понедельник, 6 января 2014 г.

TARİXİ YADDAŞIN BƏRPASI



“Yaxşı əməl sahibi olub özünü       
Allaha təslim edən, İbrahimin hənif 
millətinə tabe olan şəxsdən din       
 etibarilə daha gözəl kim ola bilər?  
Həqiqətən Allah İbrahimi (özünə)   
dost tutmuşdur!”                            

(Qurani-Kərim, Ən-Nisa surəsi,        
125-ci ayə).                                    


Babalarımızın tarixindən bilmədiklərimiz çox şey var. Üzərimizdə aparılan eksperimentlərlə bizi öz babalarımızın izlərini belə duya bilməyəcək bir duruma düşürüblər. Tarixi yaddaşı silinmiş millətlər artıq kütlədən fərqlənmir, onu hansı tərəfə istəsən yönləndirə bilərsən. Bizləri uzun illər boyu bu cür idarə etdilər. Tarixindən xəbərsiz bir kütlə kimi. İndi bu millətə gerçək kimliyini anlatmaq üçün alimlərin, ziyalıların və tədqiqatçıların hədəfdən yayınmadan gərgin çalışmalarına ehtiyac var.

Keçmişdəki izlərimizi cidd-cəhdlə axtarmaq gərəkdir. Gerçək keçmişimizdən bu günümüzə gələn yolu arıtlayıb təmizləsək, sabaha gedən yolumuzda yenilməyəcəyik. ”Dünən dünəndə qaldı, sabahımızı düşünək” deyənlərin fikrində düzəldilməsi mütləq olan bir yanlış məqam var – sabah bu günün üzərində qurulur, bu günümüzsə dünənin. Dünənsiz sabah yoxdur. Dünənini bilməyənin sabahı da həmçinin.

Mənbələr müxtəlif yönlərdən araşdırılmaqdadır indi. Hər mənbə, hər tarixi məxəz bir sirr dağarcığıdır. İllər uzunu mövcud olan mənbələrin məlumatları ya bizlərdən gizlədilib, ya da təhrif olunmuş halda, ana xətti göstərilmədən millətə təqdim olunub. Ona görə də bu günə kimi bir çox dönəmlərdə babalarımızın yaşam və mücadilə amalları ilə bu günümüzün əlaqəsini qura bilməmişik. Yaxın 10 illik dönəm istisna olmaqla bu günədək aparılmış tədqiqat və araşdırmalarda o qədər qərəz, o qədər siyasi şəraitdən çıxış etmə halları, o qədər tərəflilik var ki, millətin təmsilçiləri artıq hər addımda “gerçək olan nədir?” sualı ilə başbaşa qalır. 

Mənbələrdə babalarımızla, torpağımızla ilgili xeyli geniş əhatəli bilgilər var ki, bunların bir çoxundan xəbərimiz yoxdur. Babaların qılınclarının səsi azı 4000 il öncəki tarixi mənbələrdən, daş kitabələrdən gəlir. Yad mənbələrdə əcdadlarımızın izlərini aramaq bizi bir çox sualların cavabı ilə qarşılaşdıra bilər. Biz kimik? Nədən buradayıq? Bizi “biz” edən dəyərlər hansıdır? Bu günümüzə gələn yolumuza daş qoyanlar kimlər olub? Bunları araşdırmadan, öyrənmədən nə dünyanın gözündə hansı pillədə qərar tutduğumuzu, nə də hansı dəyərlərlə sabaha doğru gedəcəyimizi bilməyəcəyik.


10/07/2012

Комментариев нет:

Отправить комментарий