Marağa yaxınlığındakı kəndlərdən birindən olduğunu və burda da öldürüldüyünü yazır. Türkün Azərbaycandakı tarixindən danışan bəndənin əgər "Əxbarnamə"də İbn Şiruyə Cürhuminin Müaviyəyə söylədiyi "Azərbaycan qədimdən türklərin məskun olduqları bir yerdir" cümləsindən xəbəri yoxdursa, getsin bir az tarix elmi ilə maraqlansın, oxusun. Üzdə sovet tarixşünaslığını guya tənqid edən bu cənab bu fikriylə eynilə sovet və hind-avropaçı tarixçilərin türkün guya Səlcuqlu dövründən başlayaraq bu ərazilərə gəlməsi barədə cəfəng və məqsədli konsepsiyanı təkrar edir. Əminik ki, İqrar Əliyev kimi anti-türkçülər sağ olsaydı, Mənuçöhr Covanşiri qanadları altına alıb onu dahi tarixçi kimi elmi dövriyyəyə sırıyardı.

20. -- //Məncə, Babək türk olmasa da, tarixin önəmli şəxsiyyətlərindən biridir.//

-- //Biz türkük, Babək türk olmayıb.//

-- //Babək türk olsa, nə olacaq sanki? Türk olmayanı zorlamı türk edəcəyik?//

-- //Tarixi qaynaqlara dayanaraq qətiyyətlə Babəkin türk olmadığını söyləmək olar. Bir tək "Tərxan" adına görə, onun türk olduğunu iddia etmək olmaz. Bizim adlarımızın çoxu farscadır, indi biz farsmıyıq?//

Bu cümlələrdə tarixi məxəzlərin məlumatlarına bircə dənə istinad görən varsa, buyurub göstərsin. Eyni formada sabah birisi çıxıb Mənuçöhrün Madaqaskarlı olduğunu yaxud Misir qibtilərinə oxşadığını desə, bu cənab ona nə reaksiya verəcək maraqlıdır. Tarixi şəxsiyyət barədə danışırsan, onun etnik kökəni barədə fikir yürüdürsən, və bir dənə dəlilin yox. Tarixi qaynaqlarda bircə fakt belə yoxdur ki, Babəkin türklüyünü inkar etsin. Tam əksinə, mənbələrdə çoxlu sayda məlumatlar vardır ki, onlardan yola çıxaraq Babəkin türk kökəni barədə kifayət qədər ciddi fərziyyə ilə çıxış etmək olar. Bunlardan biri Əbu Hənifə Dinəvərinin "Əxbar-ət-tival" əsəridir ki, həmin əsərdə Babəkin Əbu Müslümün nəslindən olduğu qeyd olunub, Əbu Müslümün özünün Azərbaycandan olması və türklüyü barədə isə İbn Hellikanın "Vəfayat əl-əyan" əsərində qeydlər vardır. Dinəvəri xürrəmilərlə birbaşa təmaslarda olmuş tək-tük tarix yazarından biridir. Babək qoşununda qopuz çalınırdı, bu haqda Təbəridə məlumat vardır. Babəkin ana tərəfinin Ərdəbil yaxınlığındakı kənddən olması da məlumdur, bu bölgədə qeyri-türk ünsürünün IX əsrdə kompakt yaşamasına dair tarix elminə heç bir fakt məlum deyil, əksinə, bölgənin təmiz türklərdən ibarət olması barədə elə təkcə Bəsrəli Cahizin "Mənaqib əl-ətrak" əsərindəki çoxsaylı faktlar ciddi fikir yürütməyə kifayət edir. Bundan başqa, İmam Fəxri Razi, «Etiqadatu firəq-il-müslimin və-l-müşrikin» adlı əsərində qeyd edir: «Babəkilər Babəkin tərəf­dar­la­­rı idilər. Babəkin özü isə azərbaycanlı idi». Bu gün adi bir məktəbliyə belə bəllidir ki, bir tarixi şəxsiyyət əgər başqa millətdəndirsə (fars, kürd-kurmanci, cuhut, bəluc, ərəb və s.), bu haqda konkret fakt yazılar, azərbaycanlı adı isə həmin şəxsiyyətin Azərbaycanın əsas etnosundan fərqli olmadığını söyləmək üçün əsas verir. Babəki irandilli (yaxud fars) çıxartmaq həvəsində olan diletantlar İran alimi Əli Bəhramianın "Babək Azərbaycanın qədim dilində danışırdı" fikri qarşısında duruxub qalırlar. Bundan başqa, Babəkin həm türk sərkərdələri Afşin Hidr ibn Kavus, Buğa, Buzbara və Əbu Sacla söhbətləri hər hansı bir tərcüməçi olmadan olmuşdur. İbn Vazeh Yəqubi "Tarixi-Yəqubi" adlı əsərində Beyləqandakı üsyan zamanı hürrəmilərdən danışarkən onları ifrat milliyyətçi qüvvə kimi təqdim edir. Bu ifrat milliyyətçi qüvvənin öndəri isə Azərbaycan əhalisinin əksəriyyətinin türk soylu olması baxımından qeyri-türk ola bilməzdi.

