понедельник, 6 января 2014 г.

İSLAM və HİRA MAĞARASI



“Onları və Allahdan başqa tapındıqları tanrıları tərk   
edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz 
sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin     
üçün fayda hazırlasın.”                                            

(Qurani-Kərim, Əl-Kəhf surəsi, 16-cı ayə).                


Gerçək İslamın mahiyyəti Hira mağarasına bağlıdır. Haradır Hira mağarası? Bəşəriyyətə son peyğəmbər olaraq gələn Hz.Muhəmməd (s) niyə ilk vəhyi məhz Hira mağarasında alıb? Nə gəzirdi peyğəmbər Hira mağarasında? İlk ayələr peyğəmbərə evində oturduğu əsnada, yuxuda ikən, karvanla səfərə çıxdığı zaman gələ bilməzdimi? Nədir bu mağaranın hikməti? Təəssüf ki, 1400 illik tarixi olan və bu gün sayı dünya üzrə bir milyardı çoxdan aşmış İslam ümmətində çox az adam bu sualların cavabını bilir.



Hira mağarası nübüvvətin (peyğəmbərliyin), Hatəmül-Ənbiyalığın başlanğıc nöqtəsidir. Eyni zamanda, gerçək İslamın sufi yolundan ibarət olmasının ilk və təməl göstəricisidir. Hər şey burdan başlandı 610-cu ildə. Rəsulallahın 40 gün xəlvətə çəkilməsindən başlanır İslamın yenidən bərqərar oluşu. Hz.Nuhun, Hz.İbrahimin, Hz.Musanın, Hz.İsanın da həyatında bu “40 gün”lərə və xəlvətə rast gəlinir. Və sufilərin 40 gün dağ başında, mağaralarda, xanəgahlarda bir köşədə xəlvətə çəkilərək “çilə çıxarmasını” xatırlayaq. Bu mənada Hira əslində İslamın bəşəri-ruhani mahiyyətinin gizlinlərini öz içində barındırır. Qəlbimizin Hirasına daxil olaq, orda ruhən xəlvətə çəkilək və ordan baxaq bu günkü dünyaya – “nədir İslam?” sualının cavabı burdan daha aydın görünəcək. 

Nədir gerçək İslam – xilafət uğrunda bitib-tükənməyən savaşlarmı, şəriət mollalarının qoyduğu və böyük qismi müqəddəs Quran-Kərimlə təsbit olunmayan yasaqlarmı, müctəhidlərin və üləmanın çoxu bir-birini təkzib edən ziddiyyətli fətvalarımı, peyğəmbərin və ünlü səhabələrin adına istinad edilən mübahisəli və bir çox hallarda saxta çıxan hədislərmi, cəmiyyətin Kərbəlanın uca şəhidlik məqamını baş yarmaq, zəncir vurmaq yolu ilə dərk etmək istəyimi, bidətlərlə dolu mərasim, ayin və ibadətlərmi, Allahın pak bəndə olaraq qərar verdiyi övliyalarının məzarlarını fərdi biznes yerinə döndərib pul qazanmaqmı, şəffaflıqdan xali olan saysız-hesabsız nəzir qutuluarımı, Səudun Ərəbistanından, İrandan, Türkiyədən bizlərə təqdim edilənlərmi yoxsa... Hirada bunların heç biri yox idi. Nə bəndə ilə Allah arasına girənlər vardı, nə Allahın ismini öz düşüncələrinə şərik edənlər...

Peyğəmbərin nübüvvət missiyasının başlandığı Hirada Cəbrayılın gəlişi ilə gerçək İslamın kitabı da, hikməti də aşikar olub, bəşəriyyətə burda “Oxu! Yoxdan yaradan Rəbbinin adı ilə oxu!” (Ələq surəsi, 1) mesajı verilib. Hz.Əli bin Əbu Talibin “özünü dərk etməyən Allahı dərk edə bilməz” kəlamındakı hikməti anlamadan gerçək İslamı anlamaq müşkül məsələdir. Bir mömin müsəlman İslamı olduğu kimi dərk edib Allaha yaxınlaşmaq üçün Peyğəmbərin həyatını, davranışlarını, əxlaqını, yaşam tərzini örnək almaq barədə Qurani-Kərimin tövsiyələrini əsas götürmək istəyirsə, ilk növbədə Hz.Muhəmməd (s)-in nübüvvətindəki Hira hikmətini və Hz.Əli bin Əbu Talib (ə)-ın Vəlilik məqamını özü üçün aydınlaşdırmalıdır. Hər şeydən əvvəl, nəfsani istəklərdən arınmaq, cismin arzularına bacardıqca zəncir vurub ruhun tələbatını düşünmək və bu yolda Allahın yuxarıda adları çəkilən pak qullarını dərk etməkdir gerçək İslamın yolu. “Artıq haqq batildən ayırd edildi” (Əl-Bəqərə surəsi, 256) deyən Allah hər bir əməlisaleh müsəlmanı bu yolun yolçusu qərar versin. 



19/08/2012

Комментариев нет:

Отправить комментарий