пятница, 3 января 2014 г.

QƏRBİ ZODİAK BÜRCLƏRİ VƏ QƏDİM OĞUZLAR





                                                                                                       “Biz səmada bürclər yaratdıq, 
                                                                                                     onları baxanlar üçün bəzədik.” 
                                                                                                     (Qurani-Kərim, Əl-Hicr surəsi, 
                                                                                                      16-cı ayə).                           

Bu gün dünyada bir çox insanın gündəlik olaraq maraqlandığı və bu baxımdan da astrologiyanın ən populyar sahəsi hesab olunan Qərbi Zodiak bürcləri, çox maraqlı və eyni zamanda da sevindiricidir ki, onun mükəmməl bilicilərindən biri olmuş qədim Oğuzların izlərini özündə gizlətməkdədir. 

Qərb astroloji təqviminin təhlili həmçinin bizə babalarımızın bu sahədə dərin və sistemli biliklərə sahib olduğunu söyləməyə imkan verir, qədim yunan tarixçiləri Herodot və Hesiodun yazıları isə bu məsələdə nöqtəni qoyur – onların yazdıqlarına görə, qərbi Zodiak işarələri sisteminin mövcudluğu ən azı hələ bizim eradan əvvəl IX-VIII əsrlərdən Skuz / Şkuz (rus tarixşünaslığı bu adı təhrif edərək «Skif»
şəklində vermişdir, Assuriya və Urartu mənbələrində «İşkuz» şəklində yazılmışdır, O.Süleymenova, Z.Həsənova və s. görə isə «İç Oğuz» deməkdir) xalqına, ələlxüsus da, bu xalqın Atayurddan ayrı düşmüş köçəri qisminə məlum idi. Eradan əvvəl XXI əsrdə mövcud olmuş və hətta 100 il İkiçayarası (elmdə «Şumer») xalqını idarə etmiş Quti dövləti barədə son dövrlərdə aparılan tədqiqatlardan, xüsusən də, Firidun Ağasıoğlunun və mərhum tarixçi-alimimiz Yusif Yusifovun yazdıqlarından aydın görünür ki, Herodotun təsdiq etdiyi kimi, nəinki eradan əvvəl IX-VIII əsrlərdə, hətta e.ə.XXI əsrdə də babalarımız bu gün «Zodiak bürcləri» adlandırdığımız astroloji sistemin incəliklərinə bələd idilər. Belə olan halda sözügedən sahədə babaların izlərindən hər hansı nişanə qalmaya bilməzdi. Yəni ola bilməz ki, hansısa bir xalq bu cür Tanrıya yönəlik biliklərə sahib olsun, həmin bilikləri qonşu xalqlara ötürsün, gələcəyin mühüm bir elm sahəsinin təşəkkülündə bəlkə özü də bilmədən nəzərəçarpacaq dərəcədə böyük rol oynasın, ancaq həmin elm sahəsində onun adını əks etdirən hər hansı bir element qalmasın. Məhz bu düşüncələrlə də Qərbi Zodiak sisteminə dair astroloji materialların və məlumatların təhlilini apardıq. Nəticədə qısa bir
zaman ərzində kifayət qədər ilginc faktlar üzə çıxdı, hətta bu faktların indiyə qədər astroloqların diqqətini cəlb etməməsi, dilçi alimlərin indiyədək bu nüansları görməməsi bizim təəccübümüzə də səbəb oldu. 

Konkret olaraq, qədim Oğuzların və onların bir qolu olan Sakların (Saqaların və ya Saqatların) izləri 12 Qərbi Zodiak bürcündən ən azı üçünün latınca adlarında qalmaqdadır. Bu astroloji işarələrin, ulduz bürclərinin qədim latınca və yunanca adlarına nəzər salsaq, bunun şahidi olacağıq. 

