воскресенье, 5 января 2014 г.

TARİXİMİZƏ YAMAQ -- SURAXANI ATƏŞGAHI


“Onların halı od yandıran şəxsin halına bənzər. 
Od ətrafındakıları işıqlandırdığı zaman Allah   
onların işıgını keçirər və özlərini zülmətdə         
qoyar, görməzlər.”                                                  
(Qurani-Kərim, Əl-Bəqərə surəsi, 17-ci ayə).

Bakı yaxınlığında adına Suraxanı Atəşgahı deyilən bir məbəd var. XIX əsrdə Bakıya ticarət məqsədilə gələn beş-üç Hindistanlı tacirin torpaqdan çıxan yanar odun yan-yörəsində tikdirdiyi yarı-karvansara formasında bir məbəd.
Bəzi hücrələrinin qapılarının üzərinə hind əlifbası ilə yazılar qeyd olunmuş daş plitələr qoyulub. Babaları Əhəməni və Sasanilər dönəmindən qalma atəşpərəstlik dininə inanmış hindlilərdən, puştunlardan, perslərdən və digər enlituman xalqların nümayəndələrindən kimin yolu buralara düşübsə, Bakıdan kənarda yerləşən bu “od məbədi”ndə qonaq düşüb. Amma ilahiləşdirilən odun ətrafında müntəzəm cəm olub ayinlər yerinə yetirmək bu tacirlərə qismət olmayıb, çünki o məkanın od məbədinə çevrilməsindən çox keçmədən yanar od əbədilik sönüb. Sovet dönəmində həmin məbədə qaz boru xətti çəkilərək həmin ərazi zir-zibildən təmizlənib və muzey kimi istifadə olunmağa başlayıb. İndi də xaricdən, xüsusən də Hindistandan əcnəbi qonaq-filan Bakıya gələndə və atəşgahı görmək üçün Suraxanıya təşrif buyuranda həmin atəşgahın işçiləri buna bənzər daha böyük bir atəşgahın nə vaxtsa Şubanıda olmasından danışır, sonra “Azəriqaz”ın verdiyi qazı yandırmaqla qonaqlarda təəssürat oyatmağa çalışırlar. 

Bu gün Azərbaycanın televiziya kanalları və KİV-lərində tarixi-memarlıq abidələrimizdən danışılarkən nə hikmətsə hətta bəzi milli dünyagörüşünə malik ali savadlı jurnalistlər də daim həmən bu Suraxanı atəşgahını göz önünə gətirirlər və bu abidəni dürlü-dürlü sözlərlə Azərbaycanın şanlı-möhtəşəm keçmişinə calaq edirlər. 

Adı çəkilən məbəddə nə qədər axtarsan da, Türklüyə, Azərliyə məxsus bir nəsnə tapmazsan. Yalnız bir simgə - atəşgahın mərkəzindəki qübbənin yuxarı hissəsində qədim türklərə aid Artar (qamalı xaç yaxud svastika) diqqəti cəlb edər, o da sırf Hindistan məbədlərində istifadə olunduğuna görə həkk edilib, türklük nişanəsi olaraq yox. Eyni qamalı xaç Qobustandakı Cingirdağ yaxud Cingirtaş adlanan yerdə qayalığın yuxarısında 10-12 min il əvvəl babalarımız tərəfindən həkk olunmuşdu. Amma onu oraya həkk edən ulularımız o simgəni başqa mənada qəbul edirdilər.
Qobustandakı Cingirtaş.
Azərbaycandakı qamalı xaçın on iki min il tarixi var, bəs Hindistandakıların neçə ildir yaşı? Kimlər kimdən əxz edib, götürüb və özününküləşdirib bu simgəni?

Beləcə, Suraxanı Atəşgahı Azərbaycan türkünün neçə min illik tarixinin təhrif olunmasının bir simvolu halını alıb artıq. Millətimizin qədim və möhtəşəm tarixi vardır deyə yazırıq hər yerdə. Bu cümlənin ardınca Suraxanı atəşgahı haqda danışmaq, bu abidənin Azərbaycanın simvolu kimi təqdim olunması əslində tariximizi təhrif etmək deməkdir. Əgər 5-3 nəfər Hind taciri torpaqda yanan təbii alova qeyri-adi nəzərlərlə baxaraq o yeri ilahiləşdiribsə, bu o demək deyil ki, bizlərin babalarının da baxışları bu cür olub. 

