пятница, 3 января 2014 г.

"BİG BANG" NƏZƏRİYYƏSİ ŞAH İSMAYIL YARADICILIĞINDA



Şah İsmayıl Xətai. Andre
Trevenin əsəri. 1584-cü il.
    Çoxlarına təəccüblü gəlsə də, Şah İsmayıl Xətainin ədəbi yaradıcılığında kainatın yaradılış fəlsəfəsi ilə bağlı çox unikal məlumatlara rast gəlinir. Bu məlumatlar yazıldığı dövrdən bir neçə yüz il sonra elmi-texnoloji nailliyyətlər sayəsində ortaya çıxmış və təsdiqlənmiş müddəalarla eyniyyət təşkil edir. Bu yazıda həmin maraqlı məlumatlardan biri haqda danışmağı lazım bilirik.



      Kainatın və bəşəriyyətin yaradılışı yaxud yaranışı ilə bağlı elm aləmi hər zaman bitib-tükənməyən mübahisələrə, alternativ nəzəriyyələrə şahid olub. Materialist fəlsəfənin davamçıları və ateistlər uzun müddət kainatın əbədi olduğunu, hansısa fövqəlqüvvə tərəfindən yaradılmadığını və daimi sükunət halında mövcud olduğunu iddia etmişlər. Bu modelə "statik kainat modeli" adı verilmişdi. XX yüzillikdə dünya elmini məhz bu iddialar əsasında formalaşdırmağa, yəni bu nöqtədən çıxış edərək elmi inkişaf etdirməyə cəhd göstərilmişdir. Bu düşüncə əsasında bəşər tarixinin ən böyük dövlətinin - sovetlər birliyinin vahid ideologiyasının təməlləri formalaşdırılmış, ateizmə geniş yer verilmişdir. Ötən yüzilliyin II yarısından etibarən astronomiyanın inkişafı, kosmik fəzanın fəth edilməsi ilə başlanan elmi nailiyyətlər kainatın yaranış fəlsəfəsi ilə bağlı mövcud fikirlərə böyük şübhələr meydana gətirdi. ABŞ-da fəaliyyət göstərən NASA elmi laboratoriyalarında aparılan uzun müddətli elmi tədqiqatlar nəticəsində kainatın durmadan genişləndiyi, Günəş sisteminə daxil olan planetlərin Günəşdən və qalaktikaların da bir-birindən uzaqlaşmaqda davam etdiyi barədə həqiqətlər bir daha təsbit olundu. Bundan əvvəl hələ 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın statik quruluşa sahib olmadığı düşüncəsini ortaya qoymuş, Belçikalı astro-fizik Corc Lemaytr (Georges Lemaitree) kainatın fasiləsiz hərəkət halında olduğunu hesablayaraq 1927-ci ildə çap etdirmiş, amerikan astronomu Edvin Pauell Habbl (Edwin Powell Hubble) isə 1929-cu ildə teleskopdan istifadə etməklə praktik olaraq ulduz və qalaktikaların bir-birindən uzaqlaşmaqda olduğu fikrini ortaya qoymuş, daha bir çox elmi nailiyyətlər əldə edilməklə kainatın nəinki sükunətdə olmaması, əksinə, genişlənməsi, və buna uyğun şəkildə də çox-çox əvvəl bu genişlənmənin eyni bir nöqtədə baş verən böyük partlayışdan qaynaqlanması nəzəriyyəsi ortaya çıxmışdı. Kainatın təxminən 15 milyard il öncə bir nöqtədə baş vermiş böyük partlayış nəticəsində yoxdan əmələ gəlməsini ortaya qoyan bu nəzəriyyə elmdə "Big Bang" (Böyük Partlama) nəzəriyyəsi adını aldı. Sonralar Corc Qamov, Arno Penzias, Robert Vilson, Corc Smut və digərləri bu nəzəriyyəni daha da inkişaf etdirdikcə "statik kainat" nəzəriyyəsinin tərəfdarları, o cümlədən, Dennis Şiama (Dennis Sciama), məşhur ateist filosof Entoni Flu (Anthony Flew) da yanıldıqlarını etiraf etməyə başladılar. Bu elmi nailiyyətlər onilliklər ərzində sosialist sisteminin idarəsi altında olan ölkələrdə, o cümlədən, sovetlər birliyində geniş ictimaiyyətdən gizlədildi və yalnız ötən yüzilliyin sonlarında ictimaiyyətə məlum oldu.
      "Big bang" nəzəriyyəsinin əhəmiyyət qazanması materialist fəlsəfə daşıyıcılarının əvvəlki müddəalarını kökündən sarsıtmaqla və kainatın Allah tərəfindən yoxdan var edilməsi fikrini qüvvətləndirməklə yanaşı, eyni zamanda, eramızın 610-632-ci illəri ərzində nazil olmuş müqəddəs Qurani-Kərimin də müddəalarını təsdiqləmiş oldu. Müqəddəs kitabın Əl-Ənam surəsinin (101) 6-cı ayəsində "O, göyləri və yeri yoxdan var edəndir" fikri, Zariyət surəsinin (51) 47-ci ayəsində "Biz göyü qüdrətimizlə yaratdıq və Biz qadirik" cümləsi, eləcə də, Fussilət surəsi, 11-ci ayə və s. XX yüzilliyin elmi nailiyyətləri ilə tam bir uyğunluq təşkil edir. 
      Haqqında danışdığımız nəzəriyyə bəşəriyyətə endirilən son ilahi kitabla təsbit olunduğuna görə aydın məsələdir ki, İslamın təntənəsinə iman gətirmiş olan şərq dünyasının filosof və düşünürləri də yüzilliklər boyu yaradılış barədə həqiqətləri araşdıraraq öz əsərlərində qeyd etmişlər. İlahi həqiqətlərə Azərbaycan türklərinin böyük dühası, dahi mütəfəkkir Şah İsmayıl Xətainin də əsərlərində geniş yer verilib. Onun "Yer yox ikən, göy yox ikən ta əzəldən var idim" misrası ilə başlanan qəzəlinin ilk beytində deyilir:

"Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,
Gövhərin yek danəsindən iləri pərgar idim..."

      Gövhər - bildiyimiz kimi, fars sözü olub, orta əsrlər dövrü ədəbiyyatında həm "bahalı daş, almaz", həm də "od, alov, atəş" mənalarında işlənmişdir. Yek - farsca "bir, tək" deməkdir. Pərgar - dairə çəkmək üçün ləvazimatın adıdır. Beytin ikinci misrasının ilkin hərfi mənası "Odun bir tək nöqtəsini irəliyə doğru pərgar şəklində hərəkət etdirdim" formasındadır. Pərgarın istifadə edilmə tərzini göz önünə gətirsək, misranın mənası tam şəkildə aydın olur. Göründüyü kimi, burada kainatın Allah tərəfindən yaradılış şəkli ən mükəmməl formada təsvir olunub - günəşin nüvəsində yaranmış böyük miqyaslı qəfil partlayış nəhəng və odlu torpaq kütlələrini diametral formada kainata səpələmişdir. XX yüzilliyin məşhur "Big bang" nəzəriyyəsinin təməl müddəaları hələ 400 il öncə Xətai misralarında heyrətamiz formada əks olunmuşdur. Sözügedən qəzəlin digər bir beytinə də nəzər salmaqla Xətainin yaradılışla bağlı dünyagörüşünün dərin elmi təməllərə malik olduğuna diqqət yetirə bilərik:

"Gövhəri ab eylədim, dutdu cahanı sərbəsər,
Yeri, gögi, ərşü-kürsi yaradan səttar idim..."

      Bu beytin ilk misrasında da böyük partlayışdan sonrakı proses öz əksini tapıb. Belə ki, ilkin hərfi mənası "odu su elədim, dünyanı başdan-başa
bürüdü" şəklində olan bu misrada müasir elmin təsbit etdiyi həqiqətlər əks olunub. Yer kürəsindən ibarət odlu torpaq kütləsi Günəşdən aralandıqca tədricən od azalıb, Yer kürəsi cilalanaraq yeni forma-şəkil alıb, və yerin səthində su yaranıb. Canlıların və təbiətin sudan yaranması barədə biologiya elminin əsas müddəalarına Xətai misralarında rast gəlinməsi, əlbəttə ki, təkcə Şah Xətainin bu hikmətləri bilməsi və lazımi biliklərə yiyələnməsi anlamına gəlmir, eyni zamanda Şah İsmayıl Xətainin də istinad etdiyi Qurani-Kərimin nə qədər dərin elmi bilikləri özündə ehtiva etdiyini əyani şəkildə sübut edir. Xətainin bir başqa şeirində qeyd olunan 

"Bir qəndildən bir qəndilə atıldım,
Turab olub göy üzünə saçıldım..."

misraları da eyni yaradılış fəlsəfəsinin izlərini özündə ehtiva etməkdədir. "Qəndil" ərəbcə "yanan çıraq" anlamındadır, "Turab" sözü isə, bildiyimiz kimi, ərəb dilində "torpaq" deməkdir.
      Şah İsmayıl Xətai şeirlərində Qurani-Kərim ayələri əsasında kainatın və bəşəriyyətin yaradılışına dair fikirlər əhatəli və gözəl təsviri üslubda yazılıb. Onun aşağıdakı misraları sözügedən mövzuda ilahi həqiqətlərin üzərinə işıq salır:

"Allah kərimü ləmyəzəldir,
Zatı əbəd oldu, həm əzəldir.
Var etdi cəhanı yox ikən ol,
Kimsə bulamaz bu sirrə heç yol.
Nuri-nəbidən yaratdı qəndil,
Qıldı nəzər ona neçə min il..."

      Bu şeir nümunəsində də bizlər cahan yoxdan xəlq edən böyük Yaradan barədə, eləcə də, peyğəmbər nurundan "qəndillərin yaradılması" yəni kainatın ərsəyə gətirilməsi haqda dini-fəlsəfi düşüncələrin şahidi oluruq. 
      Müqəddəs kitabımızla endirilən ayələrdən daha biri: "Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?" (Əl-Ənbiya surəsi, 30-cu ayə).
      Bizə görə, "Böyük partlama" nəzəriyyəsi bir elmi həqiqət olmaqla yanaşı, nə Aleksandr Fridmana, nə Corc Lemaytra, nə Edvin Habbla, nə də Şah İsmayıl Xətaiyə məxsusdur. Bu nəzəriyyənin gerçək sahibi bütün kainatı, maddəni, enerjini, zamanı, Günəş sistemini, planetləri, Yer kürəsini və ondakı canlıları təsvirolunmaz bir dəqiqliklə xəlq eləmiş olan böyük Yaradandır, və onun idrakından kənarda da heç bir elm mövcud deyil. 


30.10.2012-ci il.

Комментариев нет:

Отправить комментарий