21. -- //Babək xürrəmilik əsasında Sasaniliyi dirildəcəkdi, çünki xürrəmilik məzdəkçiliyin uzantısı olaraq Sasani kültürünün davamı idi.//

-- //Xürrəmilikdəki İslam da qarışıq və Sasaniləşdirilmiş İslam idi.//

Bu absurd fikri təkzib edən elə birinci fakt ondan ibarətdir ki, xürrəmilərin ideya bağlantısı olan Məzdəkiliyin banisi Məzdək Bamdəd birbaşa Sasanilərin düşməni idi, onların dövründə çıxış edərək onların rəsmi dini olan atəşpərəstliyə qarşı çıxırdı. Məsələnin ikinci tərəfi ondadır ki, Babək Abbasi kimi bir işğalçıya qarşı 22 il ona görə radikal silahlı müqavimət göstərməmişdi ki, ondan əvvəl Azərbaycan türklərini 4 əsr əsarətdə saxlamış fars Sasaniləri bərpa etsin. Daha bir fakt bundan ibarətdir ki, xürrəmilik təməlində farslıq dayanan Sasani kültürünün davamı olsaydı, Babək Fars vilayətində minlərlə farsı qılıncdan keçirməzdi və fars tarix yazarları Səmani, Yafei, Nizamülmülk, Mirxond, Xondəmir və bir çox digərləri də onu öz əsərlərində söyüşlərə qərq etməz, ona daha liberal yanaşma sərgiləyərdilər. Tam əksinə, Sasaniləşdirilmiş İslam Müaviyənin gətirdiyi bidətlər idi ki, peyğəmbər əhli-beyti və onların tərəfdarları olan xalq kütlələri bu bidətlərə qarşı çıxış edirdilər.

22. //Bu qədər türk axınının və savaşçılarının qarşısında Babək müqavimət göstərə bilməzdi. Çünki bu türk axınları savaşmaq, qənimət və qadın kənizlər almaq üçün bölgəyə gəlmişdilər. Türk axınının da ardı kəsilmirdi.//

