воскресенье, 5 января 2014 г.

ALLAHSIZ "TÜRKÇÜLƏR"



Dəyərli oxucu təəccüblənməsin, XXI əsrin ilk onilliyinin tamamında Azərbaycanda yeni növ “türkçülər” peyda olmağa başlayıb. “Görəcək günlərimiz varmış!” deyib üstündən keçmək olardı, amma babalarımızın min illərdən bəri apardıqları İlahi savaşlar, Tək Tanrı uğruna tökülən qanlarımıza yazıq olardı o zaman. Gərçi Azərbaycanda zaman-zaman spontan olaraq, qeyri-ixtiyari ərsəyə gəlib ortaya çıxan türkçü hərəkatda hər cür qeyri-ənənəvi yönə, səmtə, axına nə bilim cərəyana rast gəlinib – avestaçı türkçülər, atəşpərəst türkçülər, şamanist türkçülər, xristian türkçülər, sosialist türkçülər, türkçü masonlar, krişnait türkçülər, hansısa proletariat nümayəndəsini özlərinə “ata” eləyib ona inanan türkçülər ... Ancaq inkişaf və tərəqqi əsri deyilən yüzilliyin başlanğıcında bu qədəri də gözlənilmirdi. 

Allahsız "türkçülər"... Əksəriyyəti gəncdir, özlərini hər kəsdən çox bilən biriləri hesab edirlər, araşdırırsan görürsən hərəsinin əlində bir vedrə iddia və şəxsi eqoizm səbəti var. Öz fikirlərini əsasən internet səhifələrində yayarlar. Fikirləri batsın, “türk oğlu türkəm, amma Allahı, dini, peyğəmbərləri tanımam” deyərlər, alternativ fikirləri tərsliyi tutmuş cavan eşşək kimi əsla yaxına buraxmırlar. Ayrı-ayrı saytlarda üzvlük profillərində bəzən “dini baxışları” panelində “müsəlman” yazarlar ki, sonra söylədikləri fikirlər müsəlmanlığa, İslama qarşı digərlərində ikrah oyatsın. Müasir insan kimi göstərirlər özlərini, aralarında danışanda Anadolu türkcəsində yamanca üyüdənləri, Avropanın rokn-rol musiqisinə bağlı olanları da çoxdur. Özləri fəxrlə sinələrinə döyərək “türkçüyəm” deyər, lakin hər addımda mütləq əksəriyyəti Allaha bəndəlik edən Türk soyunun inancını ələ salıb-təhqir edərlər.

Bu, “yeni növ türkçülük”dür. Kim yayır bu “türkçülük prinsiplərini”? Nədən ibarətdir bu “prinsiplər”? Tam bir anormal düşüncələr toplusu! Ağıl səviyyələrinə görə bir neçə etalon seçiblər özlərinə – ateist Mirzə Fətəli Axundzadəni, sovetlərin dədələrinə bal kimi yedirtdiyi “dinsiz-Allahsız Babək” və “kafir Nəsimi” obrazlarını... Harda Allahı inkar edən bir nəsnə varsa, “gerçək türkçülük budur” deyə yapışırlar ondan. Bəşəriyyətə göndərilmiş Qurani-Kərimə “ərəb kitabı” deyə dil çıxardan belələrinə yazı həsr etməmək də olardı, onsuz da zaman gözləri möhürlənmiş bu “taifə”ni özü uçurumdan yuvarladacaq, amma türkçü düşərgədə baş verən bu sayaq anormal təbəddülatlara mövqe bildirməmək də mümkün deyil.

Əsasən tələbələr arasında yayılmaqda olan bu “türkçülüyün daşıyıcıları” yeri gələndə Türk genlərindən gen-bol danışırlar, amma Türk Geninin nə olduğunu bilməzlər və öyrənmək də istəməzlər. Bu özündənrazı cahil kütləyə İlahi həqiqətlərdən, babaların mücadilə amallarından danışmaq artıq yersiz görünür. Ulu Tanrının son kitabında “anlayan bir camaat üçündür” sözlərinə tez-tez rast gəlinir. Bunlar anlamayan və anlamaq da istəməyənlərdir. 

Allahın varlığını inkar edəcək yaxud şübhə altına ala biləcək qədər dikbaşdırlar. Halbuki Allaha inanmayan, Görklü Tanrıya tapınmayan türk əslində quduz itdən betərdir. “Törük” (törənmiş) anlamında olan “Türk” sözünü hər addımda pafosla söyləyən belələri kim tərəfindən törəndiklərini belə anlamayıblar.

Bu insanların nə qamlıqdan, nə ruhaniyyətdən, nə əxilikdən, nə sufilikdən, nə hürufilikdən, nə qızılbaşlıqdan anlayışları olmadığı halda onlar “islama aiddir, deməli ərəbindir” düşüncəsi ilə bu kimi tarixi cərəyanları inkar edir yaxud mahiyyətini özlərinə sərf edən formada – dinsizlik şəklində yorumlayırlar.

“Kitabi-Dədə Qorqut”u, Oğuz Xaqan savaşını “körpələr üçün bir nağıl” hesab edəcək qədər həqiqətlərdən xalidirlər. Onlar üçün tarix yalnız hansısa ateist professorun sovet dönəmində yazıb çeşidli elmi adlar aldığı kitablardadır, vəssalam. Yazılmamış tarix, itirilmiş tarix, gizlədilmiş tarix ifadələri bunlara yaddır. 

Bozqurdu simvol və gerçək bir varlıq kimi qəbul etdikləri halda Qurdun İlahi missiyasını qəbul etməyən “türkçü” artıq zoofiliya mərhələsinin astanasında olan bir məxluqdur deyə bilərik, çünki özünün də, dədə-babasının da sadəcə meşədən çıxmış hansısa canavardan doğulduğuna inanır. 

Dini inanc deyiləndə bu insanların gözləri önünə hər zaman ya kahin təbəqəsi, ya molla-haham-papaz geyimləri, ya da yadların təlqin etdikləri nəsnələr gəlir. Kortəbii inkarçılıq belələrinə imkan verməyib ki, İlahi həqiqətlərin dərində yatan mətləblərindən, Nəsimi demişkən, “bir nəsnə hasil qılsınlar”. Onlar üçün din yalnız göz önündə olandan və xüsusən də onun xürafat və iyrənclik kimi görünən hissəsindən ibarətdir. Vahid dini inanc sisteminin bir millətin formalaşmasında neçənci vacib ünsür olduğunu da anlamaq durumunda deyillər. Hələ Tanrı Əsgərliyi nə deməkdir onu anlamalarındansa danışmağa dəyməz. 

Nə deyəsən bu insanlara, bu qəlbləri möhürlənmiş olan məxluqlara, bu şeytana qulluq-nökərlik edənlərə? Daxili savaş deyilən şeyə hər zaman qarşı olan Təktanrıçı türklər hər dəfəsində öz içində göyərən bu alaq otlarını təmizləməyə məcbur qalıblar. Özlərində cücərən bu “altıncı barmağı” ağrılı da olsa kəsib tullayıblar. Oğuz Xaqan Təktanrıçılıq savaşında öz atası başda olmaqla bütpərəst və Allahsız türkləri necə qırıb-çatmışdısa, Atilla hakimiyyət yolunda qardaşını və onun tərəfdarlarını necə məhv etmişdisə, “Dədəm Qorqut”da Qazan Xan Alp Aruzu qoşunuyla necə məğlub eləmişdisə, eləcə. 

İndi qırıb-çatmaq əsri deyil. Bu zavallılar bəlkə də nə vaxtsa Türk deyilən Tanrı Soyunun İlahi qarşısındakı müqəddəs vəzifələrini anlayacaq, səhvlərini və günahlarıni dərk edəcəklər. Bəlkə də elə bu cür uzunsov tərəvəz düşüncəsi ilə ömürlərinin sonunadək doğru saydıqları “türklük yolları”nda təpik döyəcəklər. Amma itirdikləri və hələ bundan belə itirəcəkləri ömrün illərinə heyfdir. Bu insanların beynini zəhərləməyə çalışdıqları gələcək nəsillərə heyifdir. Bu yazının köşədə görünməsinin bir səbəbi də bundan ibarətdir. Nə qədər ki belə düşüncə sahibləri var və Tanrı Soyunun yurdunda yeriyir, gerçək Türklüyün və türkçülüyün nə olduğunu anlatmaq lazımdır. Hərçənd baba genlərinin daşıyıcısı olan, Tanrının əsgəri olmağın nə demək olduğunu anlayan və qiyamətədək Tanrısından üz döndərməyən elə gerçək Türklərdir, və Gerçək Türkün də təzədən alovlu türkçü olmasına ehtiyac yoxdur, bu türkçülük elə o şəxsin varlığında cəmlənib. Özünə türkçü kəsim deyən hər kəs bu yazılanları düşünsün gərək. Düşünsün, nəticə çıxarsın, qandırsın! Qanan qanacaq, qanmayan da öz bioloji həyatına davam edib gec-tez gömüldüyü yerdə Gerçəkləri görəcək. Və yadına düşəcək ki, bir zamanlar Seyyid İmadəddin Nəsimi demişdi:

Ey özündən bixəbər qafil, oyan,
Həqqə gəl ki Həqq deyil batil, oyan,
Olma fani aləmə mail, oyan,
Mərifətdən nəsnə qıl hasil, oyan!!!


08.04.2010-cu il.

Комментариев нет:

Отправить комментарий