понедельник, 6 января 2014 г.

DƏYƏRLƏRİMİZ VƏ ŞƏXSİYYƏTLƏRİMİZ



Millətin yüzillərdən bəri formalaşdırdığı dəyərlər sisteminə ayrı-ayrı tarixi şəxsiyyətlər də daxildir. Onlarsız bu dəyərlər natamam olur. Və millətin dəyərlərinin ortaya qoyulmasında rol alan tarixi şəxsiyyətlərə yersiz hücum da əslində həmin millətin öz varlığına hücum deməkdir.
Bu cür tarixi şəxsiyyətlərə onların yaşadığı dönəmin gözü ilə baxmadan qiymət vermək olmaz. Əks təqdirdə Nizamülmülkün Babəkə, sovetlərin Nadir şaha yaxud Ağa Məhəmməd şah Qacara verdikləri “qiymət” kimi yersiz, əsassız, qərəzli və cılız görünər göstərilən mövqe. 

Şah İsmayıl Xətai adlı unikal bir tarixi şəxsiyyətimiz var. Bu millətə minillərdən bəri itirdiklərini yenidən bəxş edib. Onu zəmanəsinə görə dünyanın ən nəhəng imperiyalarından birinin şəriksiz sahibinə çevirib. Ona Tanrı əsgəri olmağın, Tanrı məmləkətini qorumağın mahiyyətini əyani şəkildə anladıb. Onu öz saf genlərinin pıçıldadığı İlahi düşüncə, Saz, Söz, İdrak kimi dəyərlərə qovuşdurub. Qısacası, nə etməliydisə, artığıyla eləyib. Məhz onun etdikləriylə bu millət, bu torpaq heç zaman böyümədiyi qədər böyüyüb. 

Ancaq millətin sonrakı nəsilləri özümüzə aid dəyərləri unutduğu və qoruya bilmədiyi üçün bu günkü acınacaqlı duruma düşdük. Və üzərimizdə yadların vəhşi eksperimentləri həyata keçirilməyə başladı. Bu eksperimentlər varlığımızı şərtləndirən dəyərlərimizi unutdurub sıradan çıxarmaqla yanaşı həm də bu dəyərlərin mərkəzində dayanan cahanşümul tarixi şəxsiyyətlərimizin mahiyyətini yadlaşdırıb millətin gözündən salmağa hesablanmışdı. Millətin tarixi yaddaşı silindikcə dəyərlərimizdə və şəxsiyyətlərimizin cəmiyyətə təqdimatında da əcaibləşdirmələr və eybəcərliklər yer almağa başladı... Bu günsə artıq həmin eybəcərliklər kitab halında qarşımıza qoyulmaqda, tarixi şəxsiyyətlərimiz bizlərə az qala adamyeyən formasında tanıtdırılmaqdadır.

Bu gün Azərbaycan türkü babalarından fərqli olaraq öz tarixi şəxsiyyətlərinə yadların güzgüsü ilə baxmağa məcbur edilib, o güzgü isə öz əyrilik mahiyyətindən irəli gələrək tarixi qəhrəmanlarımızı və dahi şəxsiyyətlərimizi min bir donda göstərir bizə. Son iki yüz ildə bizləri aldadaraq təlqin ediblər ki, özümüzə yalnız bu formada, yad təqdimatı ilə baxaq. Özümüzə öz gözümüzlə baxmağı bizə yadırğadıblar. Deməli, özümüzü görə bilmək üçün silinmiş tarixi yaddaşımızın izlərini usanmadan, cidd-cəhdlə aramalıyıq, bizlərə altun məcməyidə təqdim olunanları da, milli yaddaşın hansısa köşəsində qalıb üstünü toz basmış babalarımıza aid olanları da diqqətlə incələyib saf-çürük edərək öz genlərimizə boylanmalıyıq, bizə aid olan dəyərlərə həmin tarixi yaddaşımızın gözüylə nəzər salıb onlara sahib çıxmalıyıq. “Bunlar bizim qırmızı cizgilərimizdir, bunlara toxunmağa imkan vermərik” sözünü deməyi bacarmalıyıq. Bu gedişata “dur” demənin zamanı gəlib çatıb. Ziyalısı qələmi ilə, alimi elmi ilə, vətənpərvəri isə sözü ilə millətin yüz illər boyu “yaxşı” dediyinə “pis” damğası vurma istəyənlərə həddini bildirməlidir. 


7/1/2010

Комментариев нет:

Отправить комментарий