12 Zodiak bürcündən sıra ilə birincisi yəni Qoç bürcü, bildiyimiz kimi, Oğuzların qədim Yeni İl və Yeni Gün bayramından (21 mart tarixindən) başlanır. Bu Oğuzlardan qalma əski bayram Oğuzların qutsal simgəsi olan «Qoç» adının göydəki müvafiq ulduz topasına verilməsinə səbəb olub. Fəlsəfə üzrə dr. Razim Əliyev göstərir ki, hələ miladdan öncə II minillikdə Oğuz qamlarının ziqquratların başına çıxaraq ulduz bürclərinin səmadakı yerdəyişməsini diqqətlə müşahidə etdiklərini, daha sonra Qoç bürcünün göy qübbəsində bərqərar olması ilə yaz fəslinin və Yeni ilin gəlişini sevinc içərisində xalqa xəbər vermələrini, həmin ziqquratların damında tonqal yandıraraq od işarəsi sayılan bu bürcü salamlamalarını təsdiq edən faktlar vardır. Qoç bürcünün Oğuzlarla bağlılığını onun adının əski latınca / yunanca olan variantı da təsdiqləyir (Qoç bürcü sözügedən dillərdə ARİES adlanır), belə ki, «Aries» sözü, Herodota istinadən deyə bilərik ki, əski Oğuzların (m.ö.II minillik) öz müharibə tanrılarına (əslində isə tanrıya yox, müharibə və savaş bürcünə) verdikləri «ARES» ismindən götürülüb (bax: Z.Həsənov, «Çar Skiflər», Bakı, 2005, səh. 34). Morfoloji struktur bölgüsü üzrə «ARES» sözünü «AR» (ƏR) + «ES» (yunan şəkilçisi) şəklində izah etmək əslində yunan dilinin qrammatikasından az-çox anlayan dilçilər üçün çox asan bir işdir.

Xatırlaya bilərik ki, elmi-nücumda Qoç bürcünü himayə edən Mars planeti (Mərrix) qədimdən dünya mifolojisində «müharibə allahı» və ya «müharibə planeti» adlandırılmaqdadır ki, bu da Skuzların Aresi müharibə simgəsi olaraq qəbul etmələri ilə tam üst-üstə düşür. Təəssüf ki, qədim Skuzların (Oğuzların) dini dünyagörüşlərini hər zaman yarımçıq səviyyədə dərk edən qonşu xalqlar bu görüşləri bir qədər şişirdilmiş formada əxz etmişlər. Təktanrıçı Oğuzlar üçün, təbii ki, heç bir ayrıca «müharibə allahı» mövcud ola bilməzdi, ARES və onu ifadə edən qutsal qılıncı Oğuzlar bir növ Göy Tanrının «savaş mesajı» kimi qəbul edir, bu bürcün məhz ər igidlərin meydana atılması dövrü olduğuna inanır və bu səbəbdən də ARES (Qoç) bürcünə, Mərrix ulduzuna sayğı ilə yanaşırdılar. Digər tərəfdən, Qoç bürcünün himayəsi altında yazın gəlişi həm də qışdan çıxan elin köç hazırlıqlarının başlanması, mal-qaranın otlaqlara sürülməsi demək idi. 

Herodot yunan tanrılar panteonuna daxil olan isimlərin böyük əksəriyyətinin (Herakldan tutmuş Apollona qədər) məhz köçəri Skuzlardan əxz edildiyini açıq şəkildə qeyd edir. Lakin Qara dənizin şimal sahillərində məskunlaşmış köçəri Skuzların (Oğuzların) dini inanc sistemini onların qonşuları olan yunanlar olduğu kimi yox, təhrif olunmuş halda götürüb mənimsədilər, yəni necə ki, vaxtilə Skuzların öz ulu babaları əcdad Koroğlunun (söhbət XVII əsrin Cəlali Koroğlusundan getmir) ruhuna dərin hörmət və ehtiram bəsləməsini yunanlar çoxtanrıçılıq elementi zənn edib Koroğlunu Herakle / Kerakle halına salaraq özlərinə tanrı ismi seçmişdilər, bax eləcə də, yunanların «müharibə tanrısı» olan ARES yarandı. ARESi ifadə edən qutsal qılınc simvoluna isə bizlər xalqımızın möhtəşəm tarixinin müxtəlif dövrlərində rast gəlməkdəyik. Bunlardan əcdad Koroğlunun Misri qılıncı ilə bağlı mifoloji və folklor qaynaqlarının məlumatlarını, Atillanın sirli qılıncı barədə tarixi bilgiləri, habelə, Ərdəbildə Şeyx Səfiəddin türbəsinin gümbəzinə bərkidilmiş simvolik qılıncları və s. bu yerdə yada salmaq olar. Beləliklə, Qərbi Zodiak işarələri arasında birinci yerdə qərar tutan Qoç (Aries) bürcünün latınca adı tamamilə miladdan öncəki qədim Oğuzların «ARES»i ilə bağlıdır.

Qoç (Aries) bürcünü göydə əvəz edən sayca ikinci bürc Buğa bürcüdür ki, onun da əski latınca adı TAURUS-dur. Buğanın (Öküzün) əski Oğuz gələnəklərindəki yerini və rolu barədə çox deyilib, çox yazılıb. Boz Öküz qədim türklərin sıx-sıx xatırladıqları mühüm mifoloji obrazdır. Elə təkcə
Qobustan qayalıqlarındakı çoxsaylı öküz ovu rəsmlərini, müxtəlif tarixi qalalarımızda divarlara həkk edilmiş öküz başı təsvirlərini, yer kürəsinin Boz Öküzün buynuzları üzərində bərqərar olması ilə bağlı qədim miflərimizi və s. xatırlamaq zənnimcə kifayət edər. «Taurus» sözünün kökünü (Taur) dəyərli alimimiz Firidun Ağasıoğlu özünün «Azər xalqı» kitabında çoxsaylı arqumentlər irəli sürməklə «tur» / «törük» komponentləri ilə bağlayır (nəzərə almalıyıq ki, «-us» hissəciyi yunan dilinə aid şəkilçidir). Bu hipotezi həqiqətəuyğun bir fərziyyə kimi təsdiqləməklə bərabər «Taur» / «Tavr» sözünün bugünkü türkcəmizdə sıx-sıx qullanılan əskidən qalma «davar» sözü ilə bağlı ola bilməsi ehtimalına da dilçi-alimlərimizin diqqətini cəlb etmək istərdim.

Qərbi Zodiak bürcləri arasında sırayla 9-cu yerdə gələn Oxatan bürcünün simvolu qədim yunan-roma mifologiyasında Oğuz-Saqat atlılarının nə dərəcədə ilahiləşdirildiyi sübut edir. At belində sürətlə çaparkən həm irəliyə, həm də arxaya doğru, qanrılaraq sərrast ox atan Oğuz-Saqat atlılarını ilk dəfə gördükdə qədim yunanlar həqiqətən də heyrət içində qalmışlar, çünki o vaxta qədər yunanlar heç bir xalqda bu cür qeyri-ənənəvi, çətin və gözlənilməz savaş üsuluna rast gəlməmişdilər. Beləliklə, nəhəng vücuda sahib Oğuz-Saqat atlısı əski yunanların yaddaşına həkk olunmuş, yunanlar saçları çiyninə tökülən bu igid atlıları Kentavr (yeri gəlmişkən, bu sözdə də tavr / taur komponentinə rast gəlinir) adı ilə ilahiləşdirərək onları öz mifologiyasının əsas obrazlarından birinə çevirmişlər.

Maraqlıdır ki, göydəki Oxatan bürcünü də öz formasına görə Oğuz-Saqat atlısına bənzədən yunanlar sözügedən ulduz topasına da babalarımızın adını vermişlər. Xatırladaq ki, yunan-latın dillərində Oxatan bürcünün adı SAGİTTARİUS adlanır və bu ismin açması hələ indiyə kimi dəqiq bəlirlənməmişdir. Bəlkə də alimlərin ağlına gəlməmişdir ki, yunan sonluğuna malik bu isim özündə qədim türklərlə bağlı informasiya gizlədə bilər. Halbuki «-US» ekini (şəkilçisini) çıxdıqdan sonra müvafiq morfoloji bölgüyə əsasən bu sözün kökünün «SAGİTT + ARİ» (Saqat Əri) formasında olduğunu asanlıqla seçib ayırmaq mümkündür. Oxşayır ki, Avropa hələ də bu kimi bir çox inanılmaz faktların Asiya qitəsinə uzun müddət hökmranlıq etmiş qədim Oğuzlarla (Saqatlarla) bağlı ola bilməsi ehtimalını ağlına sığışdıra bilmir. Biz Qərbi Zodiak işarələrinin qısa təhlili zamanı rastımıza çıxan vur-tut üç kiçik məqama diqqət ayırıb onları incələməyə çalışdıq. Təsəvvür etmək olar ki, bu sahədə hələ nə qədər gizlin qalan mətləblər var. Təbii ki, yetərincə dərin astroloji bilgilərə malik olan qədim Oğuzların qərb astroloji təqvimlərinin yaranmasındakı yeri və rolu barədə hələ çox araşdırmalar aparılmalı, çox söz söylənilməlidir. Acı həqiqətsə bundan ibarətdir ki, bunları bizlərin əvəzindən heç bir xalqın alimi yaxud tədqiqatçısı (nə qədər obyektiv birisi olsa belə) etmək istəmir və istəməyəcək – bunu bizlər özümüz etməliyik.

2004-cü il.

Комментариев нет:

Отправить комментарий