Haşiyə: Atəşgah – od məbədi anlamına gəlməklə oda İlahi kimi sitayiş edənlərin yəni atəşpərəstlərin ibadət məkanı deməkdir. Əhəmənilər dönəmində perslər artıq dünyasını dəyişmiş Azərbaycan qamı Zərdüştün (Azər-i-dust – Dost olan Azərin) fikirlərini kökündən təhrif edərək onun adından pəhləvi dilində “Avesta” mətnləri yazdılar, bu mətnlərə özlərinin anormal milli yaşam tərzi normalarını yerləşdirdilər və atəşpərəstlik dinini dövlət dini elan etdilər. Ərsaqların (dünya elmi Arşakilər deyər) 200 illik hakimiyyəti bu gedişatı durdurmağa cəhd etsə də, Sasanilərin 224-cü ildə İran yaylasında hakimiyyəti ələ keçirməsindən sonra atəşpərəstlik yenidən və Əhəmənilər dönəmindəki kimi zorla, qan gücünə bölgədə yayılmağa başladı və imperiyanın dövlət dini elan olundu. Tək Tanrı inancına sadiq qalıb bu dini qəbul etmək istəməyən hər kəsin - minlərin, onminlərin boynu vuruldu, nəsli kəsildi. Zərbənin ən dəhşətlisi təbii ki Azərbaycan türkünə dəydi. Hətta Sasanilərdən vassal asılılığında olan quzeydəki İsəvi dinli türk Alpaniyasının mərkəzində atəşpərəstlərin Azərgəşəsb adlı baş məbədi yerləşdirildi – taxta çıxarkən başına tac qoymaq üçün buraya gəlib ayinlər icra edən Sasani şahları bununla işğal altında tutduqları Azərlərin bitmək bilməyən etirazlarını yumşaltmaq niyyəti güdürdü, hətta o məbədin kəlləsinə Azərlərin istəyilə Aypara simvolu da həkk edildi. Ancaq millətin başbilənləri ölkənin hər tərəfində tikdirilən od məbədlərinə perssayağı “Atəşgah” demədilər, “Atəşgədə” dedilər. Atəşgədələr atəşə inanan gəgə-güdənin toplaşdığı məkan kimi qaldı xalqın yaddaşında...

Babalarımız! Heç oxşamırıq onlara! Oxşaya bilmirik! Çox uzaq düşmüşük baba genlərindən. Bu gün o babaların nəvələrinə “atəşpərəstlik sənin dinin olmayıb” deyə bilmirik. O qədər yadlaşma gedib ki, təmizqanlı Azər türkü olan insanları belə inandırmaq çətindir. Beyinlərdə sasani toxumu və sovet "suvarma sistemi" hələ də qalmaqda. Novruz tonqallarını atəşpərəstliklə əlaqələndirəcək qədər korşalıb yaddaşımız. Perslər Allah saydıqları odu görəndə yaşmaqlanardılar, onların fikrincə, “insanın murdar nəfəsi Allah olan oda toxunmamalıdır.” Bizimsə babalar Novruz tonqalından atlanar, “ağırlığım-uğurluğum burda qalsın” deyər, geridə qalan ilin ağırlığını, dərd-azarını həmin tonqala tökərdi...

İçində heç bir İlahi nişanə görülməyən Suraxanı Atəşgədəsi Azərbaycan türkünün tarixində yamaq kimi də qalır. Kim nə qədər özümüzünküləşdirmək istəsə də, xeyri yoxdur. Olmayacaq. Bu, yad nəsnədir. Oda Allah demək, atəşə sitayiş obyekti kimi baxmaq şeytana xidmət etməkdən (inandığımız dində şeytanın oddan yaradıldığı göstərilməyibmi?), Allaha şirk qoşmaqdan başqa bir şey olmaz. Azərbaycan türkü heç vaxt başqaları kimi dağıdıcı olmayıb, qoruyucu olub. Dağıtmayaq, saxlayaq, amma bizə aid olmadığını da unutmayaq, qonaqpərvərliyimizin bir rəmzi olaraq tanıdaq buraya gələn hər kəsə. İçimizdəki Tək Tanrı, Bir olan Allah sevgisi ilə baxaq dünyaya, pars-pəhləvi düşüncəsinin prizmasından yox.


25/03/2010

Комментариев нет:

Отправить комментарий