Bu fikirdə də tarixi faktlar kobud şəkildə təhrif olunur. Belə ki, VIII-IX əsrdə ərəb xilafətinin Orta Asiyanın ucqarlarına qədər uzandığı bir dövrdə hər hansı kütləvi türk axınından söhbət getməyib. Tam əksinə, həmin dövrdə Orta Asiyadan minlərlə türk kölə kimi pulla alınaraq indiki İraqa gətirilib, onlardan bir çoxu sonradan xəlifə sarayında nökər, xəlifə qvardiyasında əsgər kimi fəaliyyət göstəriblər. Bu haqda ərəb mənbələrində külli miqdarda məlumat var. Elə təkcə "Tərix əl-xüləfa" əsərinə diqqət yetirmək kifayətdir. Nizamülmülksə qeyd edir ki, Mötəsim hər zaman "türk kimi nökər ola bilməz" deyərək türkləri aşağılamışdır. Hətta xəlifə Mötəsimin dərzisi, aşpazı və bərbəri belə həmin türk kölələrdən idi. Axınçılıq tamam başqa bir mövzudur və bunun ərəb xəlifəsinə qulluq göstərən kölə türklərə heç bir aidiyyatı yoxdur. Cənab Mənuçöhr görünür özü kölə xislətindədir ki, türkün azad Babəkini yox, kölə olmuş adamlarını qəhrəman obrazında təqdim etməyə cəhd göstərir. Qınamırıq, onun kimi kölə psixologiyasından çıxış edən və əlləri nurçuların, neo-xilafətçilərin ətəyində olanlar axır vaxtlar gündəmdə tez-tez görünməkdədirlər.

23. //İslam öncəsi biz Şamanist olmuşuq.//

Tarixdən dəm vuran birinin məlumatı yoxdur ki, Azərbaycanda tarixin heç bir dönəmində Şamançılıq olmamışdır, bunu sübut edən bir fakt da yoxdur. Belə yerdə deyirlər ki, "qabda bişən nədi bilmir, amma deyir bir çömçə də mən yeyim". Şaman sözünün də kökü türk mənşəli deyil, tunqus-mancur mənşəlidir. Şamançılıq atayurddan şərqə tərəf köç etmiş türk xalqlarının inanclarındakı təhriflər sonucu meydana gəlmişdir. Hətta Göytürk imperatorları Şamançılığı cadu-piti dini kimi rəsmi fərmanla türk ulusuna yasaq etmişdilər. Bu haqda türk alimi Rəfiq Özdəkin əsərində konkret faktlar var.

24. //İstəxri deyir: Xürrəmi kəndlərdə namaz qılmaq və Quran oxumaq üçün məscidlər də var. Ancaq batində heç bir dinə inanmazlar.//

Mənbə məlumatı burada bilərəkdən təhrif olunur. Belə ki, «Kitab-əl-məsalik-və-l-məmalik» adlı əsərində İstəxri yazırdı: «Hürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar vardır. Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar. Lakin dediklərinə görə, batində «ibahiyyə»dən başqa dinləri yoxdur». Bu sitatda diqqəti cəlb edən "ibahiyyə" kəlməsi "mübah" sözündən götürülüb və İslamda haram edilməyən əməllərin mümkünlüyünü ifadə edir. Xürrəmilər məhz İslama peyğəmbərin ölümündən sonra gətirilmiş bidətləri və saxta "haramları" inkar edir, bunların Qurana uyğun olmadığını bildirir və bunları etməyin günah olmadığı fikri ilə çıxış edirdilər. Eyni problem bu gün də şəriət İslamına aid məzhəblərdə özünü addımbaşı göstərməkdədir. Quranla təsdiqini tapmayan onlarla saxta fətvalar və haramlar hələ də müsəlman ümmətinin beyinlərini qarışdırmaqda, onlara əngəllər törətməkdədir. Peyğəmbər İslamının adını çəkən birinin bunları görməzdən gəlməsi riyakarlıq kimi qiymətləndirilə bilər.

25. //Biz böyük Səlcuq imperatorluğunu qurmuş millətin nəvələriyik, xürrəmilik kimi mənasız ideyanın deyil.//

Özünə tədqiqatçı deyən şəxs əgər xürrəmiliyin dini-məzhəbi dünyagörüşlərindən xəbəri olmadan onu mənasız adlandırırsa, bu cahillik əlamətidir. Xürrəmiliyin dini-fəlsəfi dünyagörüşü tamamilə xalq İslamına uyğun olub, Qurani-Kərimlə əsaslandırılırdı.

26. //Babək çox da güclü olmayıb. Güclü olsaydı, yenilməzdi.//

Bu da savadsız yanaşmadır. Belə ki, xilafət zehniyyətinə qarşı təkbaşına 22 il duruş gətirmiş Babəkin "çox da güclü olmadığını" deyən bəndənin ikicə ilin içində xəlifə zindanında acından can vermiş qul-kölə düşüncəli Afşinə böyük və qüdrətli sərkərdə süsü verməsi yalnız dayaz təfəkkürün əlaməti hesab edilməlidir. Təəssüf ki, bu dayaz təfəkkür cənab Mənuçöhrün bütün varlığına hakimdir.

27. //Qafqazdakı bölgənin adının Azərbaycan olması Osmanlı imperatorluğunun siyasəti idi.//

Bu da kökündən yanlış fikirdir, belə ki hələ on il öncə rəhmətlik tarixçi-alimimiz Süleyman Əliyarlı konkret faktlarla çıxış edərək ərəb coğrafiyaşünaslarının əsərlərində Azərbaycan adlı məmləkətin Bab-vəl-Əbvabdan (Dəmirqapı Dərbəndə ərəblərin verdiyi ad) Həmədana və Zəncana qədər olan əraziləri əhatə etməsi barədə açıq-aşkar qeydlər olduğunu sübut etmişdi. Bilmədiyini danışıb kütləyə yalan məlumatlar vermək üçün ya gərək cahil olasan, ya da anti-Azərbaycan mövqeli yad qüvvələrin dəyirmanına su tökən. Bu durumda cənab Mənuçöhr daha çox ikinciyə bənzəyir.

28. //Xürrəmlik və şiəliyin müştərək tərəfləri var. İran şiəliyinin qurucuları olan Səfəvilər zatən özlərini babəkiliklə irtibatlandırardılar. Qızılbaşlıqdakı qırmızılıq da xürrəmilərdən gəlməkdədir.//

Burda da neo-xilafətçilərin anti-səfəvi təbliğatının təsiri özünü biruzə verməkdədir. Səfəvi düşməni olan Mənuçöhr hələ dərk etmir ki, Səfəvi şahı I İsmayılın əqidəsi olan Qızılbaşlıq bu günkü İran şiəliyindən köklü surətdə fərqlənir. Və İranın şəriət şiəliyi hələ Əhli-beyt məktəbi demək deyil. Bu adam müsahibəsinin əvvəlində Babəkin İslama mənsub olmadığını iddia edir, müsahibəsinin sonunda isə xürrəmiliklə şiəliyin müştərək tərəflərinin olması və Qızılbaşlığın xürrəmiliklə ideya bağlantıları barədə etiraflar edir. Burdan belə nəticə çıxır ki, ya cənab Mənuçöhr əhli-beyt məktəbini İslamdan saymır və bunu dilinə gətirməyə cəsarət etmir, ya da adamın əqlində fikir qarışıqlığı, idrak problemləri var. Mədrəsə və Xalq İslamından danışan bu adam hələ özü üçün məzhəbin və təriqətin fərqini ayırd edə bilməyib yaxud məsələlərə bu saxta donu geydirməklə ictimaiyyəti öz tarixi şəxsiyyətlərinə və tarixi keçmişinə qarşı kökləmək həvəsinə düşüb.

BİR SÖZLƏ, verilən müsahibə açıq-aşkar mənasız söz ifrazatından və faktların kobud surətdə təhrifindən başqa bir şey deyil. Müsahibə verən məxluqun da abrı-həyası olsa, bir müsahibədə bu qədər "quş buraxmaqdansa" gedib bəxtini başqa bir sahənin başında sınasın. Azərbaycan türklərinin tarixi diletantların özünüreklam və şou yaratmaq meydanı deyil. Hələ-hələ Ağqoyunlu soyundan olduğunu deyə-deyə 600 ilin cılız Səfəvi düşmənçiliyini aparan, nurçu cameənin istəklərindən çıxış edərək şiəliyi qaralayan bir məxluq üçün ümumiyyətlə bu məkanda yer yoxdur.



19-23.01.2015.

Комментариев нет:

Отправить комментарий