пятница, 3 января 2014 г.

"BİSMİŞAH" DEYƏN ŞAH BABAMIN RUHUNA

Xətaiyəm, ağ atluyam,
Sözi şəkkərdən datluyam,
Mürtəza Əli zatlıyam,
Qazilər deyən Şah mənəm!




Çox az adamın taleyinə 2 yaşında ikən qolunda qandal, ətrafında məhbəsin soyuq divarlarını görmək yazılıb. Bundan daha az insan var ki, 8 yaşı olmamış ata-anasını, qardaşlarını bir-bir itirərək onların öldürülməsinə şahid olsun, atasının kəsik başını əlinə almaq əzabını yaşasın, ailəsində bir nəfər belə qalmasın. Çox cüzi insan var ki, ömrün məşəqqətləri onu yeniyetmə ikən bu qədər püxtələşdirib 30 yaşlı biri kimi yetişdirsin. Bundan daha az sayda insana rast gəlinər ki, illər uzunu hər kəsdən gizlədilə-gizlədilə elmin sirlərinə vaqif olub özünü gələcək mübarizəyə hazırlasın. 
Amma elə bir insan yoxdur ki, bunların hamısını yaşayaraq 14 yaşında parça-tikə olmuş vətən torpaqlarını 1 bayraq, 1 məfkurə ətrafında birləşdirib onun yolunda özünü fəda edən müridləri ilə birlikdə cahanşümul bir dövlət qursun. Bir dühadan başqa - ŞAH İSMAYIL XƏTAİ! Onun 525 yaşının tamam olduğu bir gündə - 17 iyul 2012-ci ildə Şahımızı məxsusi rəhmət və sayğı ilə anmaq üçün bu köşəmi hazırladım.

Bu gün yetişən gənc nəsil Şah Xətainin nəyi niyə etdiyinin gerçəkdə fərqinə varmadan, yad qüvvələrin anti-şah təbliğatı ilə üz-üzə durduğu bir vaxtda bu böyük insanın çoxlarına örnək ola biləcək qısa, lakin şərəfli və mübarizə dolu həyatını tez-tez xatırlamaq və xatırlatmaq lazımdır. Gənc Azərbaycan türkü bilsin ki, 2 milyon 800 min kvadrat kilometr ərazidə bu millətin ay-ulduzlu bayrağını dalğalandıran şəxs Şah İsmayıl Xətaidir. 

Bu milləti onun milli dəyərlərinə qovuşduran, onun dilini bu nəhəng ərazilərdə ən hegemon mövqelərə qaldıran şəxs “Babalardan bizə üç şey miras qalıb: dilimiz, qeyrətimiz, vətənimiz” deyən Şah İsmayıl Xətaidir. 

Bu milləti yenidən Saz, Söz, İlahi hikmət, İrfan, Təsəvvüf yolunun əsgərinə çevirən şəxs “Dörd şey vardır bir qarındaşa lazım, Bir elm, bir kəlam, bir nəfəs, bir saz” deyən Şah İsmayıl Xətaidir. 

Bu millətin milli dövlətçilik tarixinin ən şanlı səhifələrini ona bəxş edən şəxs “Biz əzəldən ta əbəd meydanə gəlmişlərdəniz” deyən Şah İsmayıl Xətaidir. 

37 il qədər qısa ömür sürməsinə baxmayaraq, yüz illər boyu millətin yaddaşında “baba” ismi ilə qalan şah babamız Şah İsmayıl Xətaidir. 

Bu qədər böyük bir hökmdar olmasına rəğmən, Allaha müraciət forması olan “ŞAH” kəlməsini öz ismindən önə keçirdən ilk hökmdar Şah İsmayıl Xətaidir. 

Bir millət olaraq gerçək bir yaşam mücadiləsi verdiyimiz, olan-qalanımızı var gücümüzlə əldə saxlamağa çalışdığımız bir zamanda düşüncəsi özü qədər cılız olan beş-üç “yazarın” Şah babamızı “təftiş etməyə” qalxışdığını görəndə insan istər-istəməz Şah Xətainin bu misralarını xatırlayır:

Mənim yolumda yektalər gərəkdür,

Dini-imanı yəğmalər gərəkdür.

Mənim tək gövhəri nadan nə bilsün,

Məni bilməgə danələr gərəkdür.

Nə bilsün məni hər bir başlu, gözli,

Könül gözündə binalər gərəkdür.

Mən olman dəgmə fikr ilən müyəssər,

Mənə bir incə sevdalər gərəkdür.

Mənəm Sultan Xətai Heydər oğlı,

Mənim yolumda qovğalər gərəkdür.

Bu böyük insanın həyatının ibrətamiz səhifələrini düşündükcə İlahi təqdirin nə demək olduğunu daha dərindən dərk edirsən...

1494-cü ilin sonları. Atasının sadiq dostu olan dörd nəfərlə birlikdə məşəl işığında qaranlıq və soyuq bir mağaraya girdi. Bir müddət burda gizlənəcəkdilər. Şəmasə kəndi yaxınlığındakı qeyri-bərabər döyüşdə öldürülmüş qardaşının sağ qalan 12 müridi üzlərində qəzəbqarışıq bir kədər ifadəsiylə siyirməqılınc mağaranın ağzını kəsdirdilər. Atasının dostları narahatlıqla ətrafı nəzərdən keçirərkən kiçik İsmayılın səsi onları heyrətləndirdi, eşitdiklərinin təsirindən gözləri doldu. Mağarada əks-səda verən sakit və aydın uşaq səsi onlara Qurani-Kərimin Ət-Tövbə surəsi, 40-cı ayəsini söyləyirdi: 

"Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərər. Necə ki kafirlər onu iki nəfərdən biri olaraq çıxardıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "qəm yemə, Allah bizimlədir!" dediyi zaman göstərmişdi. O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir!"... Atasının dostları diz üstə çöküb gözlərindən yaş axa-axa “qurban olduğum”, “sadağa olduğum”, “pirim-mürşüdüm!” dedilər.

6 il sonra, Gülüstan ətəklərində əynində zirehsiz firuzəyi rəngdə harmani, başında qızıl taclı, qırmızı külahlı ağ çalma olan, ağ atın belində dikəlmiş bu yeniyetmə şeyx öz canfəda müridlərinə səslənib "sizə Gülüstan gərəkdi yoxsa Azərbaycan?" deyəndə Qızılbaş ləşkəri bir səslə "AZƏRBAYCAN!" deyib dalğalanacaq, Təbrizə bu gün milli dövlətçiliyin nə demək olduğunu anlayan hər bir Azərbaycan türkünün qürur hissi ilə xatırladığı Azərbaycan Səfəvi-Qızılbaş Dövlətinin bayrağı sancılacaqdı...

***

Son söz əvəzi: Babalarını tanımaq istəməyənin nəvələri də onu tanımayacaq. 


17.07.2012-ci il.



Комментариев нет:

Отправить комментарий