воскресенье, 5 января 2014 г.

SÜNİ BAYRAMLAR, SAXTA SURƏTLƏR




“Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar
(iftiralar) aldadıb yoldan çıxartmışdır”                     

(Qurani-Kərim, Ali-İmran surəsi, 24-cü ayə).



Yad nəsnələrdən artıq boğaza yığılmışıq. “Bəşəri dəyərlər” yarlıkını da üstünə vurub bu millətə sırınan bir sürü yad dəyər var artıq Azərbaycan cəmiyyətində. İnsanlarımızın sanki şprislə beyninə yeridirlər bu “dəyərləri”. 1 yanvar, 14 fevral, 8 mart, 1 aprel, 1 may tarixlərinin əlamətdar gün kimi xeyri nədir bu millətə? Qeyd eləməyə əlamətdar tarixlərimizmi yoxdur? Xaçpərəst dünyası öz dinlərini cəlbedici qılmaq üçün nə qədər süni bayram və əlamətdar gün çıxarıbsa, hamısını Azərbaycana da transfer ediblər. Sanki sovetlərin "ruslaşdırma" çabaları azmış bu millətə, bir də başımıza "Vatikan corabları" hörülməkdədir.

Azərbaycanın bu gün rəsmi təqvim olaraq Qriqori təqvimindən istifadə etməsi o demək deyil ki, Yeni İl, Sevgililər günü, Beynəlxalq Qadınlar günü və sairəni ifrat şadyanalıqla qeyd etməsək, dünyamız yıxılacaq. Hər bayram günü üçün də xristian dünyası çeşidli “müqəddəs” obrazlar yaradıb – şaxta baba, qar qız, müqəddəs valentin, nə bilim klara setkin... Bu millətin nə hansısa şaxta baba və qar qıza, nə də hansısa keşiş Valentinə ehtiyacı yoxdur. Mənasız və düşük yad obrazları ilə yanaşı xristian dünyasından bizə ötürülən əlamətdar günlərə də gec-tez bir əncam çəkilməlidir. Sıravi Fatma-tükəzbanı hətta öz milli bayram günlərimiz də 3-cü, 4-cü dərəcəli məsələ kimi maraqlandırır, o ki qala hansısa milad günü, pasxa bayramı. Bu bayramları təmtəraqla qeyd etməyin tərəfdarları “Azərbaycan dünyanın bir parçasıdır” deyirlər, razıyıq, amma Azərbaycan dünyanın mənasız və düşük dəyərlərinin zibilqabısı deyil, bunu da dərk etməliyik.

Azərbaycan türkünün milli dəyərlər sistemində bu adını çəkdiklərimizə sözün hər mənasında yer yoxdur. Dərindən təhlil edəndə bu yalançı bayram günləri, saxta obrazlar barəsində yetərincə düşündürücü əmmalar ortaya çıxır. Sevgililər günü adıyla fevralın ilk yarısında Azərbaycan paytaxtında bir təmtəraq gözə dəyir ki gəl görəsən. Mağazalarda şıdırğı “endirim”lər, şou-biznes əhlinin “sevgililər günü”nə həsr etdiyi konsert və proqramlar... Nə yaxşı ki, Azərbaycanda bu günün mahiyyət etibarilə əxlaqsızlar günü olduğunu tarixi faktlarla bilən düşüncəli insanlarımız az da olsa var. O insanlarımız ki, xristian dünyasının bu saxta bayramının gerçək mahiyyətini anlayır, digərlərinə başa salmağa cəhd göstərir və müqəddəs Quranın bu ayəsini unutmur: “Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?” (Ali-İmran surəsi, 71-ci ayə).

Klara Eysner (Setkin).
Bir də 8 mart tarixi var, təqvimlərimizdə al-qırmızıya boyanmış. Kim çıxardıb bu “əlamətdar” tarixi? O kəsin özünün şəxsi keyfiyyətləri onun dünyaya təlqin etdiyi nəsnəni bu dərəcədə ciddiyə almağa imkan verirmi? Kommunist-bolşevik erkəklərinin cinsi tələbatının daimi ödəyicisi olmuş, nə qadın kimi qadınlıq, nə ana kimi analıq dəyərlərinə sahib olmamış, hətta qeyri-ənənəvi oriyentasiyaya malik olması barədə faktların bütün Avropada ağızbaağız dolaşdığı Klara Setkin adlı bir yəhudi qadının 1910-cu ildə Kopenhagendə çıxartdığı Beynəlxalq qadınlar günü bayramı. Bəziləri bu günü “Analar günü” olaraq dəyərləndirir, amma belə deyil. Bir Azərbaycanlı kişisinin öz anasına nəvaziş göstərməsi və ya onun əhvalını xoş etməsi üçün niyə məhz hansısa xoşagəlməz reputasiyalı bir yad qadınının “kəşf etdiyi” tarix seçilməlidir? Azərbaycan tarixində örnək alınası Tomirisamız (Dəmir Xatunumuz), Sara Xatunumuz, Taclı Bəyimimiz, Fərizəmiz yoxdurmu? Kim nə deyir-desin, adını nə qoyur-qoysun, acı həqiqət budur ki, düz 90 il Azərbaycan qadınını təbrik etməklə onu Klara Setkin ənənələrinə doğru meylləndirməyə cəhd ediblər. Azərbaycan qadınının kəlağayısının, örpəyinin çıxarılması ilə başlandı bu cəhdlər, və onun ailəsinin dağılması, mənəvi dünyasının məhvi ilə də sonuclanır.

Klara Setkin Azərbaycanda.
Kimisi iddia edir ki, bu əlamətdar gün bütün dünyada qeyd olunur. Cəmiyyətin gözünün içinə utanmadan ağ yalan söyləyənlər özləri də bilirlər ki, sosializmin qalığı hesab olunduğuna və bu tarixi təklif etmiş adam özü ideal qadın parametrlərindən xeyli uzaq olduğuna görə dünyanın böyük bir qismi bu günü qeyd eləmir. Dünya ölkələrindən cəmisi 20-25-ində bu tarix rəsmi qeyri-iş və bayram günü hesab oluna ya olunmaya. O zaman Klara Setkin gününü dövlət səviyyəsində qeyd eləmək elə bizəmi qalıb? Quran bu cür anlaşılmaz və yadlara məxsus dəyərlərə münasibətimizi açıqca söyləyir:

“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (Əl-Ənam surəsi, 116).

Qadınlığın ən yüksək və qarşısında hər kəsin baş endirdiyi bir zirvəsi var – Analıq. Hər qadın yaşadığı ömür boyunca bu mənəvi zirvəyə doğru can atmalıdır. Və Allaha çox şükürlər olsun ki, Azərbaycan qadını öz saf genlərindən irəli gələn bu düşüncəyə hər zaman sadiq qalmağa çalışıb. Cəmiyyətdə “kişilər günü” deyincə ağıla necə Ordu Günü gəlirsə, eləcə də “qadın” deyəndə Azərbaycan insanı ilk öncə Ananı göz önünə gətirir. Bu yaxında Zərifə xanım Əliyevanın doğum gününün “Analar Günü” elan olunması ilə bağlı bir təklif səsləndi. Bəziləri bəyəndi, bəziləri isə ağız büzdü. Fərq etməz, seçiləcək tarix hansı tarixdir, yetər ki, Azərbaycan kişisi öz anasını hansısa Klara Setkinin istəyinə görə təbrik etməsin. Azərbaycan cəmiyyətinin 8 marta ehtiyacı yoxdur, amma Analar Gününə sözün həqiqi mənasında ehtiyacı var. Peyğəmbərimiz (s) əbəs yerə deməyib: “Cənnət anaların ayaqları altındadır.” Yer üzündə qadına verilən ən böyük qiymət budur. 





09.03.2010-cu il.

Комментариев нет:

Отправить